|
Gündəlik həyatda yeyinti məhsulları arasında ən çox tələbatın yüksək olduğu quş əti məhsullarında bahalaşma müşahidə olunur. Satıcılar isə bahalaşmanın səbəbini sözügedən məhsulları gətirən firmaların təyin etdiyi qiymətlərlə əlaqələndirirlər.
Müxtəlif iaşə obyektləri, restoranlarda quş əti məhsullarının, toyuğun çox istifadə edildiyini nəzərə alsaq, bahalaşmanın həmin məhsullardan hazırlanmış yemək menyularına təsir edəcəyi də müzakirə mövzusudur.
İqtisadçı-ekspert Xalid Kərimli Bizim.Media-ya bahalaşmanın səbəblərini açıqlayıb. Onun sözlərinə görə, bu hal gözlənilən idi:
“Quş əti məhsullarının qiymətinin bahalaşmasının obyektiv səbəbləri mövcuddur. Çünki quş ətinin istehsal xərclərinin əhəmiyyətli hissəsi quş ətinin maya dəyəri ilə bağlıdır. Bu yem komponentinin 60-70 faizini təşkil edir. Yem xərclərində də buğda, arpa, protein və s. komponentlərin inqrediyentləri var ki, bunların da qiyməti son illərdə kəskin bahalaşmaqdadır. Həmçinin Ukraynadan gələn məhsulların qiyməti nisbətən əlverişli idi və daxili bazarda rəqabəti intensivləşdirirdi”.
Ekspert həmçinin restoran və digər iaşə obyektlərində də qiymət artımının qaçılmaz olduğunu bildirib:
“Məlum səbəblərə görə, həmin məhsulların Ukraynadan gəlişi ləngiyib. Təbii ki, quş əti məhsullarının, toyuğun müxtəlif iaşə sektorlarında istifadə olunduğunu nəzər alsaq, qiymət artımı bu sahəyə də təsirini göstərəcək.
Marjaları çox az olan iaşə obyektləri məcburi sürətdə qiymətləri qaldıracaq. Quş ətinin bahalaşması restoran və iaşə obyektlərində hazırlanan yeməklərin qiymətinə birbaşa təsir göstərməsi qaçılmazdır”.