|
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun yerinə yeni təyinat olub.
Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini Orxan Əziz oğlu Qasımov Pentensiar Xidmətin rəis müavini təyin edilib.
Qeyd edək ki, sentyabrın 10-da O.Qasımov kollektivə təqdim edilib. “Yeni Müsavat”ın məlumatına görə, O.Qasimov əvvəllər Ədliyyə Nazirliyinin Xətai rayon məhkəmə icraçıları şöbəsinin rəisi işləyib. 2008-ci ildə prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Sonra isə nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini təyin olunub.
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik penitensiar müəssisələrin cəzaların icrası ilə bağlı fəaliyyətinə, məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrasına nəzarət edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Yada salaq ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov bu ilin may ayının 4-də vəzifəsindən azad edilib. Penitensiar Xidmətdən generalın 65 yaşı tamam olduğu üçün təqaüdə göndərildiyi bildirilib.
Maraqlıdır ki, H.Əlixanovun təqaüd yaşı məhz işdən azad ediləndən 4 gün əvvəl, mayın 1-də tamam olmuşdu.
H.Əlixanovun işdən çıxarılacağı hələ ötən ilin oktyabrından gözlənilirdi. Ötən ilin oktyabr ayının 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Abdulla” ləqəbli Əli Ağami qaçmışdı. E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirildi. Ə.Ağami isə Şirvan şəhərində saxlanıldı və bu işə görə də cəzası ağırlaşdırıldı.
Faktla bağlı dərhal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlandı. Bunun ardınca isə həbslər başladı.
Əvvəl tanınmış mügənni Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, barəsində həbs-qətimkan tədbiri seçildi və bu iş üzrə məhkəmə hələ də davam etdirilir.
Baş Prokurorluqda faktla bağlı başladılmış istintaq Penitensiar Xidmətin üç əməkdaşının saxlanmasına səbəb oldu. Qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılaraq istintaqa cəlb edildilər. Qarovul rəisi Ceyhun Səmədovun Hüseyn Əlixanovun bacısı oğlu olması faktı üzə çıxdıqdan sonra generalın taleyi demək olar ki, həll olundu.
Üstəlik, həbsxanalara əsas nəzarət funksiyasının da H.Əlixanovun kurasiyasında olması onun işini itirəcəyinə şübhə yeri qoymurdu. Generalı həmin vaxt işdən çıxarmadılar, görünür, xidmətlərinə görə onun karyerasını bu cür ağır ittihamla bitirmək istəmədilər.
Hüseynağa Əlixanov 1 may 1953-cü ildə Quba rayonunun Yerfi kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq-mühafizə orqanlarında əmək fəaliyyətinə 1981-ci ildən başlayıb. Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, Gəncə şəhər prokuroru, Bakı Şəhər Prokurorluğunun daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Bakı şəhər prokurorunun birinci müavini vəzifələrində işləyib. Bakı şəhər prokuroru vəzifəsini icra edib, Baş Prokurorluğun Prokurorluq orqanlarında istintaqa nəzarət idarəsinin rəisi, Bakı şəhər Nizami rayon prokuroru vəzifələrində işləyib. H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən 2018-ci ilin mayınadək Penitensiar Xidmətin rəis müavini olub.