İlham Əliyevin doğum günüdür

Fazil Musayev - 8 noyabr bizim Zəfər hekayəmizdir! Ölkəmiz üçün qalibiyyət müjdəsinin, bütövlük möcüzəsinin başlanğıcıdır. Ardınca 2023-cü ilin 23 sentyabrının özü ilə gətirdiyi suverenlik faktı, daha sonra həmin ilin 15 oktyabrında Xankəndidə bayrağımızın ucalma təntənəsi, siyasi arenada güclənən nüfuz, diplomatik səriştə və əzmin yetirdiyi yeni bir Azərbaycan! Bütün bunların nəticəsidir ki, Zəfər gününü – tarixi taleyimizdə xüsusi rolu olan bu hadisəni bütün mənalarda istiqlalını qazanmış, sərhədlərini bərpa etmiş, böyümüş, güclənmiş, nüfuzunu və səriştəsini artırmış bir ölkənin vətəndaşları kimi qarşılayırıq.

Artıq zaman deyil, proseslər, situasiyalar fərqli şəkil alıb. Zəfər tariximizin müstəsna tarixi fenomen olduğunu günbəgün daha dərinliyi ilə hiss etməkdəyik. Bu mənada, nəzər nöqtələri, diskurslar, yanaşmalar dəyişib və dəyişməkdədir. Yəqin ki, tədricən şüuraltı axın daha dərinlərə işlədikcə çağın obrazını daha əhatəli, epik panoram genişliyi ilə idrak edəcəyik. Amma bu günün içindən belə aydın görünən, getdikcə bütün yönləri ilə sərgilənən həqiqətlər var ki, onlarla bağlı qənaət birmənalı olaraq sabitdir. Məsələn, böyük qələbəmizi bizə qazandıran dəyərlər, təməllər, siyasi sistemin möhkəm sütun üzərində pərvəriş tapması və s. Bunlar hamısı Ümummilli lider Heydər Əliyevin dühasında qurulan, dövlət müstəqilliyinin möhkəm təməllərini yaradan əməllər sırasında ehtiva olunmuşdur. O əməllər ki, ölkə başçısı İlham Əliyevin siyasətində sabahlı bir gələcək kontekstindən mündəricə qazandı. İlham Əliyev müstəqil dövlətçiliyi bütün istiqamətlər üzrə inkişaf etdirərək yeni mərhələyə çıxardı. Əlbəttə ki, tarixi taleyimizdə həlledici səhifə açan epoxal hadisənin adı Qarabağda qazanılan Zəfər oldu. Amma bura qədər də İlham Əliyev yeni epoxanın, yeni əsrin meydana çıxardığı, böyük siyasi-ideoloji məktəb keçmiş, Azərbaycan dövlətinin dayaqlarını əsaslı şəkildə inkişaf etdirərək möhkəmləndirən və yeni üfüqlər açan qüvvətli lider kimi özünü çoxdan təsdiq etmişdir. Azərbaycan neft siyasətini ardıcıl və yüksək səviyyədə inkişaf etdirməsi, dünya ölkələri ilə inteqrasiya proseslərinin daha da genişləndirilməsi, bir çox hallarda isə yeni əlaqələrin yaranmasına yol açması, müxtəlif layihələr əsasında ölkədəki rifaha çalışması, quruculuq işlərinin möhkəmlənməsi və geniş şəkil alması prosesində xidmətləri və s. Bu mənada, hakimiyyətdə olduğu bütün illəri İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi üçün keçdiyi hazırlıq mərhələsi də adlandıra bilərik. O vəsiyyət ki, özündə müstəqillik andı, xalq amili, milli mənafe, ölkə maraqlarını meyara çevirmək kimi ən ali dəyərləri ehtiva edir. Bunu yalnız siyasi arenada deyil, milli mədəniyyətə münasibətdə də gerçəkləşdirmişdir İlham Əliyev. Zənnimcə, bu kimi həssaslığı da Ümummilli lider Heydər Əliyev dühasına, şəxsiyyətinə, onun mədəniyyətə, ədəbiyyata baxış tərzinə aid milli dəyərlər sistemi hesab etmək olar. Prezidentin elə son illər imzaladığı sərəncamlara diqqətli olsaq, görmək çətin olmaz - "Multikulturalizm ili", "İslam həmrəyliyi ili", "Azərbaycan Xalq Cümhuriyyəti ili", "Nəsimi ili, "Nizami ili", “Şuşa ili”, “Heydər Əliyev ili” - bunlar Heydər Əliyev yolunun yeni tarixi formatda davamının əyani sübutudur. Bu sərəncamların hər biri xalqın dövləti şüurunun güclənməsində, vahid bir ideya ətrafında köklənməsində, insanların milli və tarixi dəyərlər üzərində səfərbər edilməsində, öz tarixi kimliyindən uzaq düşməməsində böyük rol oynayır. Eləcə də mental dəyərlərimizi, kimliyimizi dünyaya bəyan edir, daha sistemli və davamlı təlqinlərə imkan yaradır. Nəhayət astanasında olduğumuz COP 29 konfransının humanist fəaliyyəti, “Yaşıl dünya naminə həmrəylik” ilində dünyaya təbiətin saflıq pəncərəsindən baxmaq fərqliliyimiz!

