|
Elə insanlar var ki, tarixi faktları, siyasi prosesləri, dövlətçilik hadisələrini müasir dövrə daşımağı sevir, paralellər aparmağı, onların əsasında təhili və mühakimə mövqelərini analiz etməyi bizdən istəyirlər.
Belə olan təqdirdə, bir qədər siyasi, publisistik və yaxud da analitik məkana yaxın olanlar bilir ki, insanların hansısa peyğəmbərin həyatından misal gətirməsi avtomatik olaraq haqqında bəhs etdiyi şəxsiyyətə, dövlət başçısına peyğəmbər kimi yanaşması deyil. Şərq aləmində bəziləri ölkə rəhbərlərinə Allahın yerdəki kölgəsi kimi baxırlar. Biz bu cür ilahiləşdirmə istəyindən kənardayıq. Amma reallıq ondan ibarətdir ki, müəyyən qədər də onların missiyasında oxşarlıqlar var. İnsanların taleyinin hər zaman onların qərarlarından asılı olması, çox mürəkkəb situasiyalardan çıxmaq bacarığı, toqquşmaların və konfliktlərin qarşısını alması, dövlətlərarası münasibətlərdə həlledici rol oynaması, insanların mənəvi dünyasını təsir göstərmək, yaxşı nümunələr yaratmaq, cəza və humanistləşdirmə siyasətində dəqiq balansı qorumaq və s. keyfiyyətləri misal çəkmək olar.
Bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
O qeyd edib ki, peyğəmbər haqqında da bəhs edərkən eyni epitetlərdən, oxşar anlayışlardan istifadə edilir:
“İlham Əliyevin, ondan öncə isə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində daşıdıqları mühüm milli missiyadan bəhs etmişəm. Yazdığım məqalədə qeyd etmişəm ki, Musa peyğəmbər vaxtilə öz xalqı üçün fədakarlıq göstərib. Musa peyğəmbər yəhudiləri əsarətdən qurtaranda necə etmişdisə, İlham Əliyev də öz xalqını həmin üsullarla, qələbələrlə və uğurlarla müstəqilliyə öyrədir. Bəli, tarixi fakt məhz bundan ibarətdir. Azadlığımızın düz 25 ili əliyevlərin adı ilə bağlıdır. Milyonlarlarla soydaşımızın sığındığı vahid bir dövləti quran kişilər məhz Ata və Oğul Əliyevlərdir. Bu paraleldən kimsə əsas məqsəddən yayınaraq, hansısa bir ifadəni təhlil etməsi əhəmiyyətsizdir”.
Z.Oruc vurğulayıb ki, adamların sözə, fikirə, ideyalara gücü çatmayanda mütləq onun içərisindən ayırmalar edib öz arzuladıqlarını reallıq kimi qələmə verib hücuma keçirlər: “Biz onsuz da haqlı mövqedən çıxış edirik. Musa peyğəmbərə qarşı çevrilən qara düşüncə sahibləri də vardı. Eynən Prezident İlham Əliyevə də əsassız yerə müxtəlif məkanlarda kölgəsinə hücum edənlər var ki, biz onları xəyanətkar hesab edirik. Parisdən, Berlindən siyasi İŞİD təfəkkürü ilə Azərbaycana hücum edənlər varsa, bu, onlara dəyən zərbələrimizin əks-sədasıdır. Birinci şəxs amili ilahi müəyyən qədər missiyadır. Buna görə də Prezident İlham Əliyev Allahın sevdiyi insandır. O, bu illər ərzində millətini çətin, ağır təhlükələrdən xilas edib. Peyğəmbərlərlə dövlət başçıları arasında aparılan paralellər yalnız Şərq dünyasının ideyası deyil, Qərbdə də bu cür paralellər aparılır”.