Türkiyənin Ankara Universitetinin professoru, siyasi ekspert Toğrul İsmayıl Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelikin açıqlaması bir neçə gündür müzakirə olunur. AKP rəsmisinin dediyinə görə, ABŞ Azərbaycana dəstəyi kəsməsi üçün Türkiyəni təhdid və şantaj edib. Siz bu məsələni necə şərh edə bilərdiniz?
- AKP rəsmisi deməsə belə, biz bilirik ki, ABŞ bölgə siyasətini Ermənistan üzərindən qurmağa çalışır. Xatırladım ki, ABŞ-ın bölgədəki ən böyük səfirliyi Ermənistandadır. Halbuki Ermənistan Rusiyanın müttəfiqidir. Hədəf Ermənistanı – bölgədəki ən zəif halqanı ələ keçirib Azərbaycan və Türkiyəyə təzyiq göstərməkdir.
Bu zəif halqanı tutaraq münaqişəni davam etdirmək, bölgədəki problemləri nəzarətə götürmək və bura müdaxilə etmək məqsədi güdürlər. Bölgənin ən zəif ölkəsi Ermənistandır, apardığı siyasət nəticəsində kənar güclərə çox bağlıdır. Ermənistan siyasilərinin ipləri ya Qərbin, ya Rusiyanın, ya da İranın əllərindədir, onlar da bunun üzərindən manipulyasiya edirlər.
- Moskvanın iddiasına görə, Qərb və ya ABŞ-ın Ermənistandakı fəallığı Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq məqsədi daşıyır. Sizcə, Qərb bu səylərində nə qədər irəli gedə bilər?
- Əlbəttə, Rusiyanın bölgədən uzaqlaşdırılması cəhdləri var, eyni zamanda, Türkiyə-Azərbaycan ittifaqına yönəlik təzyiqlər də mövcuddur. Yəni məsələ təktərəfli deyil.
ABŞ və başda Fransa, Almaniya, Hollandiya və Belçika olmaqla, bəzi Avropa Birliyi ölkələri regionda varlıqlarını təmin etmək üçün bu cür hərəkət edirlər. Paşinyan və Ermənistan digər siyasi liderləri Ermənistanı savaş meydanına çevrirlər. Bu, təhlükəli prosesdir. Azərbaycan üçün maraqlıdır? Yox. Azərbaycanı çox da narahat edən məsələ deyil. O mənada narahatlıq yaradar ki, qonşuda boğuşmsa gedirsə, bu bir formada bizə mənfi təsir edə bilər.
Dediyim kimi, hədəf təkcə Rusiya deyil, bu həmlələr həm də bölgədə varlığını təmin edən Türkiyəyə, eləcə də güclənməyə çalışan İrana qarşıdır. Buna görə də, Azərbaycan və Türkiyə zamanında 3+3 formatını irəli sürmüşdülər ki, kənar güclər bölgəmizdə meydan sulamasınlar. Bu da çox ciddi təşəbbüs idi.
Təəssüf ki, nə Ermənistan, nə İran, nə müəyyən mənada Rusiya, nə də Gürcüstan buna isti yanaşdılar.
- Ermənistanın Avropa Birliyinə inteqrasiyası sürət qazanır. Artıq bu məqsədlə Rusiyanın dominat rola malik olduğu birlikləri boykot edən Ermənistan bu hədəfinə çata biləcəkmi? Yaxud bunda maraqlı olmayan Rusiya prosesin önünü necə kəsəcək?
- Avropa Birliyinin “Yaxın qonşuluq” siyasəti vardı. Avropa Birliyi bu çərçivədə Azərbaycan, Ermənistan və digər bəzi keçmiş sovet ölkələrinə üzv olmadan əməkdaşlıq təklif etmişdi. Bunun nəticəsində Ukraynada böhran yaşandı, Gürcüstan və Moldova zatən böhranın içindəydi.
O vaxt Rusiya Ermənistanın dönəm prezidenti Serj Sərkisyanın qulağından tutub Moskvaya gətirdi. Sərkisyan bundan sonra öz imzası ilə Ermənistanı Avrasiya İqtisadi Birliyinin üzvü etdi. İndi Avropa Birliyi Ermənistanı inteqrasiya prosesinə çəkməyə çalışır. Əlbəttə, Avropa Birliyi öz nizamnaməsi çərçivəsində kimlərin üzv olub-olmamasına özü qərar verir. Amma bunun baş verməsi üçün bütün üzvlər yekdilliklər səs verməlidir.
