|
1991-ci ilin 3 sentyabrı Azərbaycan dövlətçiliyinə şərəflə yazılmış tarixlərdən biridir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, bu tarixi hadisənin 15 İyun hadisəsi ilə müqayisə edilməsi təsadüfi deyil:
“3 Sentyabr Azərbaycanın ən qədim diyarı olan Naxçıvanın nicatı, xilası və qurtuluşu tarixinin başlanğıcıdırsa, 15 İyun bütövlükdə Azərbaycan dövlətinin qurtuluşu tarixinin başlanğıcıdır. Bu baxımdan onlar bir-birini tamamlayır. 1990-cı il iyul ayının 20-də ulu öndər Heydər Əliyev Moskvadan Bakıya gəldi. Amma onun Bakıda heç 2 gün qalmasına belə imkan vermədilər və iyulun 22-də Heydər Əliyev Naxçıvana qayıtdı. Naxçıvan əhalisi birmənalı şəkildə ulu öndəri çox böyük ruh yüksəkliyi ilə qarşıladı. Xalq öz xilasını yalnız və yalnız Heydər Əliyevdə görürdü. Elə bu səbəbdən də 1990-cı il sentyabr ayının 30-da keçirilən parlament seçkilərində H.Əliyev həm ölkə parlamentinə, həm də Naxçıvan parlamentinə deputat seçildi. Bundan sonra ulu öndərə qarşı mərkəzdən və Azərbaycanın ovaxtkı rəhbərliyi tərəfindən təzyiqlər daha da artmağa başladı. Hər vəchlə xalqın ulu öndərə olan etimadının qarşısını almağa çalışırdılar. Lakin xalq Naxçıvanın xilasının Heydər Əliyevdən keçdiyi fikrində israrlı idi. Bu səbəbdən də 1991-ci il avqust ayının axırında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyevin iştirakına mane olmaq istədilər. Belə ki, onlar Heydər Əlyevin Bakıdan Naxçıvana uçacağı təyyarə reysini belə təxirə saldılar. Növbəti reyslə uçmaq istəyərkən isə ona həmin təyyarə ilə uçmağının mümkün olmadığını bildirdilər. Səbəb kimi isə həmin reysə biletinin olmadığını demişdilər. Lakin bu zaman 53-cü reyslə uçan sadə naxçıvanlıların hamısı öz yerlərini Heydər Əliyevə verə biləcəklərini deyir. Bütün bunlar xalqın Ulu öndərə olan böyük məhəbbət və sevgisi idi. Ovaxtkı Azərbaycan rəhbərliyini də bu sevgi qorxudurdu. Heydər Əliyevin vəzifəyə gəlmək iddiasında olmadığı hər kəsə bəlli idi. Təsadüfi deyildir ki, 1991-ci ilin 3 sentyabr tarixində sessiyanın gedişatında Heydər Əliyev 4 dəfə çıxış elədi və onun namizədliyini müdafiə edənlərə minnətdarlığını bildirərək, sədr seçilmək istəmədəyini bildirdi. Bu vəzifədə olmasa da, öz təcrübəsini, biliyini hər zaman bölməyə hazır olduğunu vurğuladı. Lakin həmin anlarda onminlərlə insan mitinqlər keçirirdi və birmənalı şəkildə Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi. “Xilas, nicat yolu məhz Heydər Əliyevdən keçir” şüarları səngimək bilmirdi. O zamanlar Xalq Cəbhəsi, eyni zamanda, kommunistlər də Məclisdə bir-biri ilə hakimiyyət üstündə dava aparırdı və heç bir kompromisə gələ bilmirdilər. Son nəticədə xalqın iradəsi qalib gəldi və Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi”.
Millət vəkili vurğulayıb ki, əslində bu hadisə xalqın iradəsinin sadəcə rəsmiləşdirilməsi idi:
“Məhz 1991-ci ilin 3 sentyabrından başlayaraq, Naxçıvanın xilasının, nicatının əsası qoyuldu. Təkcə bir faktı söyləmək olar ki, Heydər Əliyev Naxçıvanda ali rəhbərliyə gətirilməsəydi, Dağlıq Qarabağ və dağlıq Qarabağ ətrafındakı torpaqlarımız kimi, Naxçıvan da işğal olunacaqdı. 5,5 min kvadrat kilometrlik Naxçıvanı da itirə bilərdik. Məhz Heydər Əliyevin siyasi iradəsi və xalqına olan məhəbbəti Naxçıvanı xilas etdi. Bu vəzifəyə seçildikdən cəmi 4 gün sonra, yəni sentyabr ayının 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması ilə bağlı Ulu öndər fərman imzaladı. Bununla da Naxçıvanın müdafiəsi tam qanun əsasında və təşkilatlanmış formada həyata keçirilməyə başladı. Bundan sonra Naxçıvanda iqtisadi islahatlara start verildi. Naxçıvan düşdüyü gərgin vəziyyətdən çıxış yolları tapa bildi. Bütün bunlar hamısı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
Millət vəkili qeyd edib ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublıikası adından “sovet” və “sosialist” sözlərinin götürülməsi, üçrəngli bayrağımızın qəbul edilməsi də ulu öndərin adı ilə bağlıdır:
“Naxçıvanın xilasını gördükdən sonra bütövlükdə dövlətçiliyimizin xilası məsələsi gündəmə gəldi. Bu zaman xalqımız birmənalı şəkildə Ulu öndəri müdafiə etdi. 1993-cü ilin 15 İyun hadisəsinin, yəni bizim Qurtuluş günümüzün bazası Naxçıvanda qoyulmuşdu”.