|
Hüseynov Valeh Sahib oğlu 1968-ci ildə Xocalı şəhərində doğulub. Orta məktəbi Xocalıda oxuyan Valeh daha sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə üz tutub. 1990-cı illərdə Qarabağda vəziyyət gərginləşəndə doğma şəhərini müdafiə etmək üçün yenidən Xocalıya gələn Valehin bütün həyatı alt-üst olur.
V.Hüseynov Xocalı soyqırımı zamanı həyat yoldaşını, əmisini, onun ailəsini və bir çox tanış və qohumlarını itirib.
- Valeh bəy, Xocalı soyqırımından əvvəlki günləri necə xatırlayırsınız?
- Xocalı tarixdə 3 dəfə dağılıb. Onlar bir dəfə də 1988-ci ildə hücum eləmişdilər. Onda mən hərbi xidmətdə olmuşam. Həmin vaxtı da xocalılılar onların cavablarını çox layiqli vermişdilər.
Ermənilər yenə hücuma hazırlaşırdılar. Azərbaycan bizim ana vətənimizdir, amma insanın doğulduğu kənd, qəsəbə onun üçün çox şirin olur. O vaxtlar bütün xocalılar kimi mən də silah alıb gecə-gündüz səngərlərdə durmuşam.
1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə isə Xocalı soyqırımı törədildi.
- Bildiyim qədərilə, Xocalı soyqırımı nəticəsində ilk həyat yoldaşınızı itirmisiniz...
- Həmin vaxtı mən 5 ay idi ki, ailə qurmuşdum. Gecə hadisələr başlayanda yoldaşımla evdə idim. Dəhşətli idi. Hər tərəfdən artilleriya, toplar, tanklar və s. ilə Xocalıya hücuma keçdilər. 366-cı motoatıcı alayın əsgər və zabitləri zirehli maşınlarla əliyalın Xocalının üstünə basqın etdilər. Bizdə isə bircə dənə BRDM (Zirehli Kəşfiyyat-Keşik Maşını) vardı. Əliyalın camaat məcbur olub qaçmağa başladı. Biz də məcbur olub evdən çıxdıq. Sonra gəldik insanları Qarqar çayından keçirdik. Beləliklə, Çətik meşəsinə qalxdıq. Hündür dağ, sıx meşəlik. Bəlkə də yarım metrə qədər qar var idi.
Orada elə dərələr vardı ki, düşənlərin əksəriyyəti çıxa bilmədi, soyuqdan öldü.
Ermənilər həmin meşəni gülləbaran edirdilər. Uşaqlar, qocalar, əl-ayağı tutmayanlar hamısı orada həlak oldular.
Bütün gecəni biz həmin dağda olduq. Yolda şəhid olanları görmək özü də bir faciədir. Çünki hamı bir-birini tanıyırdı. Biz oradan Əsgəranın başının üstünə qədər gəldik, orada bizim qarşımızı zirehli maşınlarla kəsib xeyli insanı öldürdülər.
Səlim adında bir oğlan vardı. Onunla təpəyə tərəf çıxdıq ki, haradan atdıqlarına baxaq. Niyyətimiz digər insanların rahat keçməsi üçün ermənilərin başını qatmaq idi.
Yoldaşım Səadətə dedim ki, sən bu camaatla get, biz gəlib sizə çatacağıq. Başqa bir yolla gəlib Ağdamın Şelli kəndinə çıxdım. Mənə dedilər ki, yoldaşın orada qaldı, gələ bilmədi. Həmin yolu bir də qayıtdım, yoldaşımı tapdım. Orada hardasa 12-13 nəfər qadın və uşaq idi. Dürdanə Ağayeva, Səidə, Elzamin da orada idi.
Onları götürdüm gəldim. Elə yerlər var idi ki, orada sürünmək lazım idi. Onlar sürünə bilmirdilər. Mən uzanıb yumalanırdım, onlara deyirdim ki, gəlib mənə çatın. Beləliklə, gəldik Qaraqayanın altına çıxdıq. Orada da bizi hər tərəfdən gülləbaran elədilər.
- Sizdə silah var idi?
