Ankaranın Etimesgut qəsəbəsində özünü “şeytan” adlandıran şəxs dayanacaqda avtobus gözləyən şəxslərə hücum edərək iki nəfəri qətlə yetirib.
Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, “mən şeytanam” deyən şəxs yaxınlaşdığı insanlara “müsəlmansınızmı?” deyə sual verib. Təsdiq cavabı alınca onlara çörək bıçağı ilə zərbələr endirib. Nəticədə iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Yaxınlıqda olan şahidlər dərhal polis bölməsinə zəng ediblər. Tezliklə əraziyə gələn polis əməkdaşlarının köməyi ilə cinayətkar zərərsizləşdirilib, ağır bıçaq zərbələri alan şəxslər xəstəxanaya aparılıblar. Bıçaqlananlardan biri – Mert K.-nın elə hadisə yerində öldüyü, digər yaralı Hayrullah A.-nın isə yolda dünyasını dəyişdiyi məlum olub.
Hadisəni törədən şəxsin Hakkı Ç. Adlı şəxs olduğu müəyyənləşib. İfadəsi alındıqdan sonra məhkəməyə göndərəlib və məhkəmənin hökmü ilə həbs olunub.
Hadisə şahidləri bıçaqlanmanın qəfildən baş verdiyini və ona görə də özlərini itirərək bir tədbir görə bilmədiklərini deyiblər. Onlar terror bənzəyən bu hadisənin araşdırılmasını, günahkarın layiqli cəza almasını istəyiblər.