|
Ehtimal ki, Paşinyana üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi xatırladılır.
Bu sözləri Axar.az-a Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Prezident Vladimir Putinlə Baş nazir Nikol Paşinyanın görüşünə dair bəyanatını şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bunlar daha çox Robert Köçəryanın ölkə sərhədlərini tərk etməməsi ilə bağlı qərarının qəbul olunmasından sonra səslənən fikirlərdir:
“Bu kimi açıqlamalar artıq Rusiyanın Ermənistan baş nazirinə münasibətdə mövqeyini ortaya qoyur. Bu açıqlama sübuta yetirir ki, Vladimir Putinlə görüşdə Paşinyanı kifayət qədər ciddi müzakirə gözləyir. O, daha öncə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə cavab verməlidir”.
Analitik həmçinin Nikol Paşinyanın ABŞ-a edəcəyi səfərdən öncə Rusiyaya çağırılması ilə bağlı fikirlərə də münasibət bildirib:
“Paşinyan BMT Baş Assemblyasının toplantısında iştirak etməsini də hansısa xüsusi dəvət kimi təqdim etməyə çalışır. Bu toplantıda dövlət və hökumət başçılarının iştirak etməsi qeyri-adi bir hadisə deyil. Bu aspektdən də Paşinyanın BMT Baş Assemblyasının toplantısına qatılmasında hər hansı siyasi manevr görmürəm. Əslində bu gün onun siyasi manevr etmək imkanları çox məhduddur. Buna görə də Nyu Yorkda Paşinyanı hər hansı bir sıravi görüşlər və yaxud müzakirələr gözlədiyini düşünmürəm”.
Analitik vurğulayıb ki, Paşinyan və erməni lobbisinin əsas cəhdlərindən biri bu səfər çərçivəsində Ermənistan Baş nazirinin ABŞ Prezidenti Trampla təmaslarına nail olmaqdan ibarətdir:
“Artıq uzun müddətdir ki, bununla bağlı ABŞ mətbuatında, xüsusilə də erməni diasporuna yaxın KİV-lərdə təbliğat aparılır. Paşinyanın siyasi obrazını yaratmağa cəhd göstərirlər. Bütün bunlar indiki şəraitdə Paşinyan üçün müsbət hər hansı bir perspektiv vəd etmir. Çünki o, ölkəsindəki siyasi proseslərə hələ aktiv formada nəzarət etmək gücündə, potensialında deyil. Paşinyanın hər hansı ciddi qərar qəbul etmək imkanına da malik olmadığını görürük. Ona Qərb tərəfdən olan münasibət bu amildən qaynaqlanır. Amma bütün hallarda Nyu Yorka səfəri Paşinyan üçün nəzərdə tutulmuş hər hansı bir proqramın həyata keçirilməsi ilə bağlı deyil”.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Prezident Vladimir Putinlə Baş nazir Nikol Paşinyanın görüşündə açıq və ciddi danışığın aparılacağını gözlədiklərini bildirib.