|
“Yol-xeber.az” şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanovanın ötən ilin iyul ayında “Real TV”nin “Profil” verilişinə verdiyi müsahibəni təqdim edir:
“Polad Həşimov kimi insanlar haqda həmişə əsərlərdə oxumuşam. Onlar mənə çox şablon gəlirdi. Elə bilirdim, belə insanlar yoxdur, yaşamır. Onunla 17 il bir yerdə yaşadım. Gördüm ki, o, həqiqətən bütün canı, qanı ilə vətənə bağlı insan idi və bunu dildə yox əməlində göstərirdi.
Övladlarını da elə böyüdürdü. Onlara heç vaxt vətən haqqında pafoslu sözlər söyləmirdi. Əsgərlərinə həmişə “balam” deyirdi. Hər zaman səngərlərdə, cəbhə bölgəsində olurdu. Bizim evdəki kadrlarımıza baxsanız, ad günlərində, bayramlarda – heç birində o, yoxdur. Hamısında biz təkik. Çünki o, ancaq səngərdə, əsgərlərinin yanında olurdu”.
Şəhidin xanımı Polad Həşimovun Aprel döyüşlərində yaralanmasından da bəhs edib:
“Aprel döyüşləri 4 gün davam etdi. 4 gün sonra o, mənə zəng etdi ki, hər şey yaxşıdır. Amma sonra 20 gün müddətinə gəlmədi.
Evə gələndə yerişində problem olduğunu gördüm. Ancaq yaralanmasını yenə də bizə bildirmədi.
Onun bu həyatına artıq öyrəşmişdim. Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən, niyə evdə olmursan deyə. Çünki onu tanıyırdım. O, həmişə əsgərlərinin yanında olub”.
O. Salmanova 12 iyul hadisələrini belə xatırlayıb:
“Biz həmin vaxt Şəmkirdə idik. Axrıncı dəfə Poladla iyunun 29-da ayrılmışdıq. Bizi yola saldı, işə tələsdi. Bir neçə dəfə telefonla danışmışdıq. 12 iyuldan sonra onunla danışa bilmədik. Polad telefon işlətmirdi, bizimlə özü əlaqə yaradırdı. Gördük ki, bir neçə gün keçib, mesajlarımıza cavab vermir. Sən demə, bu hadisə baş verib. Bizim üçün çox qəfil oldu”.
Ofelya Salmanova Polad Həşimovla təxirə salınan toy tarixindən də danışıb:
“Bizim toyumuza çox az qalmışdı. Amma gəlib dedi ki, Türkiyəyə təhsil almağa getməlidir. O, hər şeyi ləğv etdi və təhsil almağa getdi. Onun vətənpərvərlik hissi o qədər güclü idi ki, şəxsi məsələlərinin üstündən xətt çəkə bilirdi və çəkdi də”.