|
“BMT Təhlükəsizlik Şurasının son iclasında Ermənistan bütün qüvvələrdən, diasporun kozırlarından, beynəlxalq təşkilatlardakı əlaqələrdən istifadə etdi. Lakin bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü, yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə öz mülahizəsinə uyğun sərəncam vermək qeyd-şərtsiz hüququnu dəstəklədi. Azərbaycan güclü arqumentlər təqdim etdi, Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyevin çıxışı aydın, güclü və necə deyərlər, mətləblərə uyğun idi. Nəticədə Ermənistan sarsıdıcı diplomatik məğlubiyyətə uğradı. Ermənistanın əldə etmək istədiyinin heç birinə nail ola bilmədi”.
Bu sözləri rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Naumov deyib.
O hesab edir ki, Üçtərəfli Bəyanatın mətninə əsasən, Rusiya sülhməramlı kontingentinin Ermənistan silahlı birləşmələrinin çıxarılması ilə paralel olaraq yerləşdirildiyi bildirilir, qeyri-qanuni erməni silahlı birləşmələrinin çıxarılmasında məhz Rusiya sülhməramlılarının iştirak etməli olduğu qeyd olunmur.
Yeri gəlmişkən, rusiyalı ekspert bəyanatı öz istədiyi kimi yozursa, o zaman sülhməramlıların ermənilərin qanunsuz silah daşınmasına şərait yaratmasından niyə bəhs etmir? Aydındır ki, politoloqun bu yöndə fikir bildirməsi, ölkəsinin mənafeyinə uyğun mövqedən çıxış etməsinin göstəricisidir.
Naumov ardınca deyir: “Mən təbii ki, istərdim ki, Rusiya sülhməramlılarının belə səlahiyyətləri olsun, amma bu, üçtərəfli formatda həll edilməli olan məsələdir. İrəvan Üçtərəfli Bəyanatın tərəfi kimi erməni silahlı birləşmələrinin çıxarılmasını öhdəsinə götürüb, lakin bu bəndi hələ də yerinə yetirməyib. Yəni erməni tərəfinin günahı birbaşa buradadır”.
Bu məqamda da qeyd etmək lazımdır ki, bir çox yerli və xarici eksperlər sülhməramlıların Qarabağda sülhdən yana deyil, əksinə, vəziyyəti gərginləşdirməyə xidmət edən addımlar atdığını söyləyib. Rus hərbçilərinin müvəqqəti yerləşdiyi ərazilərdən qanunsuz erməni silahlılarının təxribat hərəkətlərinə yol verdiyi heç kimə sirr deyil.
O hesab edir ki, Azərbaycan Ermənistanın beynəlxalq müqavilələrin proqnozlaşdırıla bilən, etibarlı iştirakçısı olmadığını görərək üçtərəfli Bəyanatın bağlanmasından beş il sonra Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin missiyasının müddətinin uzadılmasına razılıq verməyə və məsələni güc yolu ilə həll etməyə gedə bilər.
Naumov bildirib ki, Aİ missiyası Ermənistan tərəfinin münaqişəni aradan qaldırmaq və ona getdikcə daha çox beynəlxalq vasitəçi cəlb etmək üçün göstərdiyi səylərdən biridir: “Ermənistan tərəfi Qarabağda yalnız Rusiya sülhməramlı kontingentinin fəaliyyət göstərməsi ilə kifayətlənmir. Hesab edirəm ki, Aİ indiki şəraitdə etibarlı vasitəçi statusunu itirib. BMT Təhlükəsizlik Şurasının iclasında Fransanın hərəkətlərinin hər kəs şahidi oldu, göz qabağındadır, Aİ bu gün çətin ki, qərəzsiz tərəf olsun. Ona görə də Ermənistan sadəcə olaraq, necə deyərlər, Aİ-yə hörmət edirdi, bu qondarma müşahidəçiləri dəvət etməklə siyasi dividendlər qazanırdı. Amma aydındır ki, onlar vəziyyətə təsir etməyəcək və məsələnin həllində heç bir müsbət rol oynaya bilməyəcəklər. Allah eləməsin ki, heç bir mənfi rol olmasın...”