|
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Yol-xeber.az" təbrik mətnini təqdim edir:
"Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlərim!
İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana sədaqətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.
Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsi kimi qarşılayırıq. Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana və dövlətimizə sonsuz həmd-sənalar edirik!
Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarıdır. Vətən müharibəsi ərzində onun liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi, cəsarəti hər kəsə - ordumuzun əsgərinə, xalqımızın övladlarına, dinindən və millətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı, dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahidi oldu. Buna görə də biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri İlham Əliyev cənabları və onun silahdaşı Mehriban xanım ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır, inşallah.
Bu ilki bayram, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 20-21 iyul tarixinə təsadüf edir. Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – 18-19 iyul tarixlərini qeyri-iş günü elan etmişdir və bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, Qurban kəsimi 3 gün ərzində, 20-22 iyul tarixlərində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur.
Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq. Əziz həmvətənlərim! Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah-Təala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini və dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun! Qurban bayramımız mübarək olsun!"