|
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşü təşkil olunub.
Bir sıra sosial şəbəkə istifadəçiləri tiktokerlərin ali təhsil müəssisəsinə dəvət olunmasını tənqid edib.
Ölkə.Az müzakirələrlə bağlı UNEC-in mövqeyini öyrənib. Adıçəkilən universitetin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova saytımıza açıqlamasında bildirib ki, burada qınanılacaq hər hansı bir məqam yoxdur:
“Bizim tələbələrimiz gəncdirlər. Biz tələbə təşkilatlarına demişik ki, onların asudə vaxtlarını məhz tələbələrin maraq dairələrinə uyğun olaraq təşkil edin. Tələbə təşkilatları da tələbələr arasında sorğu keçirirərək, kimlərlə görüşlərin təşkil edilməsini istədiklərini soruşur. Təbii ki, bu görüşlər etik və qanun çərçivəsində baş tutur.
Universitetdə tələbələrimizlə görüşənlər arasında yazıçılar da var. Məsələn, bu onlar arasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bir sıra ictimai xadimlər, tanınmış şəxslər də yer alıb. Universitetimizdə tələbələrin Nobel mükafatçısı Əziz Sancardan tutmuş akademiklərə, ziyalılara qədər hər kəslə görüşü keçirilir. O cümlədən də tələbələrin maraq dairəsində olan blogerlər, tanınmış şəxslərlə görüşü təşkil olunur. Başa düşmürük ki, burada ictimai qınağa səbəb olacaq nə var. Gənclər imtahan verir, dərslərdə oturur, rəsmi tədbirlərdə iştirak edir. Onlar da imtahan verir, stres keçirir. Burada qeyri-etik və ya qınağa səbəb olacaq heç nə yoxdur. Bu görüşlər tələbələrin öz şəxsi təşəbbüsü əsasında keçirilir. Universitet həm də tələbələrindir. Biz onlara tam sərbəstlik vermişik. Kimlə görüş keçirmək istəyirlərsə, dəvət edirik. Tələbə “filan blogerlə görüşmək istəyirik” deyəndə, bizim tələbə təşkilatı da qarşı tərəflə əlaqə saxlayır, razılıq əldə olunduqdan sonra vaxt təyin edilir. Hansı tələbə istəsə, gəlib könüllü şəkildə həmin tədbirdə iştirak edir”.
E.Məmmədova həmçinin söyləyib ki, tələbələrin bloger və sosial şəbəkə fenomenləri ilə görüşü təkcə UNEC-də deyil, digər ali təhsil ocaqlarında da keçirilir:
“Həmin şəxslərin də kənarda pullu konsertləri, görüşləri, tamaşaları baş tutur. Tələbə təşkilatları da bunu onlar üçün ödənişsiz təşkil edirlər. Tələbə ancaq dərs oxumalı, rəsmi tədbirlərdə olmalı deyil, həm də əylənməlidir. Biz onlara opera, balet və tamaşalara da bilet alırıq. Eləcə də blogerlərlə görüşlər keçirilir.
Bu cür görüşlərdə onların çox izlənən videoları nümayiş etdirilir. Əgər tələbələri maraqlandıran suallar varsa, qonaq onu cavablandırır.
Belə görüşlər zamanı həm də gənclər bu şəxslərin real həyatda özlərini necə apardıqlarını da görmüş olurlar”, - deyə o əlavə edib.