Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Nazir Baş Polis İdarəsində Gəncə də daxil olmaqla respublikanın Qərb bölgəsinin 10 şəhər və rayonundan, eyni zamanda, həmin zonada məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbul üçün müraciət edən 34 vətəndaş ilə görüşüb.
V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyərək, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Sonda nazir bölgənin ərazi polis orqanlarının qəbulda iştirak edən rəislərinə bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul edilməsini, hər bir struktur qurumda insanlarla münasibətdə etik davranış qaydalarına ciddi əməl olunmasını, onların qəbuluna daim xüsusi həssaslıqla yanaşılmasını, hüquq və azadlıqlarının, qanuni mənafelərinin yüksək səviyyədə qorunmasını, qeyd olunan işin rəhbər heyət tərəfindən gündəlik nəzarətdə saxlanılmasını tələb edib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.