|
“Fevralın 14-də telefona, şəhidimin adına bir mesaj gəldi. Baxdım, oxudum, gözlərimə inanmadım. Mesajda deyilirdi ki, “Hörmətli Mahmudov Etibar Aleksandr oğlu, fərdi məşğulluq proqramının tərtib və əldə edilməsi üçün 5 iş günü müddətində Regionl məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşmağınız xahiş olunur. Əks halda işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılacaqsınız”.
Bu sözləri Etikxeber.az-a İkinci Vətən Müharibəsi Şəhidi Etibar Aleksandr oğlu Mahmudovun anası Əsmayə Mahmudova deyib. Mingəçevir sakini olan Əsmayə xanım deyir ki, 2 il 3 ay öncə şəhid olan oğlunun nömrəsini öz telefonunda istifadə edir. Mesaj da elə bu nömrəyə gəlib: Mənim övladım şəhid olub, bunların heçmi dünyadan xəbərləri yoxdur? Bu qədər məsuliyyətsizlik, bu qədər vicdansızlıq olarmı? Şəhidin ruhuna edilmiş hörmətsizlik aradan qaldırılsın, şəhidin ruhundan və məndən üzr istənilsin!”
Qeyd edək ki, Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı həlak olub. Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhid ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif olunub.