|
Məlum olduğu kimi, Xankəndidəki cinayətkar rejimin “parlament”inə yeni sədr seçilib.
İyulun 29-da istefa vermiş Artur Tovmasyanı “Daşnaksütyun” fraksiyasından olan David İşxanyan əvəz edib. İşxanyanın “spiker” seçilməsi bölgədə sülhün və sabitliyin təminatı üçün yaxşı heç nə vəd etmir. Bu baxımdan, ilk növbədə, onun tərcümeyi-halına nəzər salmaq kifayətdir. David İşxanyan 1968-ci ildə Xocavənd rayonunun Aşandağ kəndində anadan olub.
İşxanyan 1989-cu ildə Xankəndi Pedaqoji İnstitutunun tələbəsi olarkən separatçılıq hərəkatına qoşulub və “Daşnaksütyun” terror təşkilatının sıralarına daxil olub. 1992-1994-cü illərdə Aşandağ kəndində hərbi batalyon yaradan İşxanyan Azərbaycan ərazilərinin işğalında fəal iştirak edib. Xüsusilə də 1992-ci il sentyabrın 4-də Ağdam rayonunun Gülablı kəndinin işğalına David İşxanyan rəhbərlik edib.
Qeyd edək ki, ermənilər işğal dövründə Gülablı kəndini qanunsuz olaraq Xocavənd rayonunun ərazi-inzibati vahidinə daxil edib və orada məskunlaşma aparıb. Beləliklə, İşxanyanın adı Azərbaycan ərazilərinin işğalı və dinc əhaliyə qarşı etnik təmizləmənin aparılması ilə məşğul olmuş terrorçular siyahısına daxildir. Ağdam rayonu işğaldan azad ediləndə İşxanyan Gülablı kəndinə gələrək orada qanunsuz yaşayan erməniləri Xocalı rayonunun ərazisinə köçürüb.
Qeyd edək ki, 2007-2021-ci illərdə Azərbaycanın işğal altındakı ərazilərində “Daşnaksütyun” İnqilabi Federasiyasının Mərkəzi Komitəsinə sədrlik edib. 2015-ci ilin may ayından qondarma parlamentin üzvü “seçilib”. 2019-cu ilin dekabrın 15-də daşnaklar D.İşxanyanı Qarabağdakı qondarma rejimin “prezident”liyinə namizəd irəli sürüb. 2020-ci ilin mart ayının 31-də İşxanyan uydurma seçkilərdə Araik Arutyunyanın rəqiblərindən biri olub.
44 günlük müharibədən sonra İşxanyan Araik Arutyunyanın istefasını tələb edənlərdən biri olub. Hazırda o, “parlament”in sədri seçilməklə Araikin postunun bir addımlığında mövqe tutub. Ona görə də İşxanyanın özünün əvvəlki iddiasını reallaşdırmaq üçün yenidən fəallaşacağı istisna olunmur.
Son vaxtlar həm Xankəndidəki qruplaşmalar arasında ziddiyyətlərin artması, həm də Araikin istefası ilə bağlı səslənən tələblər İşxanyanın hərəkətə keçməsi üçün münbit siyasi şərait yaradır. Bu isə bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Ümumiyyətlə, İşxanyan kimi terrorçu və radikal mövqeyə malik birinin Tovmasyandan sonra qondarma rejimin rəhbərliyindəki əsas postlarından birinə gətirilməsi Qarabağda yaşayan erməni əhalinin Azərbaycana reinteqrtasiyasına ciddi təhdid yaradır.
Çünki “Daşnaksütyun”un rejimə rəhbərliyi ələ keçirməsi bölgədə separatçılıq çağırışların və terrorçuluğun yenidən artmasına təkan verə bilər. Bu da öz növbəsində, münaqişənin bərpasında maraqlı olan dövlətlər üçün əlverişlidir. Qarabağda vəziyyətin gərginləşməsi dialoq imkanlarını aradan qaldırdığından, Azərbaycan güc tətbiqindən istifadə etməyə məcbur ola bilər. Halbuki, Azərbaycan Prezidenti Qarabağdakı erməni icmasına müraciətində cinayətkar rejimin başçısını təslim olmağa, qondarma parlamenti və “deputat”ları özünü buraxmağa çağırmış, bu halda onlara amnistiya şamil edilməsinin mümkün ola biləcəyini demişdi. Lakin terrorçu İşxanyanın uydurrma parlamentin sədri postuna gətirilməsi ermənilərin bu şansı qaçırdığını deməyə əsas verir.