|
Bakıda düzgün quraşdırılmayan yol nişanı sürücüləri təhlükəyə salır. Həmin yoldan istifadə edən sürücülər redaksiyamıza şikayət ünvanlayıb. Yol-xeber.az xəbər verir ki, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində quraşdırılan 4.1.2 sağa məcburi hərəkət istiqaməti nişanı görünməyən yerdə quraşdırılıb. Nişan həm işıq dirəyinin yuxarı hissəsində, həm də yolayrıcından bir neçə metr əvvəldə quraşdırılıb. Kəsişən yol birtərəfli yol olduğu üçün sürücülər təhlükəylə üzləşir. Nişanı görməyən sürücülər sola hərəkət edən zaman qarşıdan gələn sürücülərə təhlükə yaradır. Ona görə də, nişan yolayrıcının bilavasitə qarşısında görünən yerdə quraşdırılmalıdır. O cümlədən 4.1.2 sağa məcburi hərəkət istiqaməti nişanı əvəzinə 5.7.1 birtərəfli hərəkət yoluna çıxış nişanı quraşdırılmalıdır. Bundan əlavə olaraq kəsişən yerdə sola 3.1 giriş qadağandır nişanı və hərəkətin hansı istiqamətdən gələn nəqliyyat vasitələri üçün üstünlük təşkil etdiyini bildirən üstünlük nişanları qoyulmalıdır.