|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Səfər çərçivəsində keçirilən görüşlər, səsləndirilən fikirlər deməyə əsas verir ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və tərəflər arasında çox fəal siyasi dialoq mövcuddur.
Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb və hər iki ölkənin əməkdaşlığı dərinləşdirmək niyyətində olduğu ifadə edilib. Azərbaycan ilə Xorvatiya arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi çox aktual olmaqla mühüm əhəmiyyətə malikdir. Bundan başqa, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycanın strateji tərəfdaşı olan Xorvatiyanın daim ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını dəstəklədiyini deyən deputat əlavə edib ki, Azərbaycan Avropaya uğurla inteqrasiya edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işini aparır. Bununla yanaşı, Avropanın digər iqtisadi institutlarına inteqrasiya Azərbaycan üçün olduqca vacibdir və bu, əsas etibarilə, qeyri-neft sektorunda daha aktualdır. Qərb dövlətlərinin artıq oturuşmuş iqtisadi münasibətləri və qəlibləşmiş standartları var. Ona görə də keçmiş sovet sisteminə daxil olan ölkələrin Qərbə inteqrasiyasında iqtisadi maraqların və sistemlərin uzlaşdırılması tələb olunur. Bu prosesdə Şərqi Avropa ölkələri əhəmiyyətli təcrübə qazanmağa və müəyyən model əldə etməyə nail olublar. Bu baxımdan, Xorvatiya Qərb iqtisadi institutlarına ən uğurlu inteqrasiya etmiş dövlətlərdən biridir.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın Avropaya inteqrasiyası üçün Xorvatiya mühüm vasitə ola bilər. Cənubi Qafqazda isə Azərbaycan Xorvatiyanın ən mühüm tərəfdaşlarından biridir. Qarşılıqlı maraqlar bundan sonrakı mərhələdə də Xorvatiya-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirir və bu, hər iki ölkənin milli maraqları baxımından zəruridir.