|
Abşeron rayon Polis İdarəsinin rəis müavini işdən azad edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini İsa Babaşov tutduğu vəzifədən azad olunub.
İ. Babaşov Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qardaşıdır.
Qeyd edək ki, bir müddətdir Abşeron rayon Polis İdarəsində yoxlamalar keçirilib. Yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. İsa Babaşovun da nöqsanlar səbəbilə işdən çıxarıldığı bildirilir.
Bundan əvvəl keçirilən yoxlamalar zamanı isə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.