![]() |
|
"Azərbaycanda pensiya alanların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya alması hədəflənir".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir bunun birbaşa əməkhaqqı bazarından asılı olduğunu bildirib: "Əməkhaqları tam leqallaşmalı və burdan toplanan sosial sığorta haqları vətəndaşlara pensiya olaraq ödənilməlidir".
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.
Azərbaycan İnvestisiya Holdinqinin nizamnaməsini təqdim edirik:
1.1. Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra – AİH) onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. AİH öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. AİH öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. AİH ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. AİH bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. AİH-in müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.
1.6. AİH-in əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. AİH-in rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda – Azərbaycan İnvestisiya Holdinqi, qısaldılmış halda – AİH;
1.7.2. ingilis dilində tam halda – Azerbaijan Investment Holding, ingilis dilində qısaldılmış halda – AİH.
1.8. AİH Bakı şəhərində yerləşir.
2. AİH-in fəaliyyət istiqamətləri
2.1. AİH-in fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.4. qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil etmək;
2.1.5. dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək;
2.1.6. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi xidmətlər bazarına özəl investisiyaları cəlb etmək, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq;
2.1.7. dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün onların səmərəlilik göstəricilərini müəyyən etmək və monitorinqini aparmaq;
2.1.8. dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
2.1.9. dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq;
2.1.10. dövlət müəssisələrinə dövlətin ayırdığı investisiyalardan səmərəli istifadəyə nəzarət etmək;
2.1.11. dövlət müəssisələrinin özəlləşdirilməyə (tam və ya qismən) hazırlanmasında iştirak etmək;
2.1.12. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. AİH-in vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, AİH-in vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət müəssisələrində dövlətə məxsus səhmlərin (payların) idarə olunmasını təmin etmək;
3.1.3. investisiyaların cəlb olunması və səmərəli idarə edilməsi yolu ilə dövlət müəssisələrinin inkişafına nail olmaq, onların özəlləşdirməqabağı sağlamlaşdırılmasını təmin etmək;
3.1.4. dövlət müəssisələrinin uzunmüddətli inkişaf və biznes planlarının təsdiqi üçün rəy vermək, biznes planlarında qoyulan hədəflərin monitorinqini aparmaq;
3.1.5. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlbinin stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və tədbirlər görmək;
3.1.6. dövlət müəssisələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi, o cümlədən maliyyə vəziyyətinin yaxşılaşdırılması və gəlirlərinin artırılması üçün tədbirlər görmək;
3.1.7. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək;
3.1.8. iqtisadiyyatın modernizasiyası və diversifikasiyası proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.9. iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən sosial əhəmiyyətli innovativ sənaye layihələrində iştirak etmək;
3.1.10. dövlət müəssisələrinin restrukturizasiyası ilə bağlı təkliflər vermək;
3.1.11. dövlət müəssisələrinin hesabatlarına dair tələbləri müəyyənləşdirmək və təqdim edilmiş hesabatların monitorinqi aparmaq;
3.1.12. dövlət müəssisələrinin fəaliyyətinin beynəlxalq təcrübə nəzərə alınmaqla əlaqələndirilməsi və onların iqtisadi səmərəliliyinin, o cümlədən maliyyə dayanıqlılığının artırılması ilə bağlı tədbirlər görmək;
3.1.13. dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlil nəticələri əsasında qiymətləndirmək;
3.1.14. dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədilə onlardan zəruri məlumatları və hesabatları tələb etmək, bu məlumatları və hesabatları təhlil edərək, dövlət müəssisələrinin idarəetmə orqanlarına müvafiq göstərişlər vermək;
3.1.15. dövlət müəssisələrinin idarəetmə orqanlarının tərkibinin tam formalaşdırılması üçün tədbirlər görmək;
3.1.16. dövlət müəssisələrinin idarəetmə orqanlarının fəaliyyətini təhlil etmək;
3.1.17. dövlət müəssisələrinin maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılması ilə bağlı kompleks tədbirlər görmək;
3.1.18. dövlət müəssisələrində innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı tədbirlər görmək;
3.1.19. dövlət müəssisələrinin rəqabət qabiliyyətinə və ixrac potensialına təsir edən amilləri araşdırmaq;
3.1.20. dövlət müəssisələrinin fəaliyyəti barədə məlumatları özündə əks etdirən vahid elektron informasiya sistemi yaratmaq;
3.1.21. dövlət müəssisələrinin iqtisadi və maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görmək;
3.1.22. AİH-ə, habelə dövlət müəssisələrinə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;
3.1.23. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.24. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.25. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.26. AİH-in strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.27. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.28. AİH-in informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.29. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.30. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, AİH əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.31. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.32. müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.33. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn və AİH-in səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.34. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı islahatlar aparılmasına dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
3.1.35. malların (işlərin və xidmətlərin) satın alınmasını, həmçinin müvafiq sahədə ehtiyacların qarşılanmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq həyata keçirmək;
3.1.36. bu Nizamnamə ilə və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq AİH-in aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti üzrə təkliflər vermək;
3.2.2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.3. əməkdaşlarını dövlət təltiflərinə və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.4. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.5. müqavilə əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.6. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.7. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.8. icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;
3.2.9. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.11. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.12. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.13. bu Nizamnamə ilə və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. AİH-in idarə edilməsi
