|
Bir dövlətin öz hava hücumundan müdafiə sistemlərini başqa bir dövlətin ərazisində yerləşdirməsi ilə bağlı beynəlxalq hüquqda hər hansı qadağa yoxdur.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Orucun Türkiyənin Rusiyadan alacağı S-400 sisteminin hər hansı problemlərdən sığortalanmaq üçün Naxçıvanda yerləşdirilməsi təklifinə münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. F.Mehdiyev hazırda Azərbaycan ərazisində xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsinin yolverilməz olduğunu bildirsə də, bunun hərbi konsepsiyamızda dəyişikliklə tənzimlənə biləcəyini vurğulayıb:
“Əgər qanunvericilikdə həmin müddəa ilə bağlı dəyişiklik edilərsə, o zaman Türkiyənin Rusiyadan aldığı S-400 raket sistemlərinin Naxçıvanda yerləşdirilməsi üçün heç bir əngəl qalmayacaq. Azərbaycanda daha əvvəl Rusiyanın radiolokasiya stansiyası olub. Söhbət Qəbələ RLS-dən gedir. Digər tərəfdən, bir dövlətin öz hava hücumundan müdafiə sistemlərini başqa bir dövlətin ərazisində yerləşdirməsi ilə bağlı beynəlxalq hüquqda hər hansı qadağa yoxdur. Məsələn, necə ki, Türkiyə İncirlik bazasını NATO-ya kirayə verib, eləcə də Azərbaycan Naxçıvanda hansısa məkanı Türkiyəyə kirayə verə bilər. Yəni Türkiyə Naxçıvanın bəlli məkanını kirayələməklə orada öz hava hücumundan müdafiə sistemlərini qura bilər”.
F.Mehdiyev hətta S-400-lərin Naxçıvanda yerləşdirilməsinin də Türkiyə ilə NATO arasındakı böhranı tamamilə həll ediləcəyinə inanmır:
“Çünki S-400 raket sistemlərinin NATO-nun müdafiə sisteminə inteqrasiya ola bilməməsi məsələsi var”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli S-400-lərin Naxçıvanda yerləşdirilməsi təklifini müsbət qiymətləndirib və bunun Azərbaycan üçün çox sərfəli olacağını bildirib:
“Əgər belə bir şərait yaranarsa, Bakı bu təklifə həvəslə qoşula bilər. Hətta lazım gələrsə, Azərbaycan həmin S-400-lərin pulunu da ödəyə bilər. Çünki bu sistemlər Azərbaycandakı S-300 “Favorit” zenit-raket kompleksləri ilə eynidir. Üstəlik, Azərbaycana yeni divizion lazımdır. Azərbaycan Türkiyənin sözügedən sistemlərin alınmasında əsas tərəf kimi iştirak edərsə, bu, regionun təhlükəsizliyində də mühüm rol oynaya bilər. Ən əsası bu, Ermənistan üçün də çox ciddi siqnal olar. Türkiyə Qars müqaviləsi üzrə Naxçıvanın təhlükəsizliyinə birbaşa cavabdehdir. Digər tərəfdən son zamanlar Rusiya-Azərbaycan-Türkiyə formatının inkişaf etməsi də bu məsələyə yaşıl işıq yandırır”.
Politoloq bildirib ki, müasir hava hücumundan müdafiə sistemləri sahəsində NATO ilə Rusiya arasında ciddi rəqabət var, o üzdən bu məsələdə hər iki tərəfin razılığı vacibdir:
“Rusiya S-400-ləri Türkiyəyə satarkən, müqavilənin şərtlərinə uyğun olaraq, avtomatik bu sistemlərin başqa bir dövlətin ərazisində yerləşdirilməsində də iştirak edə bilər. Ona görə də bu məsələ ətrafında ilk növbədə Rusiyanın razılığı çox önəmlidir. Nəzəri surətdə bu razılıq mümkün olsa da, praktiki cəhətdən çox güman ki, Moskva ilə əlavə danışıqlara və razılaşmalara ehtiyac yaranacaq. İkinci əsas məsələ isə odur ki, NATO üzvü olan ölkələrin xaricdə hərbi baza yaratması həm də alyansla razılaşdırılmalıdır. Düzdür, NATO çox vaxt bu cür məsələlərin əksinə getmir”.
Qeyd edək ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinun üzvü, millət vəkili Zahid Oruc Azərbaycanın Rusiya ilə Türkiyə arasında S-400 raketlərinin alınması prosesində əsas vasitəçi tərəf kimi iştirak edə biləcəyinə dair təklif irəli sürüb.
Millət vəkili belə olan təqdirdə bir neçə problemin, o cümlədən Türkiyə-ABŞ gərginliyinin həllinin mümkün olacağını deyib.