|
Erməni mənbələri iddia edirlər ki, ABŞ-ın qəbul etdirməyə çalışdığı sülh variantı Ermənistanın maraqlarına qətiyyən cavab vermir, eləcə də, Azərbaycanın Qarabağ regionunda olan erməni separatçılara da ümumiyyətlə, sərfəli deyil... Rəsmi İrəvan belə ağır şərtlərlə sülh sazişi imzalayarsa, Ermənistanda baş verə biləcək iğtişaşlarda Rusiya Paşinyan hakimiyyətini devirmək üçün istifadə edə bilər...
Cənubi Qafqazda önəmli bir geopolitik mərhələ sona çatmaq üzrədir. Onilliklər boyu Cənubi Qafqaz regionunu "münaqişə ocağı"na çevirmiş "erməni layihəsi" nəhayət ki, iflasa uğradıldı. İndi regionda sülh, əmin-amanlıq və sabitlik dövrünün bərqərar olması üçün yalnız silahlı erməni terror tör-töküntülərinin təmizlənməsi qaldı.
Qətiyyən şübhə doğurmur ki, yaxın vaxtlarda bu problem də birdəfəlik öz həllini tapacaq. Azərbaycan ordusu Cənubi Qafqazın erməni terrorizmindən tamamilə təmizlənməsinə nail olacaq. Hər halda, Ermənistana himayədarlıq edən beynəlxalq dairələr də daha erməni terrorizmini qorumaqda çətinlik çəkirlər. Cənubi Qafqazda mövcud olan yeni situasiyanın geopolitik şərtləri həmin beynəlxalq dairələri "erməni faktoru"ndan tamamilə imtina etmək məcburiyyətində buraxıb. Çünki bu geopolitik şərtlərə müqavimət cəhdləri onların regional maraqlarını ciddi risk altına sala bilər.
Əslində, rəsmi İrəvan da Ermənistan üçün "qara günlər"in başlandığını anlayır. Paşinyan hakimiyyəti Ermənistanın beynəlxalq himayə resurslarını və mexanizmlərini itirmək üzrə olduğunu qəbul edir. Ona görə də, bundan narahat olan rəsmi İrəvan hələ də müqavimət göstərməyə çalışsa da, istənilən halda, ənənəvi uydurma iddialardan geri çəkilməyin qaçılmaz olduğunu etiraf edir.
Baş nazir Nikol Paşinyan Azərbaycan ordusunun sonuncu "dəmir yumruq" zərbəsindən sonra rəsmi İrəvanın öz regional kursuna yenidən baxmaq ehtiyacını ifadə etmişdi. O, bildirmişdi ki, Ermənistan hakimiyyəti artan təhlükəsizlik təhdidləri fonunda regional münasibətləri tənzimləmək yolunu tutmaq niyyətindədir. Erməni baş nazir Ermənistanın ətrafında təhlükəsizlik təhdidlərinin şiddətləndiyi bir şəraitdə regional əlaqələrin tənzimlənərək, inkişaf etdirilməsinin yeganə məqbul yol olduğunu vurğulamaq məcburiyyətində qalmışdı: "Yalnız bu yol təhlükəsizliyə və rifaha zəmanət verə bilər".
Belə anlaşılır ki, indi Azərbaycanla sülh sazişinin imzalanması Ermənistan üçün daha prioritet xarakter daşıyır. Belə bir sənədin imzalanması Ermənistan üçün mövcudluğun yeganə təminat mexanizmi rolunu oynaya bilər. Və buna alternativ ola biləcək, həm də Ermənistanı tam qane edəcək variant isə demək olar ki, mövcud deyil.
Məsələ ondadır ki, Rusiya Ermənistanı daha əvvəlki kimi qoruya bilmir. Ukrayna savaşında zəifləmiş, Cənubi Qafqazda isə ABŞ və Qərbin sərt təzyiqləri ilə üzləşmiş Rusiya indi daha çox öz regional problemləri barədə düşünmək məcburiyyətində qalıb. Üstəlik, Ermənistanın Rusiyaya ardıcıl xəyanətlərindən sonra Kreml öz tükənməkdə olan geopolitik resurslarını "erməni layihəsi"nə sərf etməyə həvəsli deyil.