Sadə proses deyil, hazırda demaqogiyadan o yana keçmir. Çünki Ermənistanın bunun üçün KTMT və Avrasiya İqtisadi Birliyindən çıxdığını görmürük. Çıxa da bilməz, çünki bu halda Rusiyanın iqtisadi sanksiyaları işə düşəcək, Ermənistan böhranın içində boğulub gedəcək.
Hələlik Avropa Birliyi ilə oyun oynanılsa da, bunun reallaşacağı inandırıcı görünmür. Bunun Ukraynada nələrə yol açdığını gördük. Unutmayaq ki, Rusiyanın Ermənistanda hərbi bazası var, İrəvanda Rusiya-Ermənistan birgə ordusunun qərargahı qurulub və sair. Yəni Rusiyanın Ermənistana təsir-təzyiq imkanları genişdir.
Çox güman ki, Rusiyanın baş verənlərə qarşı aktiv olmaması da özünə güvənməsindən irəli gəlir. Son variant kimi müdaxilə ola bilər. Hələlik proses demaqogiyadan o yana keçmir. Əslində, Ermənistanın Avropa Birliyinə inteqrasiyası real işdən daha çox demaqogiyaya bənzəyir. Ən azı indiki mərhələdə belədir, sonrasını deyə bilmərəm.
- Ermənistan və Rusiyanın maraqları Zəngəzur dəhlizinə nəzarət məsələsində də toqquşur, hər ikisi yola özünün nəzarət etməsini istəyir. Qərb və İran bu məsələdə Ermənistanı dəstəkləyir. Maraq toqquşması dəhliz məsələsini hansı istiqamətə çəkə bilər?
- Qərbi narahat edən Rusiyanın Ermənistandakı varlığıdır. İranı da dolayısı ilə narahat edir, amma çox da səsini çıxarmır. Ümumiyyətlə, İranı narahat edən Zəngəzur dəhlizinin açılmasıdır. Çünki bu zaman İranın önəmi azalır. İran Azərbaycandan əldə etdiyi gəlirləri itirir, itirməmək üçün bu qədər hay-küy salır.
Qərbə gəlincə, əlbəttə, Rusiyanın bölgədə qalıcı olmasını istəmir. İndi Ermənistan nə qədər guruldasa da, Baş naziri Nikol Paşinyan 2020-ci ildə üçtərəfli bəyanata imza atıb. Yəni Ermənistan bu məsələdə rəsmi olaraq məsuliyyət daşıyır.
Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalma müddəti limitlidir, 2025-ci ildə bitəcək. Amma Zəngəzurdan keçəcək yollara nəzarət Rusiyanın sərhəd qoşunlarında olacaq və limiti yoxdur. Qərbi də narahat edən budur. Gümrüdəki hərbi bazanın müddəti 2044-cü ilədək nəzərdə tutulub, Zəngəzurdakı yollara nəzarətlə bağlı isə belə bir limit yoxdur. Ermənistan da bu məsələdəki məsuliyyətini atdığı imza ilə ölçməlidir.
İndi imzasından imtina edəcəksə, onda 10 noyabr bəyanatı avtomatik ləğv oluna və bu, Ermənistan üçün zərərli bir məsələyə dönə bilər. Söhbət ciddi zərərdən gedir.
Ermənilər bir az beynəlxalq hüququ oxumaları, nəyi imzaladıqlarını bilmələri lazımdır. Belə olmur: əvvəl imza atıb “hə” deyirsən, sonra “yox”. Amerika və Rusiya kimi güclü dövlət də deyilsiniz ki, kiməsə meydan oxuyasınız. “İstədiyimi edərəm” də deyə bilmirsiniz. Ermənistan atdığı imzaların məsuliyyətini ağır bədəllə ödəyə bilər. Ona görə də, düşünmürəm ki, bu oyun Ermənistanın lehinə olsun.
İstəslər də, istəməsələr də Zəngəzur dəhlizi açılacaq, başqa çarələri yoxdur. Könüllü açmaq istəməsələr, proseslər fərqli cərəyan edə bilər.
