|
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində görüşü sülh müqaviləsi hazırlayan iki lider arasında dialoqa dəstək vermək üçün fürsətdir.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov "İzvestiya"ya bildirib.
“Bu həm də sülh müqaviləsi üzərində işi hələ başa çatdırmamış iki dövlətin liderləri arasında ünsiyyəti dəstəkləmək üçün bir fürsətdir. Bu çox vacibdir”,- o deyib.
Peskov əlavə edib ki, son vaxtlar hər iki tərəf bu səylərə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Onun sözlərinə görə, Rusiya da bu işdə kömək etməyə hazırdır, lakin öz vasitəçiliyini tətbiq etmir.
Peskov deyib ki, Moskva üçün onun iki tərəfdaşının mümkün qədər tez sülh müqaviləsi bağlaması çox vacibdir: “Bu və digər məsələlər Rusiyanın Qafqazda sülh və sabitlik mühitində maraqlı olması ilə bağlıdır”.