|
Daxili İşlər Nazirliyi sosial şəbəkədə polisin cərimə ödəyən şəxslərə qəbz verməməsi ilə bağlı iddialara cavab verib.
Elxan Əliyev adlı sosial şəbəkə istifadəçisi öz səhifəsində status paylaşaraq bildirib ki, Gəncə şəhərində olarkən tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları onu Polis İdarəsinə aparıb inzibati qaydada cərimə ediblər.
O, iddia edir ki, cəriməni yerində ödəsə də ona qəbz verilməyib. Bunu da onunla əlaqələndirir ki, ödəniş etdikdən sonra polis əməkdaşları protokolu ləğv edərək cərimə pulunu mənimsəyirlər.
Məsələyə münasibət bildirən DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Elxan Əliyevin iddiaları araşdırıldı:
"Məlum oldu ki, iyunun 29-da o, Gəncədə tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən İdarəyə gətirilmiş, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən barəsində protokol tərtib edilmiş və 50 manat məbləğində cərimə edilərək buraxılmışdır. O ki, qaldı Cinayət Məcəlləsinin 5 müxtəlif maddələri ilə əvvəllər məhkum olunmuş, saxlanılarkən AXCP üzvü olduğunu qabardaraq polis əməkdaşlarını şərləyəcəyi ilə hədələyən Elxan Əliyevin polis əməkdaşları tərəfindən protokolun məhv edilib cərimə pulunu mənimsəmələrinə dair iddiası tamamilə cəfəngiyatdır və 50 manatın yanğısından doğan qərəzdir. Ona görə də sübut üçün tərtib olunmuş rəsmi protokolun və ödədiyi 50 manat cərimə pulunun qəbzinin fotolarını da sizə təqdim edirəm".
Qeyd edək ki, Elxan Əliyev adlı sosial şəbəkə istifadəçisi öz səhifəsində status paylaşaraq bildirib ki, Gəncə şəhərində olarkən tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları onu Polis İdarəsinə aparıb inzibati qaydada cərimə ediblər. O, iddia edir ki, cəriməni yerində ödəsə də ona qəbz verilməyib.