|
Xəbər verildiyi kimi, son iki gündə Dağıstanda ciddi hadisələr baş verir. JAMAZ.İNFO xəbər verir ki, bir qrup radikal təmayüllü şəxslər hotellər və aeroporta hücum edərək, İsraildən Rusiyaya gələn yəhuidiləri axtararaq, onları cəzalandıracaqlarını bəyan ediblər.
Dünən axşam saatlarında Mahaçkala aeroportuna edilən hücum, hətta “cəza dəstələri”nin uçuş zolağına qədər daxil olması hadisələrin getdikcə şiddətlənə biləcəyindən xəbər verir. Bu əsnada onu da bildirək ki, Rusiya Federal Qvardiyası artıq Dağıstana yerildilib və onlar strateji obyektlərin mühafizəsini həyata keçirməyə başlayıblar. Dünən aeroportda isə etirazçılarla toqquşma da baş verib, saxlanılanlar var.
JAMAZ.İNFO xəbər verir ki, Dağıstanda bir qrup şəxs bu gün üçün aksiya təyin edib. “Ümum Qafqaz mitinqi” adı altında keçiriləcək aksiyanın təşkilatçıları Şimali Qafqaz respublikalarına da onlara qoşulmaq üçün müraciət ediblər. Həmin müraciətdə bildirilir ki, aksiyanın təşkilatçıları yəhudilərin bölgəyə gəlişini önləmək və son hadisələr zamanı saxlanılanların azad edilməsi tələbi ilə təşkil olunur.
Hadisələrin faktiki gedişatı ilə bağlı çoxlu versiyalar mövcuddur. Bəzi yanaşmalara görə, bütün bunlar Rusiya xüsusi xidmət orqanları tərəfindən məqsədli şəkildə həyata keçirilir. Bu versiyaların tərəfdarlarını qənaəti budur ki, israilin baş naziri Benyamin Netenyahunun Rusiyanı hədələməsi fonunda indiki baş verənlər cavab hesab olunmalıdır. Digər bi yanaşma isə odur ki, Rusiya İsraildən yəhudilərin kütləvi köçünün qarşısını almaq üçün belə bir addım atıb.
Amma fərqli mövqelər də var. Məsələn, bəzi ekspertlər hesab edirlər ki, Dağıstanda baş verənlər Yaxın Şərqdə və dünyada son zamanlar baş verən hadisələrin inikasıdır. Yəni, baş verənlərin əks-sədalarıdır ki, bu da düşünülmüş planın tərkib hissəsidir. Hətta bəzi analitiklər məşhur stratteq Zbiqnev Bjerzinsikinin 90-cı illərin sonlarında işlətdiyi bir ifadəni diqqət mərkəzinə çəkirlər. Bjerzinski çıxışlarının birində qeyd edirdi ki, Rusiyanın dağılması Dağıstandan, yəni Şimali Qafqazdan başlayacaq. Məhz bu yanaşmanı əsas götürən bəzi siyasi ekspertlər mövcud parçalanmanın əsasının qoyulduğunu iddia edirlər.
Qeyd edək ki, Şimali Qafqaz Rusiyanın ən həssas bölgələrindən biri və birincisi hesab olunur. Uzun zamandır siyasi arenada bu bölgənin qarışacağı, toqquşmaların baş verəcəyi və xaosun yaşanacağınına ddair müzakirələr gedirdi. Bu müzakirələr fonunda əsas diqqəti çəkən məqam isə odur ki, Şimali Qafqazda hadisələrin başlaması və idarə olunması üçün mütləq Cənubi Qafqaz Qərbin təsir dairəsində olmalıdır. Hal hazırda Cənubi Qafqazın birmənalı olaraq Qərbin təsir dairəsində olduğunu isə demək çətindir. Çünki Rusiya hələ bölgədədir və buradan xoşluqla çıxmaq barədə düşünmür. Nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstan birmənalı olaraq “Qərb çətiri”nin altına girməyib və yaxın zamanlar üçün də bu real görünmür. Lakin bütün bunlar heç də o demək deyil ki, Qərb Qafqazda mövcud deyil. Mövcuddur, lakin Şimali Qafqazdakı prosesləri idarə edəcək səviyyədə güc sahibi deyil.
