Qarabağda hələlik mövcudluğunu qoruyan qondarma rejimin ayaqda qalması üçün onun Ermənistan tərəfindən maliyyələşdirilməsi davam etdirilir. Ermənistan hökuməti bununla qondarma rejimi ayaqda saxlamağa və ondan siyasi təsir vasitəsi kimi istifadə etməyə çalışır. İkinci Qarabağ müharibəsindən sonra qondarma rejimin iqtisadi resurslarının azalması onun Ermənistandan asılılığını daha da artırmışdır.
Müharibədən sonra qondarma rejimin iqtisadi imkanlarının daralmasına baxmayaraq, Ermənistandan köçürülən vəsaitlər vasitəsilə əhalinin Qarabağda qalmasını təmin etməyə çalışır və eyni zamanda digər xərclər adı altında gizlətdiyi vəsaitlər hesabına özünün korrupsiya əməllərini davam etdirir. Qondarma rejimin büdcə xərclərinin strukturu bunları deməyə əsas verir.
Qondarma rejimin təqdim etdiyi statsitik rəqəmlərə əsasən 2022-ci ildə rejimin büdcə xərcləri 546,93 milyon dollar həcmində olmuşdur və 2023-cu ildə əvvəlki il ilə müqayisədə 7.64 milyon dollar və ya 1% artırılaraq 554,57 milyon dollara çatdırılacaqdır (Cədvəl 1). Büdcə kəsrinin isə cari ildə əvvəlki il ilə müqayisədə 4.2 milyon dollar və ya 6% azalacağı gözlənilir.
Onu qeyd etmək lazımdır ki, qondarma rejimin büdcə gəlirlərinin əsaslı hissəsini Ermənistan tərəfindən dövlətlərarası kredit adı altında verilən vəsaitlər təşkil edir. Ermənistanın verdiyi rəsmi məlumatlara görə, 2022-ci ildə Ermənistandan Qarabağa 350 milyon dollar həcmində vəsait ayrılmışdır ki, bu da ümumi büdcə gəlirlərinin 74%-ni təşkil etmişdir. 2023-cü ildə isə hazırkı məzənnə ilə hesabladıqda 372 milyon dollar vəsaitin ayrılacağı proqnozlaşdırılır (yerli valyuta ilə eyni səviyyədədir). Bu da ümumi gəlirlərin 77%-ni təşkil edəcəkdir. Dövlətlərarası kreditin faiz dərəcəsi 0.01% səviyyəsində müəyyən edilir. Ümumiyyətlə, son illərdə Ermənistandan qondarma rejimə köçürülən vəsaitlər kredit adı altında verilsə də sonradan Ermənistan hökuməti tərəfindən bağışlanılır.
Qondarma rejimin büdcə xərclərinin strukturuna baxdıqda isə məlum olur ki, xərclərin ən böyük hissəsi sosial müdafiə üçün ayrılır. Belə ki, 2022-ci ildə bu istiqamətə 133.23 milyon dollar ayrılmışdır ki, bu da ümumi xərclərin 24.4%-ni təşkil etmişdir (Cədvəl 2). 2023-cü ildə sosial müdafiə xərclərinin daha da artrılaraq 187.99 milyon dollara çatdırılacağı gözlənilir ki, nəticədə onun ümumi xərclərdə payı 33.9%-ə qədər yüksələcəkdir. Sosial istiqamətə böyük diqqətin ayrılması bir tərəfdən müharibədəki məğlubiyyətlə əlaqəlidirsə, digər tərəfdən qondarma rejimin əhalinin Qarabağı tərk etməsinin qarşısını almağa çalışdığını göstərir. Yəni, sosial müdafiə xərclərini artırmaqla əhalinin Qarabağda qalmasını təmin etməyə çalışırlar. Bunu həm də müharibədən əvvəlki dövrlə müqayisədə sosial müdafiə xərclərinin kəskin artırılması da sübut edir. Belə ki, 2020-ci ildə qondarma rejim sosial müdafiə istiqaməti üçün 55.5 milyon dollar ayrımışdı. Bu 2023-cü ildə planladşırılan məbləğdən 3.4 dəfə azdır. Aydındır ki, bu artımda Ermənistanın milli valyutası dramın bahalaşması da rol oynayır. Lakin, 2020-ci il ilə müqayisədə dram 25% bahalaşmışdır. Ona görə də artımın çox kiçik hissəsi valyutanın bahalaşması ilə əlaqəlidir. Onu da nəzərə alsaq ki, artıq müharibədən 2 il yarımdan çox vaxt keçmişdir və müharibə ilə əlaqəli sosial müdafiə problemlərinin əsas hissəsi həll edilmişdir, o zaman xərclərin azaldılmasını gözləmək olardı. Bunun əksinə olaraq, xərclərin artması isə bir daha onu göstərir ki, əsas məqsəd əhalinin Qarabağda saxlanılmasıdır.
Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Laçın dəhlizində ekoaksiyaların keçirilməsi nəticəsində qondarma rejimin iqtisadi və sosial vəziyyətinin pisləşməsi də 2023-cü ildə büdcə layihəsinin tərtib edilməsində sosial müdafiə xərclərinin artırılmasına təsir etmişdir. Bundan başqa, sosial müdafiə xərclərinin artırılmasına Qarabağda qanunsuz fəaliyyət göstərən Base Metals şirkətinə məxsus mis-molibden yatağının fəaliyyətinin dayanması da təsir etmişdir. Ona görə ki, yataqda 1300-ə qədər işçi işləyirdi və hazırda onların əksəriyyəti işsiz qalıb və qondarma rejim onların sosial təminatını gücləndirməyə məcburdur. Büdcə gəlirlərinin çox böyük hissəsinin Ermənistandan köçürülən vəsaitlər hesabına təmin edilməsi isə onu deməyə əsas verir ki, əhalinin Qarabağda qalmasında Ermənistan hökuməti birbaşa iştirak edir.
2022-ci ildə qondarma rejim büdcə xərclərinin 47.27 milyon dollarını və ya 8.6%-ni təhlükəsizlik, polis, prokurorluq, xilasetmə istiqaməti üzrə xərcləmişdir (Cədvəl 2). Cari il üçün isə bu istiqamətdə ayrılacaq vəsaitlərin həcmi artırılaraq 58.36 milyon dollara çatdırılmışdır. Nəticədə, bu istiqamətin büdcə xərclərində payı 10.5%-ə qədər artacaqdır. Təhlükəsizlik istiqamətində xərclərin artırılması qondarma rejimin bu istiqamətdə risklərin artacağını gözlədiyini deməyə əsas verir. Ona görə də bu istiqamətdə xərclər 10 milyon dollara qədər artırılacaqdır. Bu istiqamətə böyük həcmdə xərclərin ayrılmasını da əhalinin Qarabağda saxlanılmasına yönəldilən addım kimi qiymətləndirmək olar. Ona görə ki, əhalinin saxlanılmasını təmin etmək üçün onların sosial müdafiəsi ilə yanaşı təhlükəsizliyinin təmin edilməsi də vacibdir.
Təhlükəsizlik xərclərinin əksinə olaraq, 2023-ci ildə iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, yanacaq, enerji və nəqliyyat istiqamətləri üzrə xərclərin azaldılması planlaşdırılır. Bu xərclər 2023-cü ildə 12.4 milyon dollar azaldılaraq 43.34 milyon səviyyəsinə endiriləcəkdir və ümumi xərclərdə payı 10.2%-dən 7.8%-ə qədər azalacaqdır (Cədvəl 2). Görünən odur ki, iqtisadi imkanlar məhdudlaşdığından bu istiqamətdə xərclərin arıtırılması qondarma rejim tərəfindən məqsədəuyğun hesab edilmir. Ona görə ki, İkinci Qarabağ Müharibəsindən sonra qondarma rejimin əlindən böyük həcmdə iqtisadi imkanlar, o cümlədən kənd təsərrüfatı və enerji resursları çıxmışdır və iqtisadi sahədə fəaliyyət imkanları daralmışdır. Buna görə də bu istiqamətdə xərclər azaldılaraq əvəzində təhlükəsizlik və sosial müdafiə istiqamətlərində xərclər artırılır. Bu da onu göstərir ki, qondarma rejim iqtisadiyyatın inkişafı hesabına deyil, süni şəkildə, yəni təhlükəsizliyin və sosial müdafiənin Ermənistandan alınan vəsaitlər ilə təmin edilməsi hesabına əhalinin Qarabağda saxlanılmasına çalışır. İstənilən halda iqtisadi imkanlar olmadıqda gənc əhalinin uzun müddətli dövrdə Qarabağda qalması real görünmür.
İqtisadi sahə ilə yanaşı səhiyyə, təhsil, tikinti və kommunal xidmətlər istiqamətində də xərclərin azaldılması nəzərdə tutulub. Azalma nəticəsində ümumi xərclərdə təhsil xərclərinin payı 8%-dən 7.2%-ə, səhiyyə xərclərinin payı isə 7.2%-dən 6.2%-ə, tikinti və kommunal xidmətlər üzrə xərclərin payı isə 4.5%-dən 3.1%-ə qədər azalmış olacaqdır.
Diqqət çəkən məqam isə müdafiə xərclərinin həcminin çox kiçik olmasıdır. Qondarma rejimin təqdim etdiyi statistik rəqəmlərə görə, 2022-ci ildə müdafiə xərclərinin həcmi cəmi 5.07 milyon dollar səviyyəsində olmuşdur və bu da ümumi xərclərin 0.9%-ni təşkil etmişdir. 2023-cü ildə də bu istiqamətdə ayrılacaq xərclərin həcmində dəyişiklik olmayacaqdır. Qarabağda hazırda minlərlə hərbçinin olması şəraitində müdafiə xərclərinin bu qədər az olması real görünmür. Mediyaya əsasən hazırda Qarabağda ən azı 10 min erməni hərbçisinin olduğu ehtimal edilir. Digər tərəfdən Ermənistanda dövlət sertifikasiyasını keçmiş müqavilə ilə işləyən hərbçilərə ayda hazırkı məzənnə ilə 1082 dollar əmək haqqı verilir. Əgər ən pis halda 10 min hərbçinin yarısı ayda 1000 dollar məvacib alarsa o zaman təkcə onların əmək haqqı 5 milyon dollar edir. Müdafiə ilə bağlı əsgərlərin qidalanması, hərbi infrastrukturun saxlanılması və digər bu kimi xərclərin də olduğunu nəzərə aldıqda hərbi xərclərin 5 milyon dollar səviyyəsində olmasının qeyri-mümkün olduğu aydın olur.
Diqqət çəkən digər məqam isə təyinatı məlum olmayan digər xərclər kimi müəyyən edilmiş xərclərin həcminin kifayət qədər böyük olmasıdır. Bu kateqoriya üzrə xərclər 2022-ci ildə 107 milyon dollar səviyyəsində olmuş və ümumi xərclərin 19.6%-ni təşkil etmişdir. 2023-cü ildə bu xərclərin 76.4 milyon dollara qədər azaldılması nəzərdə tutulsa da ümumi xərclərin kifayət qədər böyük hissəsini, yəni 13.8%-ni təşkil edəcəkdir. Qondarma rejimin təqdim etdiyi büdcə strukturunda bütün əsas xərc kateqroiyaları yer almışdır. Yəni istər müdafiə, istər təhlükəsizlik, istər iqtisadiyyat, istərsə də sosial istiqamət üzrə xərclər yer almışdır. Belə olan halda yerdə qalan digər xərclərin həcminin kiçik olacağını gözləmək olardı. Lakin, bu xərclərin həcminin böyük olması və ümumi xərclərdə payına görə ikinci ən böyük kateqoriya olması bu xərclərin təyinatı ilə bağlı suallar yaradır. Bütün əsas xərclər qarşılandıqdan sonra digər xərclərin hansı istiqamətlər üzrə xərcləndiyi maraqlıdır. Büdcə strukturunda hərbi xərclərin həddən artıq az göstərilməsi əlavə xərclər kimi müəyyən edilən xərclərin tərkibində hərbi xərclərin çox olduğunu ehtimal etməyə əsas verir. Qondarma rejim hərbi xərcləri az göstərməklə orda çox sayda hərbçilərin olmadığını və Ermənistandan müqavilə əsasında hərbçilərin cəlb edilmədiyini göstərməyə çalışa bilər. Rejim bununla öz müdafiələrini özlərinin təmin etməsi mənzərəsini yaratmağa çalışa bilər.
Eyni zamanda, qondarma rejimdə ən çox korrupsiyalaşmış və oradakı seperatçılar tərəfindən vəsaitlərin mənimsənildiyi sektor müdafiə sektorudur. Bu yeyintilərin izini itirmək üçün də hərbi xərclərinin böyük hissəsinin digər xərclər kateqoriyasına daxil edilməsi mümkündür. Bundan başqa, qondarma rejimin mövcud olduğu ərazidə tikinti sektoru ən çox vəsaitlərin cəlb edildiyi və ən çox işçi qüvvəsini özündə cəmləmiş sektordur. Lakin, bu sektorun kommunal xidmətlər ilə eyni kateqoriyaya salınmasına baxmayaraq, bu iki istiqamət birlikdə büdcədə kiçik paya sahibdir (2023-də 3.1%). Halbuki, kommunal xidmətlər üçün də qondarma rejim böyük həcmdə pul xərcləməli olur. Ona görə də tikinti xərclərinin bir hissəsinin də digər xərclər kateqoriyası altında gizlədildiyini ehtimal etmək olar. Tikinti sektoru da korrupsiyanın geniş yayıldığı sektor olduğu üçün böyük ehtimal qondarma rejim bu sektordakı yeyintilərin izini itirmək üçün də bu sahədəki xərcləri büdcədə digər xərclər kateqoriyası üzrə rəsmiləşdirir. Ona görə də deyə bilərik ki, qondarma rejim daxilində korrupsiya vasitəsilə gəlir əldə edilməsi baxımından mübarizə məhz digər xərclər kateqoriyasına aid edilən vəsaitlər uğrunda gedir ki, bu vəsaitlər də qondarma rejimin xərclərinin kifayət qədər böyük hissəsini təşkil edir. Onu da nəzərə almaq lazımdır ki, 2023-cü ildə digər xərclərin əvvəlki il ilə müqayisədə azaldılaraq müəyyən edildiyi məbləğ (76.4 milyon dollar) belə müharibədən əvvəlki dövrlə müqayisədə yüksəkdir. Bu məbləği 2020-ci ildə digər xərclər istiqaməti üçün ayrılmış vəsaitlə müqayisə etsək onun 53% daha çox olduğunu görərik. Bu isə onu göstərir ki, qondarma rejimdə yeyintiyə gedən vəsaitlər 2021-ci il ilə müqayisədə 40% azaldılsa belə müharibədən əvvəlki dövrlə müqayisədə kifayət qədər yüksəkdir.
Qondarma rejimin büdcə xərclərinin strukturunun təhlili və 2023-cü ildə əvvəlki il ilə müqayisəsi onu göstərir ki, qondarma rejimin 2 əsas məqsədi vardır. Birinci məqsəd özünün seperatçı siyasətini davam etdirmək üçün əhalinin Qarabağda saxlanılmasını təmin etməkdir. Ona görə də cari ildə maliyyə resurslarının böyük hissəsinin bunun üçün səfərbər edilməsi planlaşdırılır. Bunun nəticəsidir ki, əhalinin Qarabağda qalmasına daha çox xidmət edən sosial müdafiə və təhlükəsizlik xərcləri ümumilikdə 2023-cü ildə 65.85 milyon dollar artırılacağı halda, iqtisadiyyat, tikinti və kommunal, səhiyyə və təhsil xərlərinin ümumilikdə 28.23 milyon dollar azaldılması planlaşdırılır. Hətta Qarabağda yeyinti mənbəyi olan və digər xərclər kateqoriyasına aid olan xərclərin də ciddi şəkildə azaldılması (31 milyon) planlaşdırılır. 2-ci məqsəd isə korrupsiya əməllərini davam etdirərək Ermənistandan köçürülən vəsaitlərin bir hissəsini mənimsəməkdir. Buna görə də ən çox yeyintinin olduğu müdafiə və tikinti sektorlarının xərcləri ayrıca kateqoriya kimi büdcənin strukturunda çox az göstərilir. Əvəzində bu sahələrə ayrılan vəsaitlərin əsas hissəsi büdcənin digər xərclər kateqoriyasına daxil edilərək gizli şəkildə mənimsənilir.