|
Otuz illik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna 1 Noyabr – İnqilab Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Abdelmacid Tebbuna və qardaş Əlcəzair xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirən dövlətimizin başçısı əlavə edib: “Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə etmiş və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirmişdir”.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.