4.1. AİH öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə prinsiplərini tətbiq edir.
4.2. AİH-in idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
4.3. AİH-in Müşahidə Şurası (bundan sonra – Şura) AİH-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.
4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.6. Şura qərar qəbul etməkdə müstəqildir.
4.7. Şuranın vəzifələri aşağıdakılardır:
4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən AİH-in maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.7.2. AİH-in inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;
4.7.3. AİH-in illik maliyyə hesabatını təsdiq etmək;
4.7.4. AİH-in maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.7.5. AİH-in fəaliyyətinə nəzarət etmək;
4.7.6. AİH-in təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak edilməsinə, həmçinin AİH-in idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq vermək;
4.7.7. İdarə heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.7.8. Şuranın üzvlərinin və İdarə heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.7.9. AİH-in kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.7.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə baxmaq və müvafiq tədbirlər görülməsi ilə bağlı təkliflər vermək;
4.7.11. AİH-də daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.7.12. AİH-in xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AİH-in aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.7.13. AİH-in fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.7.14. AİH-in strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qayda nəzərə alınmaqla, əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək;
4.7.15. bu Nizamnamənin 4.19-cu bəndinə uyğun olaraq İdarə Heyəti üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.7.16. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etmək;
4.7.17. AİH-in fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.7.18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq dövlət müəssisələrinin ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll etmək;
4.7.19. dövlət müəssisələrinin Müşahidə Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq etmək;
4.7.20. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
4.8. Şuranın sədri ildə azı bir dəfə Şuranın iclasını çağırır. Şura iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi olmaqla sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.9. Şura üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.10. Şuranın iclasında İdarə Heyətinin üzvləri iştirak edirlər.
4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir.
4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə göndərir.
4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.15. Şuranın katibi:
4.15.1. Şuranın iclaslarını təşkil edir;
4.15.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şura üzvlərinə, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;
4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.16. Şuranın sədri:
4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.17. Şura üzvləri:
4.17.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.17.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.17.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılma barədə təklif verirlər;
4.17.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.
4.18. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.19. İdarə Heyəti 5 (beş) üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin üzvlərindən biri eyni zamanda AİH-in idarə edilməsinə məsul olan Baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Şura vəzifəyə təyin və vəzifədən azad edir.
4.20. İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. İdarə Heyətinin iclasına münasibətdə bu Nizamnamənin 4.9-cu, 4.11-ci və 4.12-ci bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.
4.21. İdarə Heyətinin sədri və Baş icraçı direktor müvəqqəti olmadıqda, onların səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.22. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.22.1. AİH-in fəaliyyətini təşkil etmək;
4.22.2. Şuranın qərarlarını icra etmək;
4.22.3. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;
4.22.4. aidiyyəti şəxslə dəyəri AİH-in aktivlərinin 5 faizinədək hissəni təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.22.5. AİH-in strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.22.6. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.22.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;
4.22.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.22.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.22.10. Şuranın, İdarə Heyəti sədrinin və Baş icraçı direktorun səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
4.23. İdarə Heyətinin sədri:
4.23.1. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.23.2. Şuranın, İdarə Heyətinin və Baş direktorun səlahiyyətlərinə aid edilməyən digər məsələlər barədə qərar verir.
