|
Yaxın zamanda Ermənistan və üçüncü dövlətlərin vətəndaşları Qarabağa buraxılmayacaq.
Azərbaycan-Ermənistan sərhədinin Laçın yolunun giriş hissəsində yeni formalaşdırılan DSX-nın nəzarət-buraxılış məntəqəsində Ermənistandan gələn şəxslərin, xüsusilə Qarabağ ermənilərinin passportları və nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılmağa başlanılıb.
Maraqlıdır, DSX-nın nəzarət-buraxılış məntəqisindən ərazilərimizə buraxılan Qarabağ erməniləri yoxlanış zamanı hansı pasportları təqdim edirlər? Qarabağ ermənilərinə nə zaman Azərbaycan pasportu veriləcək? Digər önəmli məqam isə başda qondarma rejimin rəhbəri Araik Aratyunyan başda olmaqla Azərbaycanın suverenliyinə və xalqına qarşı cinayət törətmiş separatçıların nəzarət-buraxılış məntəqəsində ölkəmizin təhlükəsizlik orqanları tərəfindən həbs olunması ehtimalıdır.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Laçın-Xankəndi yolunun girişində DSX-nın nəzarət-buraxılış məntəqəsinin qoyulması Azərbaycanın Zəfər tarixində ən böyük addım hesab olunmalıdır:
“Azərbaycanın Ermənistanla sərhədin Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin qurulmasından bir neçə gün keçib. Qısa müddət ərzində bütün pasport, viza problemlərini həll etmək, hətta giriş-çıxış üzərində beynəlxalq standartlara uyğun olaraq tam nəzarətin bərpası mümkün deyil. Əlbəttə, Azərbaycan rəhbərliyi hazırda Qarabağ ermənilərinə müəyyən güzəştlər edir. Amma bu güzəştlər qısa zamanda başa çatacaq. “Qarabağ ermənilərinin pasport, eləcə də digər mürəkkəb məsələləri tez bir zamanda həll etmək mümkündür” demək yanlışlıq olardı. Çünki hər bir problem öz zamanında həll edilir. Xatırladaq ki, bir vaxtlar Ağdamın ərtaf kəndlərinə yaxınlaşa bilmirdik. Zaman gəldi, torpaqlarımızı erməni işğalından azad etdik, hətta Şərqi Zəngəzurda Ermənistanla sərhədi bağlamaqla son uğurlu addımımızı da atdıq. Bunun qürurunu yaşamalıyıq. Dövlətimiz də bütün problemlərin ədalətli və şəffaf həlli üçün əlindən gələni edəcək”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistanın və digər dövlətlərin rəsmiləri bundan sonra Qarabağa sərbəst və azad şəkildə daxil ola bilməyəcəklər:
“Azərbaycanın razılığı olmadan nə Ermənistan rəsmiləri Qarabağa daxil ola biləcəklər, nə də Qarabağdakı erməni separatçıların Laçın yolu ilə Ermənistana getməsinə imkan veriləcək. Bütün bunlar Azərbaycanın qanunvericiliyinə uyğun tənzimlənəcək”.
Ədalət Verdiyev Azərbaycana qarşı cinayət törətmiş erməni separatçıların Laçındakı məntəqədə həbs olunma ehtimalını təsdiqləyib:
“Ölkəmizin suverenliyinə qarşı cinayət əməllərində adı hallanan və beynəlxalq axtarışa verilən erməni separatçıların nəzarət-buraxılış məntəqəsində yoxlanış zamanı saxlanılması və həbs edilməsi normal hal kimi qarşılanacaq. Bu, digər sərhəd-buraxılış məntəqələrində də tətbiq olunan prosedurdur. Hər hansı milli və dini mənsubiyyətə məxsus olmasına baxmayaraq, axtarışda olan şəxsin yeri həbsxanadır. Yaxın zamanda erməni separatçıların sərhədçilərimiz tərəfindən hüquq-mühafizə orqanlarına təhvil veriləcəyinə şahidi olacağıq”.