Ermənistan bundan əvvəl Azərbaycan ərazilərini işğal etməklə öncəki anlaşmaları pozmuşdu. Ermənistan “1991-ci il anlaşması”ndan danışır, həmin tarixdə iki ölkə arasında anlaşma imzalanmayıb. Azərbaycan və Ermənistana dair müqavilələrin tarixi 1920-21-ci illərə gedir. Bundan sonra sovet dönəmində hissə-hissə Ermənistana torpaqlar verilmişdi. Zəngəzur də eyni şəkildə. Ermənistan 90-cı illərdə Azərbaycan ərazilərini işğal edəndə bunlar avtomatik olaraq qüvvədən düşdü.
Azərbaycanın beynəlxalq hüquq çərçivəsində o əraziləri geri qaytarmaq haqqı var. Çünki bizim Konstitusiya Aktına görə, sovet dövrü işğal dövrüdür. Ermənistan da ərazilərimizi ələ keçirmək və əhalimizi torpaqlarımızdan çıxarmaq, etnik təmizləməyə məruz qoymaq üçün bu dönəmdən faydalanıb. Bunları unutmamaq lazımdır.
Bir sözlə, Ermənistanın Zəngəzur dəhlizini qəbul etməməsi onun üçün ciddi nəticələrə səbəb ola bilər. Məncə, ermənilər bunu yaxşı başa düşürlər və doğru addımı atmalıdırlar. Əks halda, bədəli çox ağır olar, işin içindən çox böyük zərərlə çıxarlar.
- Ermənistan parlamentinin spikeri Alen Simonyan iddia edir ki, bir neçə günə sülh müqaviləsi imzalana bilər. Sizcə, məsələyə birdəfəlik nöqtə qoymaq üçün zəmin varmı?
- Azərbaycana qalsa, bu gün imzalayar, Ermənistandan asılıdır. Ermənilər də söz deyirlər, işi reallığa çevirmirlər. Bir də, belə çıxır ki, sülh müqaviləsinin imzalanması ən çox Azərbaycana lazımdır, yox. İndi sülh müqaviləsi daha çox Ermənistana lazımdır. Çünki Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, bu təhdiddir, Azərbaycana qarşı ərazi iddiasıdır.
Bu durumda beynəlxalq hüquqa və BMT Nizamnaməsində yer alan hökmlərə görə, Azərbaycan istənilən vaxt Ermənistanla sərhəd bölgəsində istənilən əməliyyatı apara bilər. Bunu hər kəs bilir. Buna görə Avropa Birliyi missiyası qaçıb Ermənistan ərazisinə gəlir, kanadalılar da, amerikalılar da oradadır. Çünki bu oyunun bədəlinin nə olduğunu bilirlər. Anlayırlar ki, Ermənistan prosesi uzatdıqca, Azərbaycan haqlı olaraq özünü qorumaq və təhlükəsizliyini təmin etmək məqsədilə addımlar ata bilər. Məcazi anlamda desək, bu da Azərbaycan ordusunun İrəvanda olması ilə nəticələnə bilər.
Bir sözlə, sülh müqaviləsini imzalamaq birinci Ermənistana lazımdır, Azərbaycana yox. Bunu imzalamaq üçün də üçüncü-dördüncü ölkələrə ehtiyac yoxdur. Neytral bir yerdə imzalanmalıdır. Məsələn, sərhəddə, Tiflisdə, İstanbulda və sair. Yəni tərəfsiz bir yerdə. Sərhəddə olsa, daha yaxşıdır.
Sülh müqaviləsi imzalandıqdan sonra sərhədin delimitasiya və demarkasiyası prosesi davam edəcək. Yenə deyirəm: sülh müqaviləsini imzalamaq ilk növbədə Ermənistana lazımdır, Azərbaycan üçün çox da vacib məsələ deyil. Çünki Azərbaycan Ermənistan ərazilərinə iddia irəli sürmür, kiminsə ərazisini bu günədək işğal etməyib.
Azərbaycan təkliflərini verib, hər şey Ermənistandan asılıdır. İndi bunun bir həftəyə, iki həftəyə və ya daha uzun müddətdə imzalanacağı onların bildikləri işdir. Bu müqavilə Ermənistana öz varlığını davam etdirmək üçün lazımdır. Əks halda, Azərbaycan həmişə Ermənistanı təhdid olaraq görə bilər.
Azərbaycanla sülh müqaviləsi olmasa, Ermənistanın Türkiyə ilə də münasibətləri düzəlməyəcək. Çünki Türkiyə və Azərbaycan artıq müttəfiqdir, regional məsələlərdə ortaq qərarlar verirlər. Ermənistan məsələsi də bu mənada istisna deyil.