|
“Aprelin 26-da keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası daxil olmuş 100-dən çox müraciətə baxıb”.
Bunu Modern.az-a açıqlamasında komissiyanın üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib:
“Növbəti günlərdə Əfv Məsələləri Komissiyası öz fəaliyyətini davam etdirəcək. 28 May - Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalana bilər. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil. Ümumilikdə deyə bilərəm ki, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5 672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb”.
“Daxil olan hər bir müraciətlə bağlı ən az 3 ay araşdırma aparılır, sənədlər toplanır. İndiyə qədər yüzlərlə müraciət daxil olub. Növbəti iclaslarda nə qədər məhkumun əfv edilə biləcəyi haqqında daha dolğun fikir söyləmək olar”, - deyə komissiyanın üzvü bildirib.
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.