|
Bakıda 29 marşrut xətti üzrə 598 avtobusda sərnişinlər gediş haqqını BakıKart vasitəsi ilə nağdsız formada ödəyirlər.
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, qarşıdakı günlərdə bu göstəricilər dəyişəcək: "Çünki xətlərin inteqrasiyası davam etməkdədir. Yanvarın 24-də 4 nömrəli marşrut xəttinin də inteqrasiyası planlaşdırılır. Həmçinin, fevral ayından xətlərin BakıKarta keçidi daha sürətli aparılacaq. BakıKarta keçidlə əlaqədar son bir ayda şəhərin müxtəlif ərazilərində 50 yeni dayanacaq yeri müəyyən edilərək müvafiq nişanlar qoyulub. 13 yerdə isə yeni ödəmə məntəqələri təşkil olunub. Bir daha vurğulamaq istərdim ki, nağdsız ödənişə keçid sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması üçün olduqca zəruridir".
M.Ağayev deyib ki, kart sisteminə keçid, eyni zamanda sərnişindaşımada qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Son bir neçə həftədə kart sisteminə inteqrasiya olunan xətlərlə bağlı şikayət xarakterli müraciətlərin əhəmiyyətli dərəcədə azalması bunun bariz nümunəsidir.