|
“Ötən il ölkə ərazisində olan avtomobil yollarında yol-qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 618 qəza hadisəsi baş verib”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında bildirib.
O qeyd edib ki, bunun nəticəsində 7 803 pm əyrixətli tirlər, 118 pm beton bardür, 129,4 m2 tamet bəzək daşı103 m2 asfalt-beton örtük, 208 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 3 ədəd sərnişin dayanacağı və s. yararsız hala düşüb: “Ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəyib. Bundan 524,8 min manatı (72,3 %) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə müraciət olunub. 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 69 yol-nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib”.