|
Həm Azərbaycanın tranzit bir ölkə olması, eyni zamanda, Avropa İttifaqına daxil olan bir dövlətlə münasibət qurmaq Azərbaycan və Xorvatiya üçün çox mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
“Azərbaycan-Xorvatiya münasibətləri, diplomatik əlaqələri hələ 1995-ci ildən qurulub. İstər siyasi, iqtisadi, istərsə də mədəni və digər sahələrdə daima müsbət tendensiyalar olub. Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfər etməsi, eləcə də Xorvatiya prezidentlərinin Azərbaycana gəlməsi mühüm əhəmiyyət kəsb edən görüşlərlə yadda qalıb. Ölkəmizlə Xorvatiya arasındakı münasibətlərin yeni səviyyəsi Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmasında önəmli rol oynayacaq. Çünki bu ölkə NATO-nun xüsusi çəkisi olan ölkələrindən biridir. Düşünürəm ki, Xorvatiya-Azərbaycan münasibətləri birbaşa Avropa Birliyi ilə münasibətlərimizə də müsbət təsir göstərə bilər”, - A.Nağıyev bildirib.
Politoloq vurğulayıb ki, görüşlərlə bağlı “Zaqreb bəyannaməsi” də imzalanıb:
“Eyni zamanda, Xorvatiya ilə Azərbaycan arasında əsasən Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınması ilə bağlı müvafiq sənədlər var. Yəni bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını almaqla bərabər, eyni zamanda bunu Xorvatiya üçün də edir. Eləcə də gələcəkdə Xorvatiya ərazisində müvafiq qaz terminallarının yaradılması da nəzərdə tutulur. Həmçinin kiçikhəcmli gəmilərin inşası və gəmiqayırma sahəsində müəyyən addımlar atıla bilər. Turizmin, infrastrukturun, informasiya texnologiyaları ilə bağlı da bu sahədə mühüm əlaqələr var”.
Politoloq qeyd edib ki, Xorvatiya minalardan təmizlənmə sahəsində çox böyük təcrübəyə malikdir:
“Azərbaycan bundan da yararlana bilər. Son imzalanan müqavilələr də onu göstərir ki, mədəni əlaqələrimiz yüksək səviyyədə inkişaf etmə potensialına malikdir. Bizim Xorvatiya ilə hansısa sahədə əlaqələri genişləndirmək üçün heç bir problemimiz yoxdur”.
A.nağıyevin sözlərinə görə, Xorvatiya ilə münasibətlərin yeni səviyyəsi nəinki Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmasında önəmli rol oynayacaq, eləcə də NATO ilə əlaqələrə də müsbət təsir edəcək.