|
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 6 saylı tam orta məktəb-liseydə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, tədbirdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev, Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, ictimaiyyət nümayəndələri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak edib.
Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki F.Azadəliyev çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Şöbə rəisi deyib ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiqli övlad kimi yetişməsinə çalışmalıdır. Lakin bu gün narkomaniyaya meyl edən yeniyetmə və gənclərə hələ də rast gəlinməsi təəssüf hissilə xatırlanıb. Qeyd olunub ki, məhz bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Sonra F.Azadəliyev narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi mübarizə tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər.
Daha sonra çıxış edənlər polis əməkdaşları tərəfindən məktəblilərlə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri bu həssas mövzuya diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.