|
Xəbər verdiyimiz kimi, Türkiyədə ötən gün keçirilən prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49.49%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44.79% səs toplayıb.
"Milliyet" qəzeti xəbər verir ki, seçkilərdə iştirak edən namizədlərin heç biri ilk turda 50+1 səs faizinə çata bilmədiyi üçün Ali Seçki Şurasının (YSK) seçkilərinin ikinci turunun keçiriləcəyini açıqlayıb.
Növbəti 5 il ərzində Türkiyəni idarə edəcək şəxsin müəyyənləşməsi üçün seçkilərin ikinci turu mayın 28-də baş tutacaq.
İkinci turda 3 namizəddən ikisi R.T.Ərdoğan və K.Kılıçdaroğlu mübarizə aparacaq.
İkinci səsvermədə iştirak etmək hüququ olan namizədlərdən biri hər hansı səbəbdən seçkidə iştirak etmədikdə, namizədin dəyişdirilməsi üçün müəyyən edilmiş müddət bu gün saat 17.00-da başa çatacaq.
Müvəqqəti nəticələrin elan edilməsi gecikdirildiyi halda, namizədlərin dəyişdirilməsi üçün seçkilərin təqviminə müvafiq düzəlişlər ediləcək.
Mayın 15-dən etibarən ikinci tura vəsiqə qazanan namizədlər üçün təbliğat dövrü başlayacaq.
İkinci turda səsvermə mayın 28-də olacaq. Prezident seçkilərinin müvəqqəti nəticələri mayın 29-da açıqlanacaq. Dairə seçki komissiyalarına sandıq komissiyalarının qərar və protokollarına etiraz müddəti həmin gün saat 17.00-da başa çatır və etirazlar ən geci saat 23.59-a qədər dairə seçki komissiyaları tərəfindən həll edilir.
Dəqiq nəticələr 1 iyunda açıqlanacaq
YSK 1 iyunda mahal seçki şurası qərarlarına və mahal birləşdirmə protokollarına etirazlarla bağlı yekun qərar verəcək. Dəqiq nəticələr elan edilmək üçün YSK tərəfindən rəsmi qəzet, radio və televiziyalarda aidiyyəti orqanlara göndəriləcək.