ABŞ və Qərbin Cənubi Qafqaz hədəfləri də Ermənistan üçün müsbət perspektivlər vəd etmir. Belə ki, Qərb siyasi dairələri üçün də Ermənistanın gələcək taleyi böyük önəm daşımır. Əksinə, ABŞ və Qərb rəsmi İrəvandan Rusiyanın regional dayaqlarını sarsıda biləcək daha ciddi addımlar gözləyirlər. Həmin addımların sırasında Azərbaycanın ərazi bütövlüyünün tanınması və iki ölkə arasında sülh sazişinin ən qısa zamanda imzalanması ön planda yer alır. Qərb siyasi dairələri hesab edirlər ki, əgər, bu, baş verərsə, Rusiyanın həm Azərbaycana, həm də Ermənistana əsas təzyiq mexanizmləri sıradan çıxarıla və Kremlin Cənubi Qafqazdan sıxışdırılması baş tuta bilər.
Halbuki, rəsmi İrəvan öz yeganə hərbi müttəfiqi Rusiyaya xəyanət edərkən, ona arxa çevirərkən, məhz ABŞ və Qərbin Ermənistana total dəstək verəcəyinə ümid bəsləyirdi. İndi belə anlaşılır ki, Paşinyan hakimiyyətinin geopolitik hesablamaları iflasa uğrayıb. Yəni, rəsmi İrəvan Qərbdə müttəfiq tapmaq cəhdləri ilə Ermənistanın mövcud müttəfiqini də itirib. ABŞ və Qərbin Cənubi Qafqazda olan maraqları isə Ermənistanın gələcək taleyindən daha əhəmiyyətli xarakter daşıyır.
Maraqlıdır ki, Ermənistan siyasi dairələri son vaxtlar ABŞ və Qərbin rəsmi İrəvana təzyiqlərinin əsas istiqamətləri barədə məlumatları mətbuata daha həvəslə sındırırlar. Rəsmi İrəvan bununla həm Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü, həm də hakimiyyət dairələrinin yaxın gələcəkdə baş verə biləcək hadisələrlə bağlı günahkar olmadığını erməni toplumuna təlqin etməyə çalışır. Yəni, Paşinyan hakimiyyəti hazırda bir tərəfdən Kremlin erməni dövlətçiliyini hədəfə aldığını qabartdır. Digər tərəfdən isə ABŞ və Qərbin Cənubi Qafqazdakı strateji hədəflərinin Ermənistanın maraqlarına zidd olduğunu gündəmə gətirir.
Paşinyan hakimiyyətinə yaxın mənbələrdən erməni mətbuatına sızan məlumatlara görə, ABŞ Ermənistana Azərbaycanla ən qısa zamanda sülh sazişini imzalaması üçün sərt şəkildə təzyiq göstərir. Ermənistanda nəşr olunan "Hraparak" qəzeti iddia edir ki, Ağ Ev may ayının sonuna qədər sülh sazişinin ilkin variantını hər iki tərəfin təsdiqləməsində israrlı davranır: "ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Erika Olson İrəvan və Bakıya son səfəri zamanı həmin ilkin variantı hər iki tərəfə təqdim edib".
"Hraparak" onu qeyd edib ki, ABŞ-ın qəbul etdirməyə çalışdığı sülh variantı Ermənistanın maraqlarına qətiyyən cavab vermir, eləcə də, Azərbaycanın Qarabağ regionunda olan erməni separatçılara da ümumiyyətlə, sərfəli deyil: "ABŞ-ın sülh sazişi ilə bağlı hazırladığı variant Ermənistan üçün olduqca ağır şərtləri özündə əks etdirir. Ağ Evin sənədi o qədər sarsıdıcı və əzici məzmun daşıyır ki, hətta Ermənistanın savaşda məğlub durumuna baxmayaraq, rəsmi İrəvan onu qəbul etməyə ciddi şəkildə qorxur. Çünki belə bir sənədin imzalanması növbəti kapitulyasiya aktı deməkdir və Ermənistan cəmiyyəti buna görə Paşinyan hakimiyyətini bağışlamaz, ölkəni iğtişaşlar bürüyər".
Göründüyü kimi, rəsmi İrəvan növbəti dəfə "geopolitik labirintə" düşüb. Rusiya ilə münasibətlər ciddi şəkildə korlanıb, rəsmi İrəvanın onu yenidən bərpa etmək şansı və zamanı yoxdur. Üstəlik, Kreml indiki situasiyada Azərbaycanla strateji tərəfdaşlığa xələl gətirəcək davranışlara həvəsli deyil.
Əksinə, Ermənistanda iğtişaşların baş verməsi və Paşinyan hakimiyyətinin devrilməsinə münbit şəraitin yetişməsi Rusiyaya daha sərfəlidir. Rəsmi İrəvanın bir müddət öncəyə qədər xilaskar kimi gördüyü ABŞ isə Ermənistandan növbəti dəfə kapitulyasiya aktı imzalamağı tələb edir, üstəlik, hətta bunun üçün mayın sonuna qədər vaxt qoyub.(Yeni Müsavat)