4.24. İdarə Heyətinin üzvləri:
4.24.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.24.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.24.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.24.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.24.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.25. Baş icraçı direktor:
4.25.1. AİH-in cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.25.2. öz təşəbbüsü ilə, İdarə Heyəti sədrinin, digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.25.3. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.25.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində AİH-in Aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.25.5. AİH işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
4.25.6. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, AİH-in, o cümlədən AİH-in idarə, filial və nümayəndəliklərinin işçilərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi haqqında qərarlar qəbul edir;
4.25.7. AİH-in saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən AİH-ə ayrılan vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
4.25.8. Şura ilə razılaşdırmaqla, AİH-in mərkəzləşdirilmiş fondlarının yaradılması və onlardan istifadə barədə qərarlar qəbul edir;
4.25.9. AİH-in fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır və aidiyyəti üzrə təqdim edir;
4.25.10. AİH-in əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.25.11. AİH-in fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.25.12. AİH-in fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili əmrlər, sərəncamlar və göstərişlər verir;
4.25.13. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində AİH-in adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.25.14. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün tədbirlər görür;
4.25.15. AİH-in fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.25.16. AİH-in vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.25.17. AİH-də kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.25.18. AİH-də vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
4.25.19. Şuranın, İdarə Heyətinin və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.
4.26. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. AİH-in nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. AİH-in nizamnamə fondu 10 000 000 (on milyon) manatdır.
5.2. AİH-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, ilkin mərhələdə fəaliyyətinin təşkili və saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.
5.3. AİH öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. AİH qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra AİH-in, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. AİH-in mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Müşahidə Şurasının qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
5.5. AİH-in məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri (dövlət müəssisələrinin ödəyəcəkləri haqqın məbləği istisna olmaqla) tənzimlənən qiymətlərə aid deyildir.
6. AİH-in fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. AİH-in fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada AİH-in idarəetmə orqanları həyata keçirirlər.
6.2. AİH-in fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. AİH-də uçot və hesabat
7.1. AİH “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. AİH “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. AİH idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. AİH öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. AİH-in ləğvi və yenidən təşkili
AİH-in ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Sərt karantin rejimində növbəti yumşalmaya əsasən SMS icazə ləğv olundu və bununla da avtobuslarda olan sıxlıq daha da artdı. Bu isə özü ilə bərabər müəyyən problemlər gətirdi.
Baku TV-nin əməkdaşı bildirir ki, bu problemlərdən əziyyət çəkənlərdən biri də o olub:
“Bəli, bu gün səhər saatlarında hər gün getdiyim avtobusda böyük bir sıxlıq yaşadım. Təbii ki, mən həmin avtobusa minmək istəmədim, intervalda olan növbəti avtobusun gəlməsini gözlədim. Yenə də eyni vəziyyət və artıq növbəti avtobusu gözləsəm, işə gecikəcəkdim, amma minsəm, pandemiyaya yoluxma riski ilə üz-üzə qalacam. İkinci variantı seçib məcburən görünən vəziyyətlə barışaraq avtobusa mindim və nəticə etibarilə həm ara məsafəsini qoruya bilmədim, həm də 15 dəqiqiə ərzində getdiyim yolu düz yarım saatdan çox vaxta qət etdim və təbii ki, işə də gecikdim”.
Bu problemi hər gün yaşayan yüzlərlə insan var. Pandemiyadan əvvəlki Bakı sanki özünə qayıdıb. Avtobuslarda o qədər sıxlıq var ki, virusun yenidən alovlanması an məsələsidir. İnsanlar arasındakı məsafənin iki metr olması lazımkən, bu məsafə cəmi iki sm təşkil edir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, sərnişin təlabatının artacağı əvvəlcədən planlaşdırılırdı. Bununla əlaqədar, qabaqlayıcı tədbir kimi gündəlik xəttə buraxılan avtobus sayının təlabata uyğun tənzimlənməsinə görə, daşıyıcılara müəyyən tapşırıqlar verilib.
Nə qədər qəribə səslənsə də, bu dəfə sonda ortaya iki sual çıxır. Əgər aidiyyatı qurum vəziyyətlə bağlı tədbirlər görüldüyünü bildirirsə, bəs niyə görünən vəziyyət bunun tam əksini deyir? Axı avtobusların iki dəqiqəlik intervalla çalışması dayanacaqlarda və avtobuslarda yaşanan sərnişin sıxlığının az da olsa aradan götürülməsinə nail olmalı idi.
