"Yol-xeber.az" xəbər verir ki, Biləsuvar inzibati rayon kimi 1930-cu ildə təşkil olunsa da, Azərbaycanın ən zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Bəydili, Təzəkənd, Amankənd ərazisində tünc dövrünə aid kurqanlar, Dərvişli və Yuxarı Ağalıda erkən dəmir dövrünə aid "Torpağay təpə", "Seyid altı təpə", "Ceyran təpə" abidələri, orta əsrlərə aid Şəhriyar və Ağdam qalaları rayonun zəngin maddi-mədəni tarixi irsə malik olduğunu, bu irsin qorunmasının zəruriliyini sübut edir. Biləsuvar Tarix-Diyarşunaslıq muzeyinin kollektivi hazırda məhdud imkanlar çərçivəsində müəssisəyə təqdim olunmuş eksponatları diqqət və qayğı ilə qorumaqla məhz bu irsin gələcək nəsillərə çatdırılması üçün səylərini səfərbər ediblər. Rayona səfərim çərçivəsində muzeyə baş çəkib bölgənin tarixini ehtiva edən eksponatlara baxış keçirdim, Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxovla birlikdə müəssisənin kollektivi ilə görüşüb fədakar əməklərinə görə təşəkkür etdim. Eyni zamanda, qeyd etdik ki, hazırda təmirsiz köhnə tikilidə yerləşsə də, növbəti dövr ərzində muzey üçün yeni binanın inşası investisiya planına salınıb, aidiyyəti strukturlardan verilən məlumata görə tezliklə problem köklü olaraq həllini tapacaq.
Təəsüratlarımı sizinlə paylaşarkən, fürsətdən istifadə edərək qonaqpərvərliyə görə əməkdaşlara və muzeyin direktoru Nailə xanım Mehdiyevaya, dönməz dövlətçilik mövqeyinə və deputat fəaliyyətimizi çevik və səmərəli həyata keçirməkdə daimi köməyinə görə Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxova bir daha təşəkkür edir, hər birinə uğurlar arzulayıram.
.