|
Üzeyir Cəfərov: “Rusiyaya basqıların səngiməsinə nail olmaq üçün atılan addımdır, lakin bununla sanksiyaların qarşısının alınacağı inandırıcı deyil”.
Sentyabrın 11-də Rusiyada müstəqillik tarixinin ən böyük hərbi təlimləri başlayıb. Təlimlərə 300 min hərbi qulluqçu və 36 minə qədər hərbi texnika cəlb olunub. “Vostok-2018" adlanan təlimlər Uzaq Şərqdə start götürüb, hücum və müdafiə taktikaları gözdən keçirilir. Hərbi təlimlər ölkənin digər bölgələrində keçiriləcək. Uzaq Şərqdə keçirilən hərbi təlimlərə Çin ordusunun 3,5 min hərbi qulluqçusu da qatılacaq. Hərbi təlimlərin bir həftə keçiriləcəyi elan edilib.
Qeyd edək ki, Rusiya ordusunun müxtəlif hərbi birləşmələri, qoşun növləri son zamanlar az qala hər ay hərbi təlimlər keçirir. Necə deyərlər, rus əsgərləri kazarmaya girmirlər, bütün gün təlimlərdədirlər. Rusiya hərbi, siyasi rəhbərliyinin bununla da kifayətlənməyərək çox böyük miqyaslı hərbi təlimlər qərarına gəlməsi maraq doğurur.
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a şərhində bildirdi ki, başda ABŞ olmaqla, böyük güclərin tətbiq elədiyi iqtisadi sanksiyalar Rusiyanı məcbur edir ki, özünün gücünü onlara nümayiş etdirsin. Ona görə də Rusiyanın müstəqillik tarixində miqyasına görə ən böyük hərbi təlimini keçirirlər. 300 min şəxsi heyətin iştirakı ilə hərbi təlim o deməkdir ki, əslində Rusiya Federasiyasının bütün ordusu təlimlərə cəlb edilib.
Hərbi ekspert hesab edir ki, hərbi, siyasi baxımdan bu cür təlimin müəyyən effekti qısa müddət üçün ola bilər, amma iqtisadi baxımdan əlavə xərcdir: “Əslində bu cür böyük miqyaslı hərbi təlimin keçirilməsi Rusiya iqtisadiyyatı üçün ağır yükdür. Təkcə hərbi təlimə 36 min tankın, 80 gəminin, on minlərlə digər ağır texnikanın sentyabrın 11-dən 17-dək təlimlərdə sərf edəcəyi yanacaq, sürtkü materiallarının dəyəri çox böyük məbləğ edir və bu, büdcə üçün ağır yükdür. Ancaq Rusiya rəhbərliyi bunu göz önünə alıb. Hərbi təlimlərə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik edir. Ali baş komandan Vladimir Putin təlimlərin açılışında iştirak edib. Bu faktlar da hərbi təlimlərin Rusiya rəhbərliyi üçün nə dərəcədə əhəmiyyət daşıdığını göstərir”.
Ü.Cəfərovun fikrincə, 300 min şəxsi heyəti, on minlərlə hərbi texnikanı hərbi təlimlərə cəlb etməklə Rusiya öz qüdrətini nümayiş etdirməyə çalışsa da, bu, ona qarşı sanksiyalar tətbiq edən gücləri mövqelərindən çəkindirə bilməyəcək: “Bu təlimlər Rusiyanın narahatlığından irəli gəlir. Onsuz da Rusiya silahlı qüvvələrində vaxtaşırı lazımi təlimlər keçilirdi. İndiki vaxtda 300 minlik şəxsi heyəti təlimlərə cəlb etmək bəzi güclərə hərbi, siyasi mesajdır. Rusiyaya basqıların səngiməsinə nail olmaq üçün atılan addımdır.
Lakin bununla sanksiyaların qarşısının alınması inandırıcı deyil. Hətta mümkündür ki, əks effekt verərək sanksiyaların daha da kəskinləşdirilməsinə səbəb olsun. Sentyabrın 17-dək davam edəcək hərbi təlimlər ciddi bir görüntü yarada və əzələ nümayiş etdirə biləcək. Zatən Rusiyanın hərbi qüdrəti dünya güclərinə bəllidir. Buna baxmayaraq, rəqibləri ona sanksiyalar tətbiq etməkdən çəkinmir. Son illər Rusiyaya güc faktorundan çəkinmək məsləhət görülürdü. Buna baxmayaraq, 300 minlik təlim keçirildi. Ona görə də, hər halda, bir sıra dövlətlər bunu xoş qarşılamayacaq. Yəqin bəzi dövlətlərin reaksiyaları olacaq”.
Hərbi ekspert onu da dedi ki, müdafiə naziri Sergey Şoyqu prezident Putinin dostudur və onun adı hətta siyasi varis, Putindən sonra prezident olacaq şəxs kimi də tez-tez Rusiya mediasında hallanır. Şoyqu bütün gücü ilə çalışır ki, bu təlimlər çox yüksək səviyyədə keçsin və onun siyasi hakimiyyət yoluna işıq tutacaq faktorlardan birinə çevrilsin.