|
Dövlət qurumlarında çalışan onlarla casusun kimliyini müəyyənləşdirərək həbs etmişik.
Axar.az xəbər verir ki, bu sözləri İranın Kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Mahmud Ələvi dövlət qurumlarında çalışan və xarici dövlətlərə casusluqda şübhəli bilinən onlarla şəxsin həbs edilməsindən danışarkən deyib. O, tutulanların adlarını, nə vaxt həbs edildiklərini və onların hansı xarici ölkələrin xeyrinə casusluq etdiyini açıqlamayıb:
“Biz casusluq etməyə potensial imkanı olan şəxslərə qarşı nəzarəti gücləndirib, onları daim nəzarətdə saxlayıb, vaxtı çatanda isə hərəkətə keçmişik. Düşmənlərin bu sahədə hər hansı bir addım atmasına imkan verməyəcək, onların qarşısını alacağıq. Qanunun qoyduğu qadağaya görə, ikili vətəndaşlığı olan şəxslərin dövlət qurumlarında işləməsinin qarşısını alır, rəhbər vəzifələrdə çalışanlardan kiminsə ikili vətəndaşlığa malik olduğunu öyrənən kimi, həmin şəxsi işdən çıxarırıq”.
Xatırladaq ki, İranın hüquq-mühafizə orqanları müxtəlif dövlət qurumlarında çalışan onlarla əcnəbi casusu yaxalayıb.