|
ABŞ-ın İrana qarşı sanksiyaları çoxsaylı dünya şirkətlərinin bu ölkəni tərk etməsinə səbəb olub. Sanksiyaların anonsu verilən may ayından bəri iqtisadiyyatın müxtəlif sahələrində işləyən onlarla şirkət İranla əməkdaşlığı dayandırdığını bəyan edib.
Danimarkanın “Maersk Tankers” naviqasiya şirkəti ABŞ sanksiyalarının bərpası ilə əlaqədar İrana yük gəmilərinin göndərilməsini dayandırıb və qüvvədə olan bütün müqavilələri 4 noyabradək ləğv edəcək. Danimarkanın digər naviqasiya şirkəti “Torm” isə payızı gözləmədən İrandakı bütün biznesini may ayından bağlayıb.
Uzun illərdir ki, neft və qaz istehsalı üçün Tehranı texniki avadanlıqla təchiz edən, iqtisadiyyatın bir çox sahələrində fəaliyyət göstərən nəhəng Avropa şirkəti “Siemens” də İranlı müştərilərindən yeni sifarişlər götürməyəcək.
Fransanın neft-qaz nəhəngi “Total” da İranla əməkdaşlığı dayandırır. “Şirkət ”Cənubi Pars" layihəsində iştirakını davam etdirə bilməyəcək. Qeyd edək ki, “Total” “Cənubi Pars” layihəsinə artıq 50 milyon dollar sərmayə yatırıb. Layihənin ümumi dəyəri isə 2 milyard dollardır.
Bundan əlavə, Avropanın üç nəhəng aviasiya şirkəti - “British Airways”, “Air France” və “KLM” şirkətləri sentyabrdan İrana uçuşları dayandıracaqlarını bildiriblər. Həmçinin iri avtomobil şirkətləri də İrandakı işlərini dayandırdıqlarını elan ediblər.
Maraqlıdır ki, Avropa Birliyi ABŞ sanksiyalarına nəinki qoşulmayıb, hətta Tramp İranla nüvə sazişindən çıxdığını elan edən zaman İranla əməkdaşlığı dayandırmayacağını elan edib. Mayın 15-də Brüsseldə toplaşan Avropa ölkələri İrana zəmanət veriblər ki, ABŞ sanksiyalarına baxmayaraq, nüvə razılaşmasında qalan Tehranın iqtisadi zərərlə üzləşməməsi üçün tədbirlər görəcəklər.
Eyni zamanda İranla işləyən Avropa Birliyi şirkətlərini sanksiyaların təsirlərindən qorunması üçün addımlar atılacağı bildirilmişdi. Lakin sanksiyaların ilkin mərhələsinin qüvvəyə minməsi ilə şirkətlərin İrandan böyük köçü sürətlənib. Avropa Birliyi ABŞ sanksiyalarına qarşı niyə müqavimət göstərmədi? Onlar İrandan könüllü gedir, yoxsa ABŞ-ın təzyiqi ilə? Avropa şirkətlərinin qorunması üçün hər hansı addımlar atılmadı?
Sualları cavablandıran politoloq Şahin Cəfərli deyir ki, əslində Avropa Birliyi ABŞ-ın İrana qarşı sanksiyalarına bacardığı qədər müqavimət göstərməyə çalışdı: “Məsələn, ABŞ-ın İrana qarşı sanksiyalarının ilk mərhələsinin qüvvəyə mindiyi 7 avqust tarixində Avropa Birliyi özünün xüsusi reqlamentini işə saldı və ABŞ sanksiyalarını birlik ərazisində etibarsız elan edərək blokladı. Bu reqlament Avropa şirkətlərinə ABŞ sanksiyalarına əməl etməyi, eləcə də istənilən xarici ölkə məhkəməsinin bu sanksiyalar əsasında çıxardığı qərarları yerinə yetirməyi qadağan edir.
Sənəddə Avropa biznesinin ABŞ sanksiyalarının təsirindən qorunmasının 2 istiqaməti göstərilir: Birincisi, sanksiyalardan zərər çəkən şirkətlərə kompensasiya ödənilməsi; İkincisi, sanksiyalardan zərər çəkən şirkətlərin ABŞ-a qarşı məhkəmə iddiaları qaldırıb, kompensasiya tələb etmələri. Lakin bu reqlamentin konkret icra mexanizmləri haqda heç nə məlum deyil. Belə bir mexanizm çox güman ki, yoxdur. Məsələn, şirkətlərin zərərləri hansı mənbədən ödəniləcək və Amerika hökumətini məhkəməyə verməyin hüquqi perspektivləri nədir? Bu suallara konkret cavab yoxdur. Həmin bloklayıcı reqlamentin nə dərəcədə ciddi olduğunu İranda biznesi olan iri Avropa şirkətlərinin son davranışlarından görürük. Onlar İran bazarını tərk etməyə başlayıblar. Niyə? Çox sadə səbəbə görə: Avropa şirkətləri İrana görə nəhəng ABŞ bazarından və ABŞ bank sistemi vasitəsilə əməliyyatlar aparmaqdan məhrum olmaq istəmirlər".
Ekspertin sözlərinə görə, Avropanın demək olar ki, bütün iri və orta səviyyəli korporasiyaları həm də ABŞ-da fəaliyyət göstərirlər: “Onların bir çoxunun ABŞ-da şöbələri, törəmə strukturları, istehsal müəssisələri, yerli şərikləri var. Bu korporasiyaların hamısı avro ilə yanaşı, ABŞ dolları ilə də ticarət aparır, ödənişlər həyata keçirirlər. Əgər ABŞ dolları ilə ticarətiniz varsa, bu valyuta ilə tranzaksiyalar həyata keçirirsinizsə, deməli, ABŞ bank sistemindən istifadə edirsiniz. Dünyanın istənilən yerində dollarla köçürmələr ABŞ bank sistemindən keçərək gerçəkləşir. Məsələn, Azərbaycanın bir bankından başqa bir bankına dollarla ölkədaxili köçürmə edirsinizsə, bu əməliyyat da ABŞ bank sistemindən keçməklə gerçəkləşir, bəsit dildə desək, məbləğ virtual olaraq Azərbaycandan çıxır, Amerikaya gedir və yenidən Azərbaycana qayıdır. ABŞ şübhəli gördüyü köçürmələri bloklamaq imkanına malikdir. Bütün bu səbəblərə görə Avropa biznesi ABŞ-ı itirməyi və onun qəzəbinə gəlməyi gözə ala bilməz.
Avropa bank sistemi FED (ABŞ Federal Ehtiyat Sistemi) ilə sıx əlaqəlidir və ABŞ qanunvericiliyinə zidd istənilən addım cərimələrdən tutmuş, onların aktivlərinin dondurulmasına, dollar əməliyyatlarının dayandırılmasına, ABŞ-dakı törəmə şirkətlərinin və filiallarının bağlanmasına qədər, müxtəlif cəzalarla nəticələnir".
Ş.Cəfərli onu da bildirir ki, ötən illərdə sanksiyalardan yayınan, müəyyən gizli əməliyyatlar aparan Avropa bankları olub. Lakin ABŞ bunu öyrəndikdə həmin qurumlara ciddi cərimələr kəsib və onlar da bu cərimələri ödəmək zorunda qalıblar: “Məsələn, 2012-ci ildə Britaniya bankı HSBC 1,9 milyard dollar, 2014-cü ildə isə Fransa bankı ”BNP Paribas" ABŞ tərəfindən 9 milyard dollar miqdarında cərimə edilib. Yüz milyonlarla dollar həcmində cərimə olunan Avropa bankları da var. 2017-cu ildə AB ilə İran arasında ticarət dövriyyəsi 25 milyard dollar təşkil edib, bu, təbii ki, az rəqəm deyil. Lakin AB-nin ABŞ-la ticarət dövriyyəsi bundan dəfələrlə çoxdur və üstəlik, Avropanın xeyrinə 100 milyard dollarlıq müsbət saldo var. Hazırda Tramp ölkəsinin zərərinə olan bu disbalansı aradan qaldırmağa çalışsa da, Amerika ilə ticarətin, ümumilikdə müttəfiqlik əlaqələrinin Avropa üçün önəminin azalmasından danışmaq mümkün deyil".