Digər sual: Avtobuslarda sərnişinlər arasında məsafə saxlamaq qeyri-mümkündürsə, bəs pandemiyanın yayılmasının qarşısı necə alınacaq? Bu sıxlıq yoluxmanın yenidən gündəlik 500-600-ə qalxmasına səbəb ola bilərmi?
Hər halda öhdəliyi olan qurum hər zaman sıxlığın olmayacağını, hər şeyin nəzarətdə olduğunu deyirdi. Nəticə isə göz qabağındadır, köhnə hamam, köhnə tas!
Səfər İsmayılov adlı vətəndaş avtomobili üçün özünün hazırladığı qoşquya sənəd ala bilmir. Avtosfer.az-a müraciət edən vətəndaş bildirib ki, müxtəlif yükləri daşımaq üçün qoşqu hazırlayın. “Normativləri bizdə bilən olmadığından Rusiyanın qanunlarına uyğun yığdım. İşıqlar təkrarlanmalı, 90 dərəcə dönməli, maşına düşən yük 35-75 kq arası olmalı və sair. Hamısı qaydalara uyğundur. Dövlət Yol Polisi İdarəsinə bu qoşquya sənəd verilməsi üçün müraciət etdim. Bildirdilər ki, biz belə şey görməmişik deyə sənəd verə bilmərik. Qanunda yazıldığına görə bizdə "Avtomobilçi"qurumu olmalıdır. Həmin qurum qoşqunu sınaqdan keçirib ban nömrəsi verməlidir. Ama o qurumu da tanıyan olmadı. Bildiyim qədər qanunda açıq aydın yazılıb ki, "fərdi şəkildə hazırlanmış nəqliyyat vasitəsi və qoşqularının qeydiyyata alınması" mövcuddur. Amma bu cür çətinliklə üzləşmişəm.”
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, qoşqu mütləq dövlət qeydiyyatına alınmalı, ona nömrə və qeydiyyat şəhadətnaməsi verilməlidir.”Nazirlər Kabinetinin 39 saylı qərarı və Daxili İşlər Nazirliyinin təsdiq etdiyi təlimat var. Həmin təlimatda fərdi qaydada yığılmış nəqliyyat vasitələrinin qeydiyyatı mümkündür. Qoşqu da nəqliyyat vasitəsidir, yəni qoşqunun da fərdi qaydada yığılması və qeydiyyatı mümkündür. Sadəcə olaraq hansı standartlara uyğun olmasını təqdim etmək lazımdır. Texniki yoxlamadan keçməli, hər şey qaydasındadırsa qeydiyyat şəhadətnaməsi və nömrə verilməlidir. Əgər, imtina olunarsa, onda inzibati məhkəmədə mübahisələndirmək olar.”
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 39 nömrəli 15.03.1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.12.maddəsinin tələblərinə əsasən istehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.
"Bu səbəbdən fotodan da göründüyü kimi bu qoşqu müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən yığılmış nəqliyyat vasitəsi olduğu üçün qeydiyyata alına bilməz."
Baş Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların və postlardan geri qaytarılanların sayını açıqlayıb. Sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 6-7 avqust tarixlərində nəqliyyat vasitələri ilə hərəkətdə olan 221 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə, 112 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 115-i paytaxt istiqamətinə olmaqla 145, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 135-i rayon, 260-ı paytaxt istiqamətinə olmaqla 395, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 105-i rayon, 225-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb, ümumilikdə 870 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, həftəsonu çimərliklərdən istifadəyə heç bir məhdudiyyət qoyulmayıb. Vətəndaşlar əvvəlki günlərdə olduğu kimi qaydalara əməl edərək çimərliklərdən istifadə edə bilərlər.
Qeyd edək ki, cimerlik.az saytında 100-dən çox çimərlik barədə məlumat yerləşdirilib. Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Fondun gəlir və xərcləri artırılır. Sənəddə qeyd edilib ki, 2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib. Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin. Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir. Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib. (modern.az)
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin satışı 10 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Turkustan.info Agentliyə istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa ümumilikdə 502 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bina Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyləri mövcuddur.