Müharibədəki zəfərimizi də elə xislətimizdəki məğrur ruhun gücü ilə qazandıq. Azərbaycançılıq idealımız, məfkurəçi düşüncəmiz qalib gəldi. Diqqət eləsək görərik ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zaman kəsimlərində Azərbaycan idealını tam vurğusu ilə qoruyub yaşada biləcəyi qutsal anlayışa çevirmişdir. İlham Əliyev də həmin idealı energetik passionarlıqla həm tarixi-kulturoloji, həm də hərbi-siyasi kontekstdə tarixin ən dramatik və xaotik dalğalarından zədəsiz çıxarmağa müvəffəq oldu.

Bu 44 gündə Azərbaycan öz bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın göz önünə sərdi. Müstəqillik mentaliteti və statusunu hər zaman qoruyan Ali Baş Komandan İlham Əliyevin dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı  isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu. Bu Müzəffər Liderliyi türk tarixinə iz salmış, onun coğrafiyasından tutmuş mənəvi ərazilərin vəhdətinə qədər bütöv silsilə yaradan, hünər meydanında ad çıxaran, türk intibahının yaranmasında misilsiz rol oynayan fatehlərin milli taleyin iştirakındakı əvəzsiz xidmətləri ilə eyni müştərək müstəvidə kəsişdirmək olar.

Ən yeni Azərbaycanın modeli, onun modern fəlsəfəsinin idrakı addım-addım gedilən bu Zəfər yollarının üfüqündə idi. Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında fundamental strateji mövqeyi ilə görünməklə yeniliklərə imza atmaqdadır. Bu yeniliklərlə həm də yeni milli-mənəvi arxitekturanın əsası qoyulur. 8 noyabr isə bütün hallarda ən yeni tariximizin başlanğıc məqamı, xalqın içindəki  susmayan nidanın, kükrəyən coşğunun ünvanı olaraq qalır və bu, hər zaman belə olaraq qalacaq:

Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!

Bu müqəddəs Zəfəri bizə qazandıran hekayə qəhrəmanlarına - müqəddəs şəhid ruhlarına və igid qazilərimizə isə bir ömür şükran borcumuz var!

21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
19 Noyabr 2024 Fazil Musayev: Azərbaycanda COP29-a yüksək təşkilatçılıqla öz nümunəvi modelini dünya birliyinə təqdim etməklə, hər zaman üzərinə düşən öhdəliyə vicdanla və peşəkarlıqla yanaşdığını göstərir
19 Noyabr 2024 Məhəmməd Musayev: Böyük Zəfər və sabitlik yolu
19 Noyabr 2024 Onlar da əsgər aparılır - RƏSMİ
18 Noyabr 2024 Araz Bəndəliyev: Azərbaycanın səyləri artıq öz bəhrəsini verir
18 Noyabr 2024 İlham Cəbrayılov: Biz yaşıl keçidin güclü carçısı olacağıq
18 Noyabr 2024 Mehman Qəhrəmanov: Dirçəlişin və birliyin rəmzi
18 Noyabr 2024 Gülağa Əliyev: Tarixi Qələbəmizin simvolu

Xəbər lenti