|
Başqalarını bilmirəm, Lütfi Zadənin qəbirüstü abidəsi çox xoşuma gəldi.
İlk dəfədir ki, ölkədə qeyri-standrt bir abidə gördüm.
Bu əsərdə hər şey var: təsviri verilən adamın peşəsi, iradəsi, əzmi, fəaliyyət yolu, düşüncəsi, çətinlikləri...
O bir qapı açır – həm də iki əliylə. Çünki bu asan açılan qapı deyil, elm qapısıdır, gələcəyə açılan qapıdır. Bəşəriyyətin bir addım daha irəli getməsinin önündə duran qapıdır. Onu açmaq üçün təkcə iki əlin gücü bəs etmir, həm də beyinin gücünə ehtiyac var və o beyin, o baş, ölçüsündən asılı olmayaraq Lütfi Zadədə vardı.
Heykəltəraş onun şəxsiyyətinə bu prizmadan baxıb və ortaya unikal bir sənət əsəri qoyub.
Bəs bizdə bu əsər niyə birmənalı olaraq təqdirlə qarşılanmadı?
Bunun ən azı iki ciddi səbəbi var.
Birincisi, rəhmətlik Lütfi Zadənin öz şəxsiyyəti belə bizdə birmənalı qarşılanmamışdı. Bəziləri heç onun alimliyini belə (bilməzlikdən) ciddi qiymətləndirmir, “nə edib ki” deyə cild-cild cavabları ola biləcək ritorik suallar səsləndirirdilər.
Bir çoxları isə böyük alimin şəxsiyyətinə ura-patriotik mövqedən yanaşırdılar. Niyə Lütfi Zadə sağlığında Azərbaycana kömək etməyib – xüsusilə də Qarabağ məsələsində? Bu, təxminən ağırlıqqaldırma üzrə atletdən sprinter Hüseyn Boltun rekordunu qırmağı (“ikisi də idmançıdır də” prizmasından yanaşaraq) tələb etmək qədər yanlış şey idi. Hər alimin, tanınmış adamın uzman, ekspert olduğu bir sahə var. Lütfi Zadə Qarabağ konflikti haqqında dərin bilgiyə malik deyildi. Onun olduğu ictimai, elmi dairələrdə bu mövzu heç vaxt müzakirə olunmayıb.
Həm də o, elə bir ölkənin vətəndaşı idi ki, çox asanlıqla “müstəqil Azərbaycan dövləti və onun siyasi institutları, diplomatik korpusları var, onlar bu məsələdə məndən daha səriştəlidirlər, daha dərin bilgilərə malikdirlər, lazım olanı edəcəklər” deyə düşünə bilərdi. Əslində elə olmalıdır: iki dövlətin arasındakı müharibə siyasətçilərin və hərbçilərin həll edəcəyi məsələdir. Musiqiçilərin, idmançıların, hətta şairlərin bu konfliktə müdaxiləsi “arzu edirəm ki Qarabağ alınsın, gələn ilə bu vaxt Cıdır düzündə məclis təşkil edək” ritorikası ilə məhdudlaşır və bunun hansısa münaqişəyə ciddi təsiri ola bilməz.
Erməni alimləri, akademikləri, şansonyeləri, iş adamları öz əllərinin xamırı, ayaqlarının patavası ilə illərdir bu konfliktə sağdan, soldan, aşağıdan, yuxarıdan, hər yandan hər cür müdaxilə edirlər, nə olur? Həlledici danışıqlara yenə prezident və baş nazir gedir, onlar da nə Qarabağı ala bilirlər, nə də verə bilirlər.
Bu baxımdan Lütfi Zadə, eləcə də digər tanınmış aazərbaycanlılar Qarabağ məsələsindən ötrü nə qədər canfəşanlıq etsələr də, bunun bizə quru təsəllidən başqa bir faydası olmayacaqdı.
Bizdə Lütfi Zadəni məhz bu səbəbdən xor görənlər çoxdur. Bəlkə də onlar bir az haqlıdırlar da. Amma bu məsələni həlledici arqumentə çevirib mərhumun xatirəsini, məzarüstü abidəsini aşağılamaq düzgün deyil. O, bizə heç vaxt mane olmayıb, indi də mane olmur.
Sözü gedən abidənin qəbul edilməməsinin bir mühüm səbəbi də var. Zövqümüz bura qədərdir. Gördüyümüz budur. Sovet dövründən bəri görmüşük ki, hündür bir postament olur, onun üzərində dahi rəhbərlərin normal adam ölçülərindən on dəfə böyük heykəli olur. Heykəldə adam səliqəli kostyumda, uzaqlara baxan, ya da əlini uzadan yerdə təsvir olunmalıydı. Bir zamanlar ölkə Leninin, Kirovun, Nərimanovun bu cür standart heykəlləri ilə doluydu. Sanki hamısı bir qəlibdən çıxmışdı. Çünki standart beləydi. Sovet totalitarizmində heykəl yaradıcılığında improvizəyə imkan yox idi.
Həmin vaxt isə Qərbdə heykəltəraşlar adi məftillərdən, armaturlardan, lay dəmirlərdən, daş-kəsəkdən, tuncdan, gildən, qranitdən, bir sözlə, əyib-düyüb-oyub hansısa şəklə salınması mümkün olan materiallardan müxtəlif görünüşlü abidələr dikəldirdilər. Adam saatlarla baxır, doymur. Bunlar müasir incəsənət əsərləridir və xüsusi muzeylərdə xalqa nümayiş olunur. Maraqlı odur ki, bu cür əsərlər daha çox tamaşaçı toplayır. Çünki standart deyil, hər biri fərqlidir və maraqlıdır.
Bu gün bir jurnalist sosial şəbəkədə Eynşteynin, Saxarovun və Lütfi Zadənin heykəllərinin şəklini paylaşmışdı. Hər üç heykəl özündə bəlkə bir az karikatura elementləri daşıyır, amma maraqlı və unikaldır.
Bu baxımdan Lütfi Zadənin məzarüstü abidəsinin ideya müəllifinə və sənətkarına minnətdarlıq etməliyik ki, onlar müasir incəsənətin tendensiyasını düzgün tutublar və sovet heykəltəraşlığı ənənəsinin çərçivəsini aşmağa çalışıblar. İndi dünyanın hər yerində “danışan abidələr” yaradırlar.