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Bina № | Binanın yerləşdiyi torpaq sahəsi (m²) | Binada mərtəbə sayı | Binaya giriş sayı | Mənzillərin otaqlarının sayı | Mənzillərin sayı | Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) | Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) | Baş podratçı / ünvanı | Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi | |
1 | 7076,02 | 7 | 18 | 2 | 21 | 50.6 – 58.5 | 61.48 – 71.26 | “HN Construction” MMC (binanın 2-ci seksiyası) / Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14 | 29 dekabr 2019-cu il | |
3 | 6 | 67.2 | 84.9 – 84.95 | |||||||
2 | 7076,02 | 7 | 18 | 1 | 25 | 37.8 – 39.2 | 47.7 – 49.96 | “NN Group” MMC / Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 41, mənzil 47 | 02 yanvar 2020-ci il | |
2 | 71 | 50.6 – 68 | 61.54 – 83.52 | |||||||
3 | 7076,02 | 7 | 18 | 1 | 40 | 37.9 – 39.2 | 47.7 – 49.96 | “Hünər-İnşaat” Firması (binanın 1-ci, 2-ci və 3-cü seksiyaları) / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63; “Hovers Group” MMC (binanın 4-cü və 5-ci seksiyaları) / Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 73 |
29 dekabr 2019-cu il | |
2 | 184 | 50.6 – 63.1 | 61.48 – 78.56 | |||||||
3 | 18 | 67.2 – 73 | 84.9 – 88.15 | |||||||
4 | 7076,02 | 7 | 18 | 1 | 14 | 38.5 – 38.6 | 47.7 – 48.75 | “K.E.-İnşaat” MMC (binanın 1-ci və 2-ci seksiyaları) / Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 122; “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC (binanın 5-ci seksiyası) / Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 1937-ci məhəllə |
29 mart 2020-ci il; 29 dekabr 2019-cu il | |
2 | 101 | 50.6 – 69.3 | 61.48 – 84.11 | |||||||
3 | 22 | 67.2 – 73.3 | 84.39 – 88.15 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
1 otaqlı mənzillərin qiyməti – 32 130 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 43 010 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi | Müddət | Minimal ilkin ödəniş | Aylıq ödəniş* | ||
1 otaqlı | 2 otaqlı | 3 otaqlı | |||
4% | 3-30 il | 10% | 138-143 manat | 185-253 manat | 245-268 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı | Mənzilin qiyməti
(manat) |
Əlavə endirim məbləği
(manat) |
Əlavə endirimdən sonra mənzilin satış qiyməti
(manat) |
1 | 32 130 | 3 213 | 28 917 |
2 | 43 010 | 4 301 | 38 709 |
3 | 57 120 | 5 712 | 51 408 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir. |
Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.
Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.
(baku.ws)
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi bugünkü mətbuat konfransında deyib.
“Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək. Bununla da COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti, birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq”, – nazir bildirib. (axar.az)
Yumşaldılmaların nəticəsindən və regionlardakı prosesdən asılı olaraq növbəti qərarlar qəbul olunacaq.
Bunu Axar.az-a baş infeksionist Cəlal İsayev Baş nazir Əli Əsədovun Prezident İlham Əliyevlə keçirilən müşavirədə yaxın zamanlarda bir sıra yumşalma proseslərinə hazırlıq görülməsi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, vətəndaşların karantin qaydalarına və tövsiyələrə əməl etməsi önəmlidir:
“Artıq gündəlik statistika göstərir ki, ölkədə virusa yoluxma halları azalır. Əgər bu azalmalar davam edərsə, müəyyən stabillik əldə olunarsa, təbii ki, yumşaldılmalara gedilməlidir. Tövsiyələrə əməl etmək yoluxma sayının aşağı düşməsinə səbəb olacaq. Bundan sonra yumşaldılmalara nail ola biləcəyik. Bu yumşaldılmalar təkcə vətəndaşlar üçün deyil, dövlət üçün də əhəmiyyətlidir. Hesab edirəm ki, ilk növbədə insanların işlə bağlı məhdudiyyətlər yumşaldılacaq, o cümlədən də iri ticarət mərkəzlərinin açılmasına zəmin yaradılacaq”.
C.İsayev qeyd edib ki, müəyyən prosedurlara əməl olunmaqla, digər sahələrdə də yumşalma ola bilər:
“Hesab edirəm, növbəti yumşaldılma qərarlarında kafe və restoranların fəaliyyəti nəzərə alınacaq”.