|
Xaricdə özünə sığınacaq tapmış bir sıra anti-milli ünsürlər imkan tapan kimi Azərbaycan dövləti əleyhinə çıxışlar edir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, bu insanlar ölkədə qanuni konstitusion quruluşun devrilməsinə, ölkədə xaos və anarxiyanın yaranması lehinə çağırışlarla gündəmə gəlməyə çalışırlar:
“Məqsədləri də Azərbaycanda mövcud olan sabitliyi, təhlükəsizlik mühitini pozmaq və idarəolunan xaos vəziyyəti yaratmaqdır. Onlar bununla vətəndaş itaətsizliyinə nail olub qanuni hakimiyyətin devrilməsini həyata keçirmək istəyirlər. Bu kimi antimilli ünsürlərin sırasında Vidadi İsgəndərli xüsusi canfəşanlığı ilə seçilir. Onun antiazərbaycan mövqeyini təhlil etdikdə başqa bir qənaət də hasil olur ki, bu insanın çox ciddi əqli problemləri var. Çünki öz çıxışlarında məntiqə sığmayan ifadələr işlədir. Ümumiyyətlə, onun bütün ritorikası yalnız söyüş və təhqirdən ibarətdir. O, bəzən elə küçə söyüşlərindən istifadə edir ki, onun məktəbə getməsi, ali təhsil alması, kitab üzü açmasına belə şübhə edirsən. Hesab edirəm ki, Vidadi İsgəndərli ilə bağlı fikir söyləməyə mənim tam haqqım çatır. Çünki o, Göyçayda doğulub və mən də Göyçaydan seçilmiş millət vəkiliyəm. Dəfələrlə seçicilərlə görüşlərimizdə, xüsusilə, 11 apreldə prezident seçkiləri ərəfəsində təbliğat, təşviqat prosesi gedişatında göyçaylılar bildirirdi ki, Vidadi İsgəndərli bu torpaqda doğulsa da, Göyçayın və göyçaylıların adından danışmağa onun mənəvi haqqı yoxdur. O səbəbdən ki, dövlətimizə, dövlətçiliyimizə qarşı dayanan antiazərbaycan qüvvələrinin əlində alət olub. Onlar müəyyən vəsaitlər hesabına onu öz dövlətinə və xalqına qarşı formalaşdırıblar”.
Millət vəkili vurğulayıb ki, əslində bu insan azərbaycanlı kimliyini itirib:
“Hətta artıq o, elə bir səviyyəyə gəlib çatıb ki, öz atasının qəbrindən siyasi şou düzəldib. Bütün araşdırmalar və təhlillər göstərdi ki, onun iddiaları əsassızdır. Sadəcə olaraq, bütün bunlar onun sahiblərinin qurduğu ssenarinin tərkib hissəsidir. Vidadi İsgəndərli də həmin ssenaridə öz rolunu oynayır və buna görə də “zəhmət haqqı” alır. Bütün bunları xalqımız çox gözəl görür. Vidadi İsgəndərli kimi antimilli ünsürlərin arxasında dayanan siyasi qüvvələr çalışır ki, Azərbaycanda xalq ilə hakimiyyət arasındakı monolit birliyi pozsun. Amma onların arzuları hər zaman olduğu kimi, bu dəfə də ürəklərində qalacaq. Bunlar öz məqsədlərinə bir dəfə nail olublar. 90-cı illərin əvvəllərində onların ssenariləri işləyib. Bunun da yeganə səbəbi odur ki, o zamankı tarixi reallıqda xalq ilə hakimiyyət arasında çox böyük uçurum var idi. O dövrün hakimiyyəti antimilli siyasət həyata keçirirdi və diktə altında fəaliyyət göstərirdi. Heç bir halda xalqın milli maraqları məsələsi gündəmdə yox idi. Ona görə də o hakimiyyətlər bu gün artıq tarixin arxivinə qovuşub. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xalqın nicatı tapıldı və dövlətimizin gələcək inkişafının əsası qoyuldu. Bu gün də Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın beynəlxalq arenada artıq çox böyük müsbət imici var:
“Buna görə də həmin antimilli ünsürlərdən istifadə edirlər ki, Azərbaycanın bundan sonrakı inkişafına kölgə sala bilsinlər. Amma bütün bunların nəticəsi olmur. Xalqın gözü tərəzidir. Qətiyyətlə söyləyərdim ki, xalq çox gözəl bilir ki, bu qüvvələrin əsl niyyəti nədir. Ona görə də Vidadi İsgəndərli kimi sapı özümüzdən olan baltalar nə qədər çox sabitliyi pozmağa cəhd etsələr, bir o qədər əks-effekt yaranır. Bizim çox böyük hədəflərimiz var və Vidadi İsgəndərli kimi cılız insanların bu hədəflərin qarşısını almaq üçün heç bir gücü, potensialı yoxdur; nəinki onun, elə onun arxasında duranların da...”