|
Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub.
Nazirlər Kabinetindən Axar.az-a bildirilib ki, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir.
Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.
Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır.
Qərara əsasən, dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisas birləşdirilib, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar təsnifata əlavə edilib.
“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”na əsasən, ixtisas qrupları üzrə aşağıdakı dəyişikliklər olub:
“Təhsil ixtisasları” qrupunda olan 22 ixtisasdan biri (“Rəqs müəllimliyi”) çıxarılıb, 2 ixtisasın adında isə dəyişiklik edilib. Hazırda bu qrupda 21 ixtisas var.
“Humanitar və sosial ixtisaslar” qrupunda olan 17 ixtisasdan biri (“Antropologiya”) çıxarılıb, 2 ixtisas (“Kitabşünaslıq” və “Kitabxanaçılıq və informasiya”) isə bir ad altında birləşdirilib, “İslamşünaslıq” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 15 ixtisas var.
“Mədəniyyət və incəsənət ixtisasları” qrupunda olan 21 ixtisasdan 8-i müxtəlif sahələri əhatə etdiyindən və bəzi hallarda həmin sahənin adı ixtisasın adı kimi təsnifatda qeyd olunduğundan (məsələn, “Solo oxuma”, “Estrada sənəti”, “Kinoşünaslıq”, “Teatrşünaslıq” və s.) bu ixtisaslar bir ad altında birləşdirilib, onlara“sahələr üzrə” sözləri əlavə edilib. Hazırda bu qrupda 18 ixtisas var.
“İqtisadiyyat və idarəetmə ixtisasları” qrupunda 12 ixtisasdan 4-ü digər uyğun ixtisaslarla eyni məzmun təşkil etdiyindən (məsələn, “Dünya iqtisadiyyatı”, “İqtisadiyyat”, “Biznesin idarə edilməsi” və “Kommersiya”), onlar birləşdirilib və beynəlxalq təcrübəyə uyğun ad qoyulub. “Mühasibat uçotu və audit” ixtisasının adı “Mühasibat” olub, “Beynəlxalq ticarət və logistika” adlı tamamilə yeni ixtisas əlavə edilib. Hazırda bu qrupda 10 ixtisas var.
“Təbiət ixtisasları” qrupunda ixtisasların adları məqsədəuyğun olduğundan burada heç bir dəyişiklik edilməyib, yalnız “Biotexnologiya” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 11 ixtisas var.
“Texniki və texnoloji ixtisaslar” qrupunda əsaslı dəyişikliklər edilib. Belə ki, məzmunca eynilik təşkil edən bəzi ixtisaslar birləşdirilib və daha müasir adlarla adlandırılıb, bəziləri dar ixtisaslaşmanı əhatə etdiyindən təsnifatdan çıxarılıb. Beləliklə, 29 ixtisas ləğv edilərək, 10 yeni adlı ixtisas yaradılıb, 8 ixtisasın adı dəyişdirilib. 59 ixtisasın sayı 40-a qədər azaldılıb.
“Kənd təsərrüfatı ixtisasları” qrupunda mövcud olan 12 ixtisasdan 4-nün adı dəyişib, 2-si (“Aqromühəndislik” digər qrupa keçirilib, “Zootexnik”) çıxarılıb və 1 yeni ixtisas (“Zoomühəndislik”) əlavə olunub. Bu qrupda hazırda 11 ixtisas var.
“Səhiyyə, rifah və xidmət ixtisasları” qrupunda da ciddi dəyişikliklər edilib. Qrupda olan 9 ixtisasdan 3-ü (“Həkim yardımçısı”, “Bədən tərbiyəsi və idman” və “Turizm və otelçilik”) çıxarılıb, 1-nin adı dəyişib və 4 yeni ixtisas əlavə olunub. Hazırda qrupda 10 ixtisas var.
“Tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar” qrupunda olan 4 ixtisasın sayı dəyişməsə də, burada 1 ixtisas (“Tibbi profilaktika”) çıxarılıb, 1 ixtisas (“İctimai səhiyyə”) əlavə olunub, 2 ixtisasın adı dəyişdirilib.
“Xüsusi təyinatlı ixtisaslar” qrupunda mövcud 10 ixtisasdan 3-nün adı dəyişdirilib, 5-i çıxarılıb (bunlardan 1-i digər qrupa keçirilib), 3 adda tamamilə yeni ixtisas əlavə edilib. Yeni ixtisaslardan 2-si artıq keçən il Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ümumilikdə ixtisasların sayı 8-ə enib.
Qeyd edək ki, ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı barədə ilkin məlumatlar ötən gün yayılmışdı.