Bütün bunların fonunda bizi maraqlandıran əsas məsələ hadisələrin Azərbaycana təsiridir. Aydın məsələdir ki, sərhəddimizdə baş verən istənilən hadisənin ölkəmizə təsiri var. Bu açıq və ya dolayı ola bilər. Şimali Qafqazın qarışması, orada xaosun yaşanması Azərbaycana ticari və siyasi baxımdan zərər vura bilər. Rusiyaya uzanan nəqliyyat yolunun təhlükəli olması ticarət əlaqələrinə birmənalı olaraq ziyan vuracaq. 90-cı illərin sonlarına qədər Çeçenistan hadisələri fonunda bunu bir dəfə şahidi olmuşuq.
Siyasi baxımdan risklər yaradacağı isə hadisələr fonunda Azərbaycanın necə davranacağıdır. Kiçik hadisələr belə Moskva ilə Bakı arasında gərginliklər üçün zəmin yarada bilər. Indiki məqamda isə bu arzuolunmazdır və xoşagəlməz nəticələrlə diqqəti çəkə bilər.
Bəs, təhlükəsizlik baxımından Dərbənddə baş verənlərin Azərbaycana nə kimi təsiri mümkündür? Bu suala birmənalı cavab vermək çətindir. Ona görə ki, hadisələrin hansı məcrada və hansı müddətə uzanacağını müəyyən etmək lazımdır. Təbii ki, bütün bunları nəzərə almaqla yanaşı, bütün ehtimalları dəyərləndirərək, müəyyən addımlar atılmalıdır. İlk növbədə, Azərbaycan tərəfi Rusiya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Bu ona görə lazımdır ki, yaranmış vəziyyətdən sui istifadə edən hansısa kriminal və ya radikal qruplar Azərbaycana keçə bilərlər.
İkinci addım Şimal bölgəsində kompakt halda yaşayan yəhudilərin təhlükəsizliyi üst səviyyəyə qaldırılmalıdır. Qubanın Qırmızı kənd yaşayış məntəqəsində təxribatların mümkün ehtimallarının hamısı nəzərdən keçirilməli və önləyici tədbirlər görülməlidir. Hərçənd Azərbaycanda indiyə qədər yəhudilərə qarşı hər hansı aqressiv hərəkət baş verməyib. Lakin bu rəsmi Bakını arxayın salmamalıdır.
Üçüncüsü, Şimal bölgəmizdə radikal dini qrupların və ya onların təsiri altına düşmüş adamların olması istisna deyil. Zaman içində bu bölgədə sözügedən zəmində bir çox halların yaşandığı da sirr deyil. Bu bölgənin Şimali Qafqazla ciddi əlaqə və bağlarının olmasını da buraya əlavə etsək, o zaman bəzi gümanları dilə gətirə bilərik. Belə ki, Dağıstandakı hadisələrdən təsirlənən bəzi qruplar və ya adamlar analoji hərəkətləri bölgədə edə bilərlər. Buna heç bir şəkildə yol vermək olmaz. Və ya Rusioya xüsusi xidmət orqanlarının Şimal bölgəsini qarışdırmaq üçün cədhlərə baş vur biləcəyini də güman etmək mümkündür.
Ona görə də, Azərbaycan tərəfi diqqətli, ayıq və tədbirli olmalıdır. Bütün mükün təxribatları önləmək üçün hazırlıq görməli, təhlükəsizlik tədbirlərini artırmalıdır. Əks təqdirdə, kiçik bir hadisə böyük bir xaosun əsasını qoya bilər. Nəzərə alaq ki, problemimiz təkcə, Şimaldan gözlənilən təhlükə deyil. Həm də Cənubdan gözlədiyimiz və hər an marıqda dayanmış İrandan da mövcuddur. Əgər Allah eləməmiş, Şimal bölgəsində və ya başqa ərazilərimizdə hər hansı belə hadisə yaşanarsa, Tehrandakı mollaların müdaxiləsi və təxribatlara rəvac verəcək dəstəkləri qaçılmaz olacaq.