|
Bütün dünyanın çap mediasından imtina etdiyi bir zamanda Azərbaycanda əksər dövlət qurumlarının hələ də rəsmi qəzeti işıq üzü görür.
Hətta bəzi qurumların bir deyil, bir neçə qəzeti var ki, onlar da fəaliyyətlərini abunə üzərində qurublar. Bu qəzetlərin əksəriyyətinin məcburi alıcıları da məhz həmin qurumun əməkdaşlarıdır.
Maraqlıdır, internet əsrində oxucusu olmayan, heç bir gəlir gətirməyən bu sahə qəzetlərinə ehtiyac varmı?
Mövzu ilə bağlı Axar.az-a danışan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, hansısa nazirliyin, dövlət qurumunun rəsmi qəzet nəşr etməsində qanunsuz heç nə yoxdur. Lakin müasir dövrdə bu qəzetlərə ehtiyac yoxdur:
“Bu məsələnin iki tərəfi var. Biri qanunvericilik tərəfidir ki, bu da həmin qəzetlərin mövcudluğunu qadağan etmir. Qanunda var ki, idarələr, müəssisələr, dövlət qurumları özlərinin KİV qurumunu təsis edə bilərlər.
Ancaq ikinci bir tərəf ondan ibarəətdir ki, müasir dövrdə çap mediasına nə qədər zərurət var. Bu qəzetlərin xeyri daha çoxdur, ya ziyanı? Məsələ belədir ki, zamanında böyük qurumların özlərinin qəzetləri, jurnalları və ya radioları vardı. Bu, daha çox xüsusilə həmin sahə ilə bağlı məlumat vermək və qurum əməkdaşlarını məlumatlandırmaq üçün nəzərdə tutulmuşdu.
Qanunda da göstərilir ki, hər bir idarə və müəssisə haqqında hər kəsin məlumat almaq hüququ var. Qanun tələb kimi qoyur ki, hər bir ictimaiyyətlə işləyən qurum və müəssisələrin onlayn resursları olmalıdır və burada bütün məlumatlar yerləşdirilməldir. Bu zaman belə sual yaranır ki, əgər qanunun belə bir tələbi varsa və rəsmi veb səhifələrdə yerləşdirilirsə, bu qəzetlərə nə ehtiyac var? Xüsusilə nəzərə alsaq ki, bu gün əksəriyyət internet istifadçisidir və məlumatı onlayn əldə etmək imkanı var”.
M.Ələsgərli bildirib ki, dövlət qurumlarının rəsmi qəzetləri saxlamasında başqa səbəblər də var:
“İdarələr, müəssisələrin büdcəsində adətən reklam nəzərdə tutulur. Bu müəssisələr həmin büdcəni kənar aparıcı KİV-lərə yox, özlərinin təsis etdikləri KİV-lərə verirlər və bu da adətən normal qarşılanmır. Belə bir şey var ki, əgər sizin məhsulunuz ümumi cəmiyyət üçündürsə, cəmiyyətə təsir imkanı olan böyük KİV-lərlə işləməlisiz ki, reklamınız daha geniş yayılsın.
Dövlət qurumlarının hələ də qəzetlərinin işıq üzü görməsi bir növ dövrü başa çatmış prosesdir. Dövlət qurumları özləri dəyərləndirmə aparmalıdırlar ki, bu qəzetlərə ehtiyacları var, ya yoxdu. Həm artıq texnologiya başqadır, həm də qanunvericiliyin tələbləri fərqlidir, daha moderndir. Bu səbəbdən dövlət qurumlarında da daha modern texnologiyanın tətbiq edilməsinə ehtiyac var”.
“Yeni Müsavat” media Qrupunun rəhbəri Rauf Arifoğlu da hesab edir ki, dövlət agentliklərinin, komitələrin, idarə və təşkilatların rəsmi qəzet çap etməsinə heç bir ehtiyac yoxdur:
“Bu mətbu orqanlarının fəaliyyəti təcili şəkildə dayandırılmalıdır. “Kütləvi informasiya vasitəsi” adlanan bu vahidlərə xərclənən pullar sadəcə izafi məsrəfdir. Ümumiyyətlə, sahə qəzetləri dünyanın demək olar ki, heç bir yerində uğur qazana bilməyən bir vasitədir. Ona görə də kommunizmin qalığı olan bu qəzetləri ləğv etmək lazımdır”.