|
Prezidentin və birinci vitse-prezidentin köməkçilərinin sayının artırılması bu modeli yada salır.
Xəbər verildiyi kimi, iki gün öncə Emin Hüseynov və Xalid Əhədov birinci vitse-prezidenti Mehriban Əliyevaya köməkçi təyin ediliblər. Bununla da Azərbaycanın birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb. Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusif Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.
Beləliklə, birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatdırıldı. Ölkə prezidentinin də köməkçilərinin sayı son illərdə aparılan struktur islahatları çərçivəsində artırılıb. Prezidentin və birinci vitse-prezidentin köməkçilərinin sayının çox olması ABŞ modelinə bənzər idarəçilik modeli kimi qəbul edilir.
Bu barədə “Yeni Müsavat”a şərhində Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva öncə bildirdi ki, ilk dəfə ABŞ-da yaradılmış vitse-prezidentlik institutu hazırda dünyanın 70-ə yaxın ölkəsində dövlət idarəçiliyində tətbiq olunan uğurlu bir təsisatdır və bu ölkələrin böyük əksəriyyətində Azərbaycan Respublikasındakı kimi prezident üsul-idarəsi mövcuddur. Vitse-prezidentlik institutu Azərbaycanın Konstitusiya sistemində yeni institutdur və 16 sentyabr 2016-cı ildə keçirilən referendumda Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələri təsis edildi. Yenilənmiş konstitusiyanın müddəalarına görə Birinci vitse-prezident və digər vitse-prezidentlərin köməkçilərinin sayında məhdudiyyət yoxdur: “Azərbaycanda dövlət idarəetməsi islahatlarının bir hissəsi kimi yaradılmış vitse-prezidentlik institutunun əsas məqsədi ölkənin sabit inkişafına xidmət edəcək çevik idarəçilik sisteminin təmin olunması və inkişaf etdirilməsi, həmçinin siyasi və idarəetmə sistemindəki stabilliyin qorunması, həyata keçirilən islahatların daha sürətləndirilməsi üçün prezidentlik institutunun gücləndirilməsinə xidmət məqsədi daşıyır. Bunun üçün də təbii ki, həm prezidentin, həm də birinci vitse-prezidentin köməkçilərinin sayının müxtəlif mühüm sahələr üzrə peşəkarlardan ibarət formalaşdırılması zərurəti var və atılan addımlar da bu zərurətdən irəli gəlir. Vitse- prezidentlik institutunun mövcud olduğu ölkələrdə adətən bu postlara yüksək biliyə, təcrübəyə malik şəxslər təyin olunur.
Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçilərinin sayının 6-ya çatdırılması, ölkə prezidentinin də köməkçilərinin sayının son illərdə aparılan struktur islahatları çərçivəsində artırılması daha effektiv idarərçilikdə öz sözünü deyir və deyəcək. Prezidentin və birinci vitse-prezidentin köməkçilərinin sayının çox olması ABŞ modeli kimi qəbul edilsə də, bun oxşar və fərqli cəhətləri vardır. Bu da ABŞ-ın Azərbaycanla müqayisədə çox nəhəng dövlət olması ilə bağlıdır".
Ekspert onu da dedi ki, köməkçilərilə yanaşı birinci vitse-prezidentin keçən bu iki ərzində Qərb təhsilli gənclərdən ibarət katibliyi formalaşıb. Həmçinin vitse-prezidentlik institutu, Nazirlər Kabineti və Prezident Administrasiyası arasında qarşılıqlı işgüzar münasibətlər qurulub, dövlət idarəçiliyinin aktivləşməsi sahəsində fəaliyyət gücləndirilib:“Bu iki il ərzində vitse-prezidentlik institutu struktur olaraq uğurla formalaşıb və proses davam etməkdədir. Vitse-prezidentlik institutu ölkə və cəmiyyətin həyatında həssas və mühüm məsələlərin həlli, müxtəlif təbəqələrin problemlərinin tənzimlənməsi ilə bağlı genişmiqyaslı fəaliyyətlə məşğuldur. Bu fəaliyyətdə peşəkarlardan ibarət köməkçilərin olması da təbii ki, öz sözünü deyir. Dünyanın bir çox ölkələrində özünü uğurla təsdiq etmiş mexanizm olaraq, vitse-prezidentlik institutunun təsis edilməsi Azərbaycanda dövlət idarəetməsini daha da aktivləşdirmək, cevikləşdirmək, mükəmməlləşdirmək, müasirləşdirmək məqsədini daşıdı və bu proses davam edir”.