|
Bu gün milli-azadlıq hərəkatının rəhbərlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatının 18-ci ildönümüdür.
Kult.az xatırladır ki, Elçibəy 1938-ci ilin iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olan sabiq prezident 1962-ci ildə təhsilini tamamlayaraq təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. O, 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilib, 1965-ci ildə isə ölkəyə dönərək ADU-nun aspiranturasına daxil olub. 1968-ci ildə aspirantura təhsilini uğurla tamamlayıb.
Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə qiyamı ilə əlaqədar paytaxtı tərk edərək Kələki kəndinə gedib. O, daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
Qeyd edək ki, 2000-ci il avqustun 22-də, 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edən Elçibəy Fəxri Xiyabanda dəfn edilib.