|
10:36
Azərbaycanın işğal altında olan torpaqlarına ermənilərin təşkilatçılığı ilə son günlərdə gələn şəxslərin kimliyi bir məsələyə xüsusi diqqət çəkməyin vacibliyini göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə Avropa Parlamentinin deputatı Martin Sonnebornun səfərini şərh edən “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. A.Camalqızı bildirib ki, M.Sonnebornun kimliyini müəyyən etmək üçün onun fotosuna baxmaq kifayətdir:
“Artıq bu barədə rəsmi mövqe də var: Sonnobern siyasi təlxək və marginaldır. Erməni lobbisi külli miqdarda pul xərcləsə də, yalnız Sonnobernlərin Dağlıq Qarabağa qanunsuz səfər etməsinə nail ola bilir. Bu fakt Ermənistan xarici siyasətinin necə iflasa uğradığını və işğalçılığın artıq dünyanın mötəbər qurumları və şəxsləri tərəfindən daha açıq şəkildə dərk edildiyini üzə çıxarır. Digər tərəfdən isə bu, qarşımızda necə təhlükəli bir düşmənin olduğunu göstərən faktdır”.
A.Camalqızı bir neçə gün öncə ABŞ-da yaşayan erməni milyonçu Den Bilzeryanın Qarabağa gəlməsinə diqqət çəkib:
“Den Bilzeryan dünyaca məşhur qumarbazdır, açıq-saçıq və qeyri-normal həyat tərzi ilə gündəmdədir. Onun atası Pol Bilzeryan külli miqdarda pul mənimsədiyinə və fırıldaqçılığa görə həbs həyatı yaşayıb. Kriminal bir ailədə böyüyən bu şəxs pleyboy kimi də məşhurdur və yarıçılpaq qızların əhatəsində nümayiş etdirdiyi pul görüntüləri ilə sosial şəbəkələrin “fenomeninə” çevrilib”.
Fikir verdinizsə, erməni mediası bir neçə gündür Den Bilzaryanın İrəvanda bütün addımlarını – özü ilə gətirdiyi qızların küçədəki pozlarına qədər – manşetlərə daşıyır və bunu böyük piar sayır. Xatırlayırsınızsa, bir müddət öncə Kim Kardaşyan da Ermənistanda bu cür təntənə ilə qarşılanmış və onun “siyasi mövqeyi” böyük bir hadisə kimi təqdim edilmişdi. Yəni Ermənistanın son bir ildə təmtəraqla qəbul etdiyi “məşhur simaları” Kim Kardaşyan və Den Bilzeryandır. Qadınları Kim Kardaşyan, kişiləri isə Den Bilzaryanın simasında ümumiləşdirilən, bu cür “şəxsiyyətləri” ilə fəxr edən adamların hansı həyasızlığa qadir olduğunu təsəvvür etmək çətin deyil. Ona görə hesab edirəm ki, bu əxlaqda olan bir düşmənlə üz-üzə qaldığımızın fərqinə varmalı və buna həm də media olaraq hazır olmalıyıq”.