- Bizdə bircə dənə avtomat vardı. Güllələrimiz qurtarırdı. Səlimə dedim ki, heç olmasa bir-bir at görək buradan çıxa bilirikmi. O da dedi ki, məndə güllə qurtarıb. Üstümdəki güllələri sürünə-sürünə ona aparırdım. Bu vaxt snayperlə atdılar, güllə avtomata dəydi və silahı onun əlindən yerə atdı. Silahsız qaldıq. Qabaqda uzanmışdım ki, gördüm yoldaşım çığırdı. Ona tərəf gəldim. Başını qaldırdı, mənə baxdı. İstədim bir az qabağa çəkəm. Əlimi atanda qana bulaşdı. Böyründən güllə dəyibmiş, orada şəhid oldu. Mən də orada qaldım. Sonradan həmin yerə gələnlər oldu. Ansamblda birgə işlədiyimiz qarmonçalan Akif vardı. Nə qədər elədi ki, gedək. Dedim, ya yoldaşımı da çıxartmalıyam, ya da onun yanında qalmalıyam.
Orada çox adam şəhid oldu. Bizim "sovez"in müdiri Şamil müəllimin xalası oğlu, Tapdıq kişi və onun iki övladı şəhid olmuşdu.
Dürdanəgil daha yeriyə bilmirdi. Təmiz çökmüşdülər. Bəlkə də 10 km-dən artıq dağ-dərə yollarını qışın soyuq havasında ac-susuz gəlmək çox çətin idi. Ayaqları donmuşdu.
Xocalı şəhidləri: Sol tərəfdəki fotoda hərbi formada olan V.Hüseynovun əmisi oğlu Taleh Hüseynov, sağda isə müsahibimizin həyat yoldaşı Səadət
- Xocalıda yaşananlar bütünlüklə faciədir. Bəs sizə ən çox təsir edən məqam hansı idi?
- Orada gənc bir ana yaş yarımlıq körpəsi qucağında şəhid olmuşdu. Körpə anaya söykənib ağlayır, möhkəm çığırırdı. Gəldim körpəni götürdüm ki, görək oradan çıxara bilirəmmi. Uşağı qucağıma götürdüm. Bir az getmişdim gördüm uşaq əlimdə keçindi. Baxdım ki, kürəyindən güllə dəyib. Getdim uşağı anasının yanına qoydum. Paltoya bükdüm. Gətirmək mümkün deyildi.
Ermənilər düzən yerdə meşədəki insanları hər tərəfdən əhatəyə almışdılar. Bəlkə də orada 500-dən çox insan şəhid oldu. Mən heç vaxt orada qətlə yetirilənlərin 613 nəfər olması ilə razılaşmıram. Çünki yalnız bir tərəfdə o qədər adam şəhid olubsa, bu say lap çox olmalı idi. Çünki xocalılılar müxtəlif istiqamətlərə - Dəhraz, Əsgəran, Şelli və s. istiqamətlərə getmişdilər. Bütün istiqamətlərdə də xeyli sayda insan öldürülmüşdü.
Orada bu cür çox hadisələr gördük. Sonda bir dərədə qaldıq. Bizi orada mühasirəyə aldılar, əsir düşdük. Mən hətta ayağa durub ermənilərin üstünə getdim ki, məni də vursunlar. Sən demə, onların da gülləsi qurtarıbmış. Məni vurmadılar.
Sonradan mənə dedilər ki, gülləmiz olsa, səni vuracaqdıq. Ümumilikdə 13-14 nəfər idik. Bizi aparıb xeyli müddət çayın içərisində saxladılar. Oradan isə Əsgərana milis şöbəsinə apardılar. Biz getdiyimiz yerdə Xocalıdan xeyli sayda adam vardı.
Xocalı 1990, sağda V.Hüseynov
- Ermənilər əsirlərə dəhşətli işgəncələr verirdilər..
- Çatdığım gün məni bir otağa saldılar. Ətrafıma 10-12 erməni yığışmışdı. Hərəsinin də əlində stol ayaqları. Birinci başımdan vurdular, huşumu itirib yıxıldım. Ayılanda gördüm ki, bədənim hər yerini sındırıblar, tərpənə bilmirəm. Məni sürüyüb başqa bir otağa saldılar. Orada bir ailədən üç nəfəri - Arazı, Fəxrəddini, Mikayılı şəhid elədilər. Bir çox insanı isə oradan çıxardılar. Onların aqibəti hələ də bilinmir.
