Kreml Qarabağda qanlı səhnə hazırlığında - Separatçılar və Moskva İrəvana və Bakıya qarşıXankəndidəki separatçı rejimin başçısı Arayik Arutyunyanın Ermənistanın Baş naziri Nikol Paşinyana münasibəti Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən həftə səsləndirdiyi bəyanatla üst-üstə düşür. Arutyunyan Baş naziri dolayısı ilə “Qarabağ ermənilərini” satmamağa, onların mövqeyinə hörmət etməyə çağırır. Zaxarova isə Paşinyana kinayə ilə bildirmişdi ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra onun danışmağa mənəvi haqqı yoxdur.

Həmişə olduğu kimi, qondarma rejimlə Kremlin mövqeyi səsləşir, İrəvanın Qarabağ probleminin həlli ilə bağlı mövqeyindən getdikcə daha çox fərqlənməyə başlayır.

Srağagün A.Arutyunyan vəd elədiyi tele-çıxışı etdi, gözləntilərin əksinə, o, yaranmış böhrandan çıxış yolları ilə bağlı Azərbaycanın təklif etdiyi kompromislərə əhəmiyyət vermədən “müqavimət”dən və “ləyaqətli şərtlər”dən dəm vurub:

“Bizə ünvanlanan istənilən təklif, ilk növbədə, ləyaqətimiz çərçivəsində olmalı, beynəlxalq humanitar norma və qaydalara uyğun olmalıdır. İstənilən həyati vacib təklif və ya qərar üçün xalqımızın hisslərini əks etdirən konsensusa malik olmalıyıq”.

Arutyunan daha sonra deyib ki, Ermənistan hakimiyyəti ilə problemin həllinə dair fikir ayrılıqları var. “Ən böyük fikir ayrılığı isə həmişə Qarabağ problemi ilə bağlıdır. Mən Ermənistan hakimiyyətini Artsaxın (qondarma qurumun – red.) öz müqəddəratını təyinetmə hüququna şübhə yarada biləcək addımlardan və bəyanatlardan çəkinməyə çağırmaq istəyirəm”, – o bildirib.

Baş separatçı başçısı iddia edib ki, 1988-ci ildə başlayan hərəkat heç bir şəxsin monopoliyasında deyil:

“Mən Ermənistan hakimiyyətini Qarabağ məsələsində çox diqqətli olmağa çağırmaq istəyirəm. Heç kim bizim öz müqəddəratını təyin etmək hüququmuzu şübhə altına ala və məhdudlaşdıra bilməz. Bu, səlahiyyətli orqanlar tərəfindən verilməyən müstəsna hüquqdur, beynəlxalq səviyyədə tanınır. Və bununla bağlı Artsax xalqı döyüşməyə hazır olduğunu bildirdi və erməni xalqı bu döyüşü dəstəkləyir”, – deyə Arutyunyan Paşinyana ünvanladığı bəyanatda qeyd edib.

Arutyunyan çıxışının sonunda dünya ermənilərindən maddi və mənəvi dəstək istəməyi unutmayıb. Deyib ki, bu gün Qarabağda onlar ancaq kənd təsərrüfatı ilə məşğuldurlar, başqa yerdən pul qazanmaq imkanları yoxdur.

Qərbin egidası altında sülh danışıqlarının sürətləndiyi hazırkı zamanda A.Arutyunyanın “güzəştsiz” mövqe nümayiş etdirməsi böhranı daha da dərinləşdirmək, Azərbaycana qarşı beynəlxalq təzyiqlər yaratmaq, Rusiyanın bölgədəki mövqelərini sabit saxlamaq cəhdlərindən xəbər verir.

Separatçıların rəhbəri açıq şəkildə etiraf edir ki, əsas problem Laçın yolunun bağlanması, İrəvandan göndərilən humanitar yüklərin yolda qalması deyil. Əsas məsələ separatçı rejimin Azərbaycan ərazisində, onun qanunlarına tabe olub yaşamaq istəməməsidir. Arutyunyan Qərbin təkid etdiyi Bakı ilə dialoq prosesinə qapıları bağlayır və bununla bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB işləri üzrə dördüncü departamentinin direktoru Denis Qonçarın bəyanatını yada salır.

Qonçar demişdi: “Tələsik hazırlanmış çiy sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”.

O, vaxtaşırı Qərb paytaxtlarından Bakı və İrəvanın “demək olar ki, yaxın həftələr və aylar ərzində” sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatlar səsləndiyinə diqqət çəkib. Qonçarın fikrincə, Rusiya imzalanma şərtlərinin tərəflərin özlərinin müəyyən etməsini istəyir. “Məsuliyyət daşıyan vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, güclü, uzunmüddətli razılaşmaların əldə olunmasına kömək etməkdir. Onlar yerdə hökm sürən reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, – deyə Qonçar vurğulayıb.

Beləliklə, A.Arutyunyanın “müqavimət” ruhlu bəyanatının mənbəyini Rusiyanın xəbərdarlıq, bir qədər də hədə tonlu bəyanatında axtarmaq məntiqlidir. Rusiya rəsmisi bildirmişdi ki, Qərbin münaqişə tərəflərinə “sırıdığı” sülhü qəbul etməyəcəklər, bölgədə qan töküləcək, yeni faciələr baş verəcək.

Xankəndidəki separatçı rejim Kremlin bölgədəki əsas aləti olaraq qalır və Arayik Arutyunyan, onun dəstəsi bu rolu qeyd-şərtsiz oynamaqda davam edir. Etnik ermənilərin düşdüyü durum, günbəgün artan problemlər onları maraqlandırmır, əsas Moskvadan verilən direktivlərin vaxtında, qüsursuz şəkildə yerinə yetirilməsidir.

Qarşıdakı günlərdə Rusiyanın Ermənistandakı agentura şəbəkəsinin yenidən fəallaşacağı, Arutyunyana dəstək bəyanatlarının artacağı gözlənilir. Kreml bölgədəki şəbəkəsini hərəkətə gətirməklə, Azərbaycan və Ermənistan arasında payızda imzalanacağı ehtimal olunan sülh müqaviləsini əngəlləməyə çalışır. Ola bilsin, ictimai-siyasi səhnədə yaradılan səs-küyü Qarabağda, Azərbaycan-Ermənistan dövlət sərhədlərində tökülən yeni qanlarla rəngləyib, daha dramatik durum yaratsınlar.

Azərbaycan dövləti, diplomatiyası, ordusu Moskvanın bölgədəki yeni revanşına hazır olmalıdır. Qarşıda bizi Kremlin quruluş verdiyi qanlı səhnələr gözləyir…
Pressklub.az
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ

Xəbər lenti