“Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən hərc-mərclik, hakimiyyət böhranı, erməni işğalı və digər dağıdıcı proseslərin fonunda cəmiyyətimizdə səsləndirilən əksər neqativ sosial-iqtisadi çağırışlar, milli mənafeylərimizə zidd, hətta deyərdim, düşmən mövqeylərdən süni şəkildə Azərbaycana yeridilən çürük ideoloji dəyərlər ilk növbədə gənclərimizi təsir altına salmaq məqsədini güdürdü. Çünki gənc nəslin öz xalqının, öz dövlətinin milli-mənəvi dəyərlərinə biganəliyi vətənpərvərlik hissinin itirilməsini şərtləndirən ən başlıca amillərdən biridir. Vətənpərvər gəncliyin olmadığı dövlət isə heç zaman müstəqil, güclü ola bilməz. Məhz buna görə də Ümummilli Lider müstəqilliyimizin ilk illərində, xalqın tələbi ilə ölkədə ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər edən möhtəşəm strategiya işləyib hazırladı və bu strategiya Azərbaycan gəncliyinin vətənpərvər ruhda formalaşmasını təmin etdi”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi hər zaman olduğu kimi, gənclər siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi məsələsində də özünü tam olaraq doğrultdu. Ümummilli Liderin ölkə üçün son dərəcə ağır və təcili həllini gözləyən bir çox problemlərin olduğu bir dövrdə məhz gənclər məsələsinə xüsusi diqqət ayırması əlbəttə ki, gələcəyə hesablanmış mühüm strateji addım idi.
“1996-cı il fevralın 2-də Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Həmin Forumda Azərbaycan gəncləri qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirildi. Bundan bir il sonra isə Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən hər fevralın 2-də Azərbaycan gəncliyi bu günü qeyd edir.
2022-ci il fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Günününə həsr olunmuş Gənclər Forumunda iştirak edən Prezident İlham Əliyev öz çıxışında çox dəqiq vurğuladı ki, 25 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi Ümummilli
Liderin növbəti siyasi uzaqgörənliyi idi. Həqiqətən də həmin dövrdə gənclər problemi bəlkə də hakimiyyət strukturlarında yer almış insanların böyük əksəriyyətini ən az narahat edən, düşündürən məsələlərdən biri idi. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var idi. Bir tərəfdən ölkə həqiqətən çox böyük, ciddi, problemlər qarşısında dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və vasitəçilərin bu məsələni tezliklə ədalət prinsipləri əsasında həll edəcəklərinə hələ böyük ümidlər var idi. Bu ümidlər öz doğma torpaqlarından qovulmuş insanların, çadırlarda, vaqonlarda yaşayan yüz minlərlə məcburi köçkünün ürəyini hələ də isidirdi. Nizami orduya sahib olmayan Azərbaycan Birinci Qarabağ müharibəsində xaricdən böyük maliyyə və hərbi dəstək alan Ermənistana məğlub olmuşdu. Bütün digər sahələrdə də vəziyyət çox ağır idi. Dövlət başçımızn da öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Bütün dünyada ermənipərəst qüvvələr Azərbaycan həqiqətlərini təhrif edir, regionda baş verən prosesləri dünya ictimaiyyətinə anti-azərbaycan formatında təqdim edirdilər. Həmçinin ölkə iqtisadiyyatı tənəzzülün son həddində idi. Ölkənin gələcəyi böyük sual altında idi. Yalnız 1994-cü ildə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin kontraktı” imzalandıqdan sonra Azərbaycanın gələcəyə böyük ümidləri yarandı. Həmçinin 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması bu ümidləri bir qədər də artırdı. Lakin bu ümidlərin nə dərəcədə doğrulacağına dair heç bir əminlik yox idi.
Belə bir ağır, mürəkkəb vəziyyətdə ulu öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi bir çoxları tərəfindən anlaşılmazlıqla qarşılandı. Əslində bu da təbii idi. Çünki şahmatda olduğu kimi, siyasətdə də dahi oyunçunun etdiyi və ilk baxışda lazımsız, bəzən isə hətta riskli görünən gedişlərin əsil mahiyyətini həmin an yalnız bu oyunçunun öz səviyyəsində düşünə bilən insanlar dərk edə bilər. Digərləri isə, və bu, hər zaman böyük əksəriyyət təşkil edir, yalnız məqsədə çatandan, nəticə əldə olunandan sonra zamanında atılan addımların əsil dəyərini anlayırlar.
Bu gün artıq bütün dünya uzaq 90-cı illərdə ulu öndər Heydər Əliyevin atdığı mühüm addımların, verdiyi tarixi qərarların Azərbaycan üçün necə böyük əhəmiyyət kəsb etdiyini görür. Həmçinin Ümummilli Liderimizin əsasını qoyduğu və son 19 ildə Prezident İlham Əliyev tərəfindən inkişaf istiqamətiləri daim daha da təkmilləşdirilən gənclər siyasəti bu gün öz möhtəşəm nəticələri ilə xalqımızın rifah yüksəlişinə, dövlətimizin güclənməsinə əvəzolunmaz töhfələrini verir. Bu gün Azərbaycan gəncliyi ölkəmizin, cəmiyyətimizin həyatında çox önəmli rol oynayır. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur” – deyə K.Qafarov bildirib.
Millət vəkili açıqlamasının sonunda demişdir: “ Gənclər Forumunda ona ünvanlanan sualları cavablandırarkən Prezident İlham Əliyev, əslində, növbəti illər üçün Azərbaycan gəncliyinin inkişaf strategiyasının bir neçə əsas istiqamət üzrə konseptual müddəalarını təqdim edib və bu xüsusda milli-mənəvi dəyərlərin qorunmasını əsas prioritet kimi müəyyənləşdirib: “Forumun gedişində gənclərin suallarını cavablandıran prezident İlham Əliyev ilk növbədə milli-mənəvi dəyərlər məsələsinə toxunaraq məhz bu konsepsiyanın dövlətimizin əsasında durduğunu xüsusi vurğuladı. Dövlət başçısı bir daha qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub və biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Prezident İlham Əliyev bildirdi ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu gün bütün dünyada müşahidə olunan qloballaşma və bununla bağlı səsləndirilən yeni çağırışlara da münasibətini bildirən dövlətimizin başçısı bu tendensiyanın təhlükəli cəhətlərini qeyd etdi. Bu meylin əsas məqsədinin müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və ondan sonra həmin ölkələri idarə etmək olduğunu vurğulayaraq, Prezident İlham Əliyev bu təsirlərdən qorunmaq, ölkəmizin müstəqilliyini əbədi olaraq qoruyub saxlaya bilmək üçün milli dəyərlərimizi yaşatmağın, o cümlədən adət-ənənələrimizi, xüsusilə də ana dilimizin təmizliyini qoruyub saxlamağın vacibliyini bildirdi”.