|
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı sərt karantin rejimində olduğu üçün girişə və çıxışa məhdudiyyətlər tətbiq edilir:
“Rayon qeydiyyatı olub Bakıda işləyənlərin də çıxışına məhdudiyyət tətbiq edilir. Çünki insanlar rayon qeydiyyatıdır deyə həmin bölgəyə gedir, sonra da Bakıda işlədiyi üçün paytaxta qayıdır. Bununla da karantin rejimində olan Bakıdan virusu digər bölgələrə yayır. Asimptomatik və ya xəstəliyi yüngül keçirənlər bu məsələdə daha təhlükəlidirlər. Ona görə də Bakıda işləyib qeydiyyatda olduğu rayona gedənlərə də məhdudiyyətlər tətbiq edilir.
Məzuniyyətə çıxan hər kəsin istədiyi rayona getməsinə icazə verilməyəcək. Bakıdan çıxışa yalnız zərurət olan hallarda, kənd təsərrüfatı ilə məşğul olanlar yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə verilir. Çünki onlar xidməti fəaliyyətlə bağlı işlərini bitirib geri qayıdırlar, məzuniyyətə gedənlər isə oradakı ailə üzvləri, tanışları, dostları, bütün qohumları ilə ünsiyyətdə olurlar.
Bu da virusun sürətlə yayılması, yaşlı və xəstəliyi olanların ağır vəziyyətə düşməsi və koronavirus səbəbindən vəfat edənlərin sayının artması ilə nəticələnir. İnsanlar karantin rejimi dövründə bölgələrə səfər etməkdən çəkinməli, özünü mümkün qədər təcrid etməlidir”.