|
Erməni KİV-də eks-prezidentlər Serj Sərkisyan və Robert Köçəryan arasında gərginliyin azaldığına dair məlumatlar yayılır.
Əslində, erməni mətbuatında bu cür məlumatların verilməsindəki əsas səbəb Sərkisyan və Köçəryan ittifaqını görmək istəmələri ilə əlaqəlidir.
Axar.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, xüsusilə, Ermənistan Respublikaçılar Partiyasının nümayəndələrinin bu barədə canfəşanlıq göstərdiklərini söyləmək yerinə düşər:
"Təbii ki, məqsəd Paşinyana qarşı mübarizədir. Sərkisyan-Köçəryan ittifaqı reallaşarsa, böyük ehtimal ki, köhnə hökumət nümayəndələri də bu ittifaq ətrafında toplaşacaq. Müxalifətin yeni hökümətə qarşı birləşməsi həmçinin Ermənistan daxili siyasətində qütbləşməyə gətirib çıxaracaq və beləcə mübarizə köhnə hakimiyyət nümayəndələri ilə yeni hökumət nümayəndələri arasında gedəcəkdir. Lakin hazırda qəti olaraq kim kimlə mübarizə aparır, kim kimin yanındadır, tam olaraq söyləmək çətindir".
Analitik vurğulayıb ki, Sərkisyan-Köçəryan ittifaqı baş tutsa belə, lazımi nəticəni əldə edə bilməyəcək:
"Bu ittifaq uğursuzluqla nəticələnəcək. Digər tərəfdən, bu ittifaqın baş tutacağı ehtimalının da yüksək olduğunu düşünmürəm. Belə ki, müxalifət özü belə vahid siyasi iradə nümayiş etdirə bilmir. Paşinyana qarşı real namizəd olaraq hazırda Ermənistanın 4-cü prezidenti kimi fəaliyyət göstərən Armen Sərkisyan ehtimalını yüksək dəyərləndirirəm".