|
Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin vəfatından 1 il ötür.
Kult.az xəbər verir ki, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 2017-ci il sentyabrın 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.
Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.
1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. Son vaxtlara kimi L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.
Ömrünün sonuna qədər Kaliforniyada yaşayan L.Zadə xəstəliyi ərəfəsində vəsiyyət hazırlayaraq, Azərbaycanda dəfn edilməsi istəmişdi. Professorun məktubu onun oğlu Norman Zadə tərəfindən imzalanmışdı.
Bu vəsiyyətə əsasən L.Zadənin nəşi 29 sentyabr tarixində Bakıya gətirildi və Fəxri Xiyabanda torpağa tapşırıldı.
Qeyd edək ki, Lütfü Zadənin qəbirüstü abidəsi xalq rəssamı Ömər Eldarov tərəfindən hazırlanıb.