Gitara ifaçısı olduğumu biləndə əllərimi peçdə yandırdılar, barmaqlarımı sındırdılar, dırnağımı çıxardılar. Dişlərimi, qabırğalarımı, hər yerimi sındırdılar. Deyirdilər ki, biz elə edəcəyik ki, sən bir də gitara çala bilməyəcəksən.
Əsirləri qarşılıqlı dəyişirdilər. Onlardan biri də Dürdanə Ağayeva idi. Onu buraxmaq istəyəndə getməmişdi. Qardaşı Elşada görə qaldı. Demişdi ki, ya qardaşımı da buraxın, ya da məni öldürün. Mənə o qədər işgəncələr verilsə də, heç vaxt özüm üçün ağlamamışam. Bir dəfə də olsa, erməniyə deməmişəm ki, eləmə. Dürdanənin oradakı çarəsizliyi isə gözümün qarşısından getmir. 20 yaşında bir qızın erməni əsirliyində olması... (dayana bilməyib ağlayır)
Orada 200 nəfərdən çox əsir vardı. Buraxılan buraxıldı, öldürülən öldürüldü. Mən orada tək qaldım.
Ermənilər səngərdən çıxıb ora gəlirdilər. Hamısı üstümə tökülüşüb məni döyürdülər. Qışın soyuq çağı, yer beton pəncərədə yalnız dəmir barmaqlıq vardı, şüşə yox idi. Betonun üstündə yarıçılpaq elə titrəyirdim ki, məni saxlaya bilmirdilər. Döyürdülər, bədənim isinirdi, yuxuya keçirdim bir vaxt ayılırdım ki, huşum gedib. Əlim elə yanırdı ki, oradakı soyuğa baxmayaraq əlimi qoymağa soyuq yer axtarırdım. Əlimi atıb “atapleniya”nın turbasından tutdum. Əllərim donub turbaya yapışmışdı. Ermənilər gəlib məni dartanda əlimin içinin əti qopub yapışmışdı.
- Sizi digər əsirlər kimi dəyişmirdilərsə, nə üçün o müddət ərzində öldürməmişdilər?
- Məni də əsirlərdən biri ilə dəyişmək istəmişdilər, amma alınmamışdı. Martın 6-sı bizimkilər Ağdamdan Əsgərana hücum eləmişdi. Onda ermənilər içəri girib məni ölümünə döydülər. Elə bilmişdilər ki, ölümüşəm, çıxıb getmişdilər. Mən həmin müddətdə 6 gün orada qaldım.
Yaxınlıqdakı erməni postuna Sabirabaddan İlqar adında bir oğlan düşmüş, onlarla təkcə döyüşmüşdü. Axırda minomyotla vurub əsir götürmüşdülər. Onu da gətirib yanıma uzatdılar, amma sifətini görmədim.
6 gün sonra məni sürüyə-sürüyə aparıb dərədən atdılar, gecəni orada qaldım, Səhər binoklla baxıb görüblər ki, tərpənirəm, məni yenidən götürüb Əsgərana gətirdilər.
Ora bir neçə gün sonra xocalılı Məhhəmməd kişi ilə Ələmdar kişini gətirdilər. Hər ikisini çox pis döymüşdülər.
Ələmdar kişi rəhmətlik yoldaşım Səadətin əmisi idi. Məni görüb tanımadılar. Məhəmməd dayı yerdə uzanıb su istəyirdi. Ermənilərə dedim ki, ağsaqqal adamdır, onlara su verin. Dedilər, istəyirsənsə, səni öz razılığınla döyək, onlara da su verək. Razılaşdım. Onlar nə qədər dedilər ki, eləmə, birtəhər dözəcəyik, dedim, artıq razılaşmışıq.
- Bütün bu işgəncələrə necə dözürdünüz?
- Yəqin bilirsiniz, Türkiyədə dağıntılar altından çıxarılan uşaqlar deyir ki, bizə bir kişi yemək gətirdi, su verdi. Bunlar hamısı olan şeylərdir. Çünki mən onu gözümlə görmüşəm.
Bir dəfəsində məni yenə möhkəm döydülər deyə, bədənim isindi, yuxuya getdim. Çox ayıq yatan insan olmuşam. Ayaq tappıltısı eşitdim. Kim idisə içəri girdi. Gözümü aça bilmədim.
Hiss elədim ki, dizimi və biləklərimi sıxıb getdilər. Həmin vaxt dəmir qapı şaqqıldamalı idi. Heç birini görmədim. Bədənim isinməyə başladı. Sanki mənə taqət gəldi. Yenə ayaq tappıltısı eşitdim, dərhal gözümü açdım. Həzrəti Yusif flimində Yaqub peyğəmbəri canlandıran aktyor kimi ağ geyimdə saqqalı bir kişi düz qarşımda dayanıb. Sanki mənim ayaqlarmın üstündədir, amma ağırlığını hiss eləmirdim. Saqqalını tumarladı, mənə baxdı və danışmağa başladı. Dedi ki, səni iki günə ananın yanına göndərəcəyəm. Bir az da döz. Gedəcəksən, narahat olma. Gözlərini yum yat. Gözlərimi yumdum. Addım səslərini eşitdim, o getdi. Gözümü yuxu tutdu. Yuxuda gördüm ki, hündür bir yerdəyəm, həmin kişi də məscidin həyətində dəstəmaz alır. Çevrildi mənə baxdı, dedi ki, sənə dedim yat.
Səhər durdum ki, əl və ayaqlarımda hərəkət var, üşümürəm. Ermənilər gətirdilər pambıqdan döşək verdilər. Üstümə adyal atdılar. Düzdür, onlar soyuqda heç bir kömək eləmirdi.
Sən demə, məni dəyişmək istəyirlərmiş, alınmayıb deyə, öldürməyə qərar vermişdilər.
- Bəs necə xilas oldunuz?
- Ermənilərdən biri silahı alnıma dirədi, biri də ürəyimi nişan aldı. Onlardan ayın tarixini soruşdum. Dedilər, martın 21-idir. Dedim ki, martın 22-si doğum günümdür. Dedilər ki, nədir, doğum gününə qədər yaşamaq istəyirsən? Başımla “hə” cavabını verdim.
Razılaşdılar, amma dedilər ki, doğum günündə səni işgəncə ilə öldürəcəyik. Dırnaqlarına biz soxacağıq, dilini, qulağını, burnunu kəsəcəyik, ətini kəsib özünə yedirəcəyik. Dedim ki, edin. Yenidən məni əvvəlki yerə aparıb saldılar.
Adama deyəndə ki, dırnağına biz soxacağıq, ətini özünə yedirdəcəyik, həyəcanlanır. Səhər qapını açdılar. Erməni gəldi üzümə baxdı, sonra getdi güzgü gətirdi. Dedi, saçına bax. Bir gecədə qorxudan saçımda ağ tüklər əmələ gəlibmiş. Həmin gecə şəkər də tutmuşam.
Axşamtərəfi 4 erməni gəlmişdi. Onlar məni tanıdı. Birgə hərbi hazırlıq dərslərinə getmişdik. Mənə lobya supu və soyutma ət gətirdilər. Ac qalmaqdan mədəm yapışmışdı, yediyim mədəmə getmədi, qayıtdı.
Səhər gələndə bir fotomu göstərib soruşdular ki, sənsən? Təsdiqlədim. Gördüm ki, bunlar sıravi əsgər yox, zabitdir. Onlardan biri Vitali Balasanyan idi. Çıxıb getdilər.
Xocalı 1990, müğənni Süleymanın toyunda V.Hüseynov gitarada ifa edir
22-si günü məni döydülər. Başıma vedrə keçirib vedrəyə vurdular. Çıxan o səs hələ də qulağımdan getmir. Axşamtərəfi həkimlə gəldilər. Həkim üz gözümü təmizlədi, əynimə hərbi paltar, corab, ayaqqabı geyindirdilər. Düşündüm ki, öldürməyə aparırlar.
Məni “UAZ”a apardılar. Orada bir nəfər azərbaycan dilində “Valeh sənsən” soruşdu. Çevrildim ki, Zahid Qarayevdir. Allahverdi Bağırovun köməkçisi idi. Məni aparmağa gəlmişdi. Yenə də inana bilmirdim. Məni Ağdamla Əsgəranın arasında bir yerə qucaqlarında apardılar. Allahverdi Bağırov məni görcək “sən Valehsən” soruşdu. Ermənilərin üstünə cumub “şərəfsizlər, alçaqlar, niyə bizim insanlarını bu günə qoyursunuz”dedi. Məni 3 erməni qadını ilə dəyişmişdilər.
Onlar A.Bağırovun əlini öpürdülər ki, bizi döyməyiblər, yemək veriblər.
Məni Ağdama gətirdilər. Atamgil qarşıladı. Ondan sonra da evsiz-eşiksiz çox çətin günlər keçirdik. Dörd bacım mənə görə xəstə düşdü.
- Çox dəhşətli günlər yaşamısınız. Danışdıqca hadisələri sanki yenidən yaşayırsınız. Bunları unutmağa, geridə qoymağa çalışmısınızmı?
- 2010-cu ilə qədər heç bir jurnalisti, heç bir çəkilişi yaxınıma buraxmamışam. Çünki insan danışdıqca o hissləri yaşayır. Bir yerə gedirəm fikrim orada qalır. Gecə yatanda o günləri fikirləşib yatıram. Səhər duranda onunla dururam. Bəzən mənə deyirlər ki, yoldaşını çox sevirmişsən. Söhbət istəkdən getmir. O mənim bir ailə üzvüm idi. Mənim əmimin ailəsi hamısı qırıldı. Əmim özü, yoldaşı, iki oğlu, bir qızı, 3 nəvəsi, hamısı şəhid oldu. O hissləri unutmaq mümkün deyil.
- Necə oldu ki, danışmağa qərar verdiniz?
- Sonradan avropalılar gəldi, məni axtarıb tapdılar. Onlar dram çəkmək istəyirdilər, razılaşmadım. Dedim ki, mən aktyor deyiləm, sənədli film çəkin. Mənim köməkliyimlə ssenarini dəyişdilər. Çəkiliş yerlərini də mən seçdim.
Uşaqlıqdan mədəniyyət sahəsində olan adamam. Bu işlərdən az-çox başım çıxır. Özümün Xocalıda 12 m uzunluğunda texniki avadanlıq dolu bir otağım vardı. Evimdə nəfəs aləti istisna olmaqla bütün musiqi alətləri vardı. Onlar da mənim bacardığımı görüb məsləhətlərimi dinlədilər.
“Sonsuz dəhliz” adlı çox gözəl bir sənədli film alındı. Filmin italyan, alman, rus və türk dilində versiyaları oldu. Hətta sənədli film Birinci vitse-prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə ABŞ aktyoru, rejissoru Stiven Siqalın prodakşınında montaj olundu. Hətta S.Siqalın rejissoru ilə prodüseri Azərbaycana gəlib mənimlə görüşdülər. Dedilər ki, biz səni görmək istəyirdik ki, görək, bu adam aktyordur, yoxsa həmin adamın özüdür. O film Xocalı faciəsini tanıdan ən böyük filmlərdən oldu.
- Ermənilər sizə demişdilər ki, bir də gitara çala bilməyəcəksiniz. Ondan sonra ifa etmək sizə çətin gəlmədi?
- Mingəçevirdə bir həkim vardı. O mənim əllərimi sağaltdı. Hər iki əlimdə də əyrilik qalsa da, bir az açılır.
Sonra çox çətinliklə bir gitara tapdım. Toya gedirdim, əllərim şişirdi. Toy yiyəsi bilmir axı. Hətta elə olub ki, tamada mikrofonda deyib belə-belə. Ondan sonra camaat məni başa düşüb, hətta çox böyük hörmət qoyublar.
Əsirlikdən xilas olandan sonra çox adam düşünürdü ki, başıma hava gələcək. Çünki yaşadıqlarım asan deyildi.
Musiqi olmasaydı, bəlkə də mənim ürəyim partlayardı, ölərdim. Bəzən elə olur ki, sənə ən yaxın insanla da dərdləşə bilmirsən. Bəlkə də heç kəs anlamır. Çox pis hiss edəndə gitaranı əlinə götürüb ürəyini boşalda bilirsən. Onunla dərdləşirsən.
- Yəqin ki, Vətən müharibəsi zamanı torpaqlarımız azad edildikcə ən çox sevinənlərdən biri də siz olmusunuz.
- Mən uzun illər toylarda ancaq kimsə məni çağıranda, qəlb qırmamaq üçün qol qaldırıb oturmuşam. Heç biri ürəkdən deyildi.
44 günlük Vətən müharibəsində ordumuz qələbə qazandıqca qəsəbədə hamı küçəyə çıxırdı, musiqi çalıb oynayırdılar. Mən də sevindiyimdən onların içərisində ağlaya-ağlaya yallı oynamışam.
- Situasiyalar fərqli olsa da, görürəm ki, Türkiyədə olanlar sizi çox sarsıdıb..
- Bu gün Türkiyədə baş verənlərə baxanda ürəyim ağrıyır. Nə qədər körpə ailəsiz qaldı. Bəlkə də məcburiyyətdən bir-birindən ayrı düşəcəklər. Bu hadisələrin mənə çox pis təsir etməyinin səbəbi də başımıza gələnlərdir.
Dediyim kimi, Xocalıda ailəmizdən şəhid düşənlər çox olmuşdu. Onlardan biri də əmim qızı Zərifə idi. Onunla birgə bir qızı şəhid olsa da, iki qızı- Həmayılla Gülnar sağ qamışdı.
Faciədən sonra uşaqları bir müddət ana nənəsi saxlasa da, dolanışıq çətin olduğundan balaca qızı (Gülnar) qohumlarından birinə övladlığa verir.
Həmayıla isə bacısının öldüyünü deyirlər. Onlar da bina evlərində qalırdılar. Bir müddət sonra Həmayıl həyətdə uşaqlarla oynayanda qapısı açıq olan evə girirlər. Həmayıl həmin evdə uşaq arabasında bacısını görür. Gəlir evdə ağlayır, deyir ki, bacım sağdır. Sonda məcbur qalıb ona həqiqəti deyirlər. Deyirlər ki, qoy bilməsin. Həmayıl bacısı ilə rəfiqəlik etməyə başlayır. Həmayıl anasından qalan bircə üzüyü Gülnar böyüyüb nişanlananda ona hədiyyə verir. Kiçik qız üzük qədimi olduğu üçün aparıb satır. Həmin üzüyə görə qızların arası dəyir. Gülnar üzüyü gətirib Həmayıla qaytarsa da, onunla danışmır. Gülnarın iş yoldaşı ona bütün həqiqətləri danışır.
Sonradan onu böyüdən ailəsindən də hər şeyi öyrənir. İndi şükür ki, görüşürlər. Çox adama elə-belə gəlir, amma bu, ürəkdə bir yaradır. Türkiyədə də yəqin ki, bu cür hadisələr olacaq. Mənim 3 qızım var, amma fikrimdə tutmuşam ki, gedib bir uşaq götürəm. Onlar indi necə əlacsızdırsa, biz də Xocalıda elə olmuşuq.
Fotoda Xocalıdan olan Həmayıl və Gülnar bacıları
- Xocalı hadisələrindən neçə il sonra ailə həyatı qurdunuz?
- 3-4 il sonra çalğısız, təmtəraqsız kiçik bir məclis təşkil elədik. Heç o günü düz-əməlli xatırlamıram da.
54 yaşın içindəyəm. Bəzən mənə deyirlər ki, nə gündəsən? Ürəyimdə problem var. Şəkər xəstəsiyəm. Gözüm də əməliyyat olunmalıdır. Tromblaşma qoymur ki, yatam. O vaxtı 10 gündən bir saçımın ağ tüklərini çıxartdırırdım ki, cavanam. Evdə bilmirdilər.
Bilirsiniz, əvvəllər müsahibə vermirdim. Amma indi deyirəm ki, danışmaq lazımdır. Ermənilərin vəhşiliklərini hamı bilməlidir, yaddan çıxarmamalıyıq.
Mən qızlarım lap balaca olanda da qarşıma qoyub demişəm ki, həyatda hər şey olur, möhkəm olmaq lazımdır.
- Vaxt ayırdığınız üçün çox sağ olun.
- Siz də sağ olun.
Söhbətləşdi